su filtiri

Su filtrlərindən istifadə etmək nə qədər vacibdir?

Baxış sayı: 1. 498

Son dövrlər su filtri şirkətlərinin açdıqları “bazar” insanları haqlı olaraq narahat edir. Su filtri satan şirkətlərin fəallaşması, qapı-qapı gəzərək öz məhsullarını satmaq üçün min cür fırıldaq işlədənlərin, insanların gözü qarşısında su ilə apardıqları eksperimentlər, suyun tərkibi ilə bağlı şübhə doğurmağa başlayıb. Bu şirkətlərin nümayəndələrinin işi ilk olaraq mənzilə yol tapıb ev sahibini suyun analizi üçün təcrübəyə razı salmaqdan ibarət olur. Daha sonra özləri ilə gətirdikləri qurğular vasitəsilə suyun tərkibi ilə bağlı təcrübə aparırlar. Nəticə etibarı ilə ev sahiblərinin içdiyi suyun yarasız olduğunu, sanki onların gözü qarşısında sübut etmiş olurlar. Təbii ki, su filtri satan şirkət nümayəndələrinin işi bununla da bitmir. Belə ki, bəzi işbazlar əhaliyə verilən içməli suyun tərkibinin insan orqanizminə zərərli olması ilə bağlı şayiələr yayır, vətəndaşlara baha qiymətə su filtrləri təklif edirlər. Biz də məsələnin əslini, yəni həqiqətən bizə verilən suyun tərkibinin sağlamlıq üçün zərərli olub-olmadığını, su filtrlərindən istifadənin nə qədər vacib olduğunu öyrənməyə çalışdıq.

Məsələ ilə bağlı açıqlama verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirir ki, həmin şəxslər insanları aldatmaqla məşğuldur: “Su filtrləri satan şirkətlərin bu sahə üzrə heç bir təhsili olmayan gənc əməkdaşlarının, qapı-qapı gəzərək (əsasən də axşam saatlarında) şəbəkədən verilən suyun keyfiyyətsiz olması barədə insanları aldatmaq cəhdləri hələ də davam edir. İnsanların diqqətinə çatdırırıq ki, suyun elektroliz cihazı və TDS aparatı ilə yoxlanması sadəcə, onları aldatmağa hesablanıb. Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə onun tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və rediksiya prosesi nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli, bu, filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış “ölü” sudur. TDS aparatı ilə yoxlanılan suyun göstəricisi 1000 ppm-ə qədər olduqda, bu su, içməyə yararlı su sayılır. Ancaq filtr satan şirkətlərin əməkdaşları insanların bu sahədə bilgilərinin az olmasından sui-istifadə edib yalan məlumatlar verməklə, onları aldatmağa cəhd edirlər. Kimya və biologiyadan heç bir anlayışı olmayan həmin gənclər TDS aparatı ilə yoxlanılan və 200-300 ppm (qeyd – ümumi mineralların yolverilən qatılıq həddi) təşkil edən suyu çirkli su adlandırır və bununla da insanları aldadırlar”.

A.Cəbrayıllı bildirir ki, əhaliyə verilən içməli suyun tərkibində ümumi mineralların yolverilən qatılıq həddi qüvvədə olan standartlara əsasən 1500-ə qədər olduqda, bu su, içməyə yararlı sayılır: “Bu gün Azərsu ASC-nin insanlara verdiyi suda isə bu göstərici 250-500 arasında dəyişir. Başqa sözlə, bu gün istehlakçılara verilən suda qeydə alınan bu göstəricilər tam normalar çərçivəsindədir”.

Mövzu ilə bağlı araşdırma edəndə “9 Eylül” Universitetinin tibb fakültəsinin akademiki Əhməd Soysalın məsələ ilə bağlı verdiyi açıqlamaya rast gəldik.  O qeyd edir ki, suyun tərkibini təmizləyən su filtrləri nəyin xeyir, nəyin ziyan olduğunu ayıra bilmir: “Hazırda suyu təmizləmək üçün ayrı-ayrı evlərdə su kranlarına filtrlərin quraşdırılması adi hal alıb. Bununla da elə hesab edirik ki, içdiyimiz su təmizdir və sağlamlığımız üçün zərərsizdir. Amma bu filtrlər mikroblarla yanaşı, insan orqanizmi üçün vacib olan mineralları da məhv edir. Su filtri suda insan vücudu üçün həyati funksiyaya sahib olan kalsium, potasium, maqnezium, fosfor, sodium, dəmir, mis və sink kimi mineralları yox edir. Belə suyun insana heç bir xeyri yoxdur”.

Onun sözlərinə görə, bu filtrlər zamanla açılıb təmizlənməli və içindəki kimyəvi elementləri yenilənməlidir. Çox vaxt buna diqqət edilmədiyini deyən həkim bildirir ki, suyu kimyəvi olaraq təmizlədiyi iddia olunan cihaz, bioloji çirklənməyə və mikroorqanizmlərin çoxalmasına səbəb olur. Bu vəziyyət, xüsusilə infeksion xəstəliklərə yol açır. Su təbii olaraq mikrobioloji baxımdan təhlükəli hala düşür. Akademik belə su filtrlərinin sadəcə, ticarət məhsulu olduğunu, satan şəxsləri varlandırmaqdan başqa bir xeyri olmadığını da qeyd edib: “Nizamnaməyə görə, vətəndaşı su ilə təmin edən qurumlar suyu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyənləşdirdiyi standartlara görə təmizləyir. Həmin qurum suyu sadəcə, bu şərtlər altında abonentlərə çatdırmalıdır. Bu səbəblə də, əlavə bir su filtrinə ehtiyac yoxdur. İctimai sağlamlıq mütəxəssisi kimi, belə filtrlərin satılmasını məqsədəuyğun görmürük”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da bizimlə söhbətində bunun problem olduğunu təsdiqlədi. Bildirdi ki, natrium, kalium, xlor, brom, yod və s. elementlər qida rasionunda da olur, içməli suda da. Ona görə də suyun təmizlənməsi zamanı əsas diqqət ona yönəlməlidir ki, su mexaniki hissəciklərdən və istehsalat tullantılarından təmizlənsin. Yəni suyun mineral tərkibinə toxunulmasın: “Məsələ bundan ibarətdir ki, filtrlər texniki standartlara uyğun hazırlanmalıdır. Əgər filtr lazım olan standartlara cavab verirsə, ondan keçən suyu içmək olar. Təəssüflər olsun ki, su filtrlərinin hamısı standartlara uyğun deyil. Hazırda insanlara verilən kran suyu içməli su səviyyəsində deyil. Mütləq şəkildə təmizlənməlidir. Əsas məsələ suyun filtrlənməsi zamanı onun tərkibindəki mineralların saxlanmasıdır. Filtr yalnız sudakı zərərli maddələri, qarışıqları təmizləməlidir. Əvvəllər suyu daşdan süzüb içirdilər, amma indi su filtrlərindən istifadə edilir”.

 

Bəs, görəsən istifadəçilər nə deyir? Onlar evlərindəki su filtrlərindən razıdırlarmı? Sosial şəbəkədə bununla bağlı sorğu keçirdik. Könül adlı istifadəçi artıq 8 ildir ki, su filtrlərindən istifadə etdiyini və razı qaldığını deyir: “Biz 8 ildir ki, eyni firmanın su filtrlərindən istifadə edirik və çox razıyıq. 5-6 aydan bir isə qurğunun filtrini dəyişirik. Əlbəttə, sular arasında fərq hiss ediləcək dərəcədədir. Əvvəllər suyu qaynadanda çaydanın içində ağ qat əmələ gəlirdi. İndi çaydanın içi təmizdir. Suyun dadında da fərqlilik hiss olunur”.

Şahnaz Əhmədova da su filtrlərdən istifadə etdiyini və çox razı olduğunu deyir. Qeyd edir ki, köçdükləri yeni mənzildə də su filtri qoşdurublar və daim istifadə edirlər. İşbazlıq məsələsinə gəlincə isə o deyir ki, bu, firmadan firmaya dəyişir. Su filtrini seçərkən, araşdırıb, işini düzgün görən, texniki standartlara cavab verən filtr şirkətini seçmək lazımdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov şirkətlərin təxminən 60%-inin standartlara uyğun olmayan filtrlərlə əhalini aldatdığını deyir: “3 il bundan öncə Marseldə keçirilən Dünya Su Konqresində iştirakçısı oldum. Həmin konqresdə 25 min insanın gözü qarşısında suyun təmizlənməsi prosesini göstərdilər və bu mövzu ilə bağlı daha geniş məlumatlar əldə etdim. Ölkəmizə qayıtdıqdan sonra isə “Azərsu”yun su təmizləmə qurğularında monitorinq keçirdim. Aydın oldu ki, “Azərsu” suyu normal təmizlənmiş səviyyədə verir. Amma bəzi vətəndaşlar suyun tərkibindən narazıdırlar. Burada problem isə suötürücü qurğulardadır. Belə ki, adı çəkilən qurumun suötürücü qurğuları həddindən artıq köhnədir. Digər bir məsələ isə odur ki, yeni tikilən binaların “Azərsu”ya tabe olmayan su saxlama hovuzları var. Problemlərin əksəriyyəti bu səbəbdən qaynaqlanır. O hovuzlar gərək ildə 1 dəfə də olsa təmizlənsin. Bizə gələn məlumata görə, o hovuzlar təmizlənmir. Nəticə etibarı ilə də bütün problemlər “Azərsu”yun üzərinə yazılır. Su filtrləri satan şirkətlərinə gəlincə isə onlar öz fəaliyyətləri ilə “Azərsu”yun əleyhinə reklam aparırlar.  Qeyd edim ki, su filtrləri satanların apardıqları primitiv təcrübələrin heç bir elmi əsası yoxdur. Onlar sadəcə, insanları aldatmaqla məşğuldurlar. Belə şirkətlərinin təxminən 60%-i standartlara uyğun olmayan filtrlərlə əhalini aldadırlar”.

Su filtrlərinin satışı ilə məşğul olan şirkətlərin də cavabını öyrənmək istədik. Lakin əksər şirkətlərin nə adlarını, nə də telefon nömrələrini tapa bildik. Görünür, əksəriyyətinin fəaliyyəti elə “qapı-qapı gəzməkdən” ibarətdir. Tapdığımız nömrələrə ya zəng çatmadı, ya da mediadan olduğumuzu bilib cavab vermək istəmədilər. (“Kaspi.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir