SINIQCI

“Məcbur olub, uşağın əlini kəsdik” – Sınıqçımı, həkimmi?

Baxış sayı: 1. 105

Azərbaycanda, xüsusən də bölgələrdə əli, qolu çıxan və ya ayağı sınan insanların bir çoxu həkim əvəzinə, sınıqçıya üz tutur. Hətta bəzi onlayn xidmət saytlarında vətəndaşlara xidmət təklif edən sınıqçılara da rast gəlmək mümkündür.

Sınıqçılıq – el arasında yayılmış xalq təbabət üsulları ilə müalicə növüdür. Sınıqçı çıxmış və ya sınmış sümüyü yerinə sala bilən ara həkimidir. İllər əvvəl həkimlərin olmadığı ucqar yerlərdə insanlara məhz sınıqçılar yardım ediblər.

Sınıqçılar sümükləri yerinə oturtduqdan sonra bir qayda olaraq yumurta və xəmirdən istifadə edərək həmin nahiyədə hərəkətsizlik yaradırlar. Bu hərəkətsizlik ondan ötrü lazımdır ki, sınığın yeri rahat sağala bilsin. Hətta kartofdan, xiyardan istifadə edən sınıqçılar da var.

Ara həkimlərinin qəbulunda olmuş bir çox “pasiyent” bu metodun effektivliyindən razılıqla danışır.

Ortoped-travmatoloqlar isə sınıq, çıxıq zamanı həkim əvəzinə sınıqçı yanına getməyi səhv yanaşma hesab edirlər. Sınıqların müasir avadanlıqlarla diaqnozu mümkündür və sınıq olan yer mütləq rentgen olunmalıdır.

Sınıqçılar rentgen etmədikləri üçün istənilən halda sümüyün əyri bitməsi təhlükəsinin olduğunu inkar etmək olmaz.

Ortoped-travmatoloqlar deyirlər ki, elmin, tibbin bu qədər inkişaf etdiyi vaxtda heç bir təhsili olmayan, hətta damarın, nəbzin haradan keçdiyini bilməyən birinin yanına getmək olmaz. Kortəbii şəkildə sınıq və çıxığı yerinə qoymaq onun ətrafında olan əzələlərə, vətərlərə, damarlara zərər vermək deməkdir.

Ortoped-travmatoloqlar yumurta ilə sınığın, çıxığın sağalmasını gözləməyi düzgün hesab etmirlər.

Sınıqların müasir avadanlıqlarla diaqnozunun mümkün olduğu təqdirdə niyə insanlar təhsilsiz birinin yanına gedirlər? Səbəb nədir? Cahillikmi, inamsızlıqmı?

Ortoped-travmatoloq Cəfər Nəsirli sınıqçı yanına gedib, pis vəziyyətə düşdükdən sonra onun yanına gələn insanlarla tez-tez rastlaşdığını bildirib: “Deyirlər, getdik sınıqçının yanına, ayağımı yerinə saldı rahatlaşdım. İstanbulda Cərrahpaşa İnstitutunda təcili yardımda işləyirdim. Yanıma 6-7 yaşlı uşaq gətirdilər. Əli qapqara olmuşdu. Heç yadımdan çıxmır, bəzən yuxularıma da girir. Uşağın əli sınmışdı, onu sınıqçının yanına aparmışdılar. Anası deyir, sınıqçı uşağın əlini sarıyıb. Hətta bunun üçün onlardan pul da almayıb. Biz məcbur olub, uşağın əlini dirsəkdən aşağı kəsdik. Çünki onu o qədər taxta ilə sıxmışdı ki, qidalanma pozulması olmuşdu. Bir neçə gün də belə saxlamışdı və o, xəstəxanaya gələndə qol artıq yararsız halda idi”.

 

Bəs həkimlərin səhvi olmur?

C. Nəsirli həkimlərin də səhvinin olduğunu bildirir və vurğulayır ki, önəmli olan fəsadı aradan qaldırmaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir