mekteb

Ay məktəb çantası, məktəb çantası… – Uşaqları necə xilas edək?

Baxış sayı: 1. 404

Məktəb çantasının ağırlığı ilə bağlı müzakirələr yeni deyil. Uzun illərdir ki, dərsliklərin ağırlığı və məktəb çantasını daşımağın zərərləri barədə mediada fikirlər səslənir.

Bu günlərdə Milli Məclisin üzvü Aydın Mirzəzadə bu məsələni yenidən qaldırdı. O, məktəbli çantalarının ağırlığının uşaqların səhhətinə mənfi təsirinin qarşısını almaq üçün dərslik yükünü rüblər üzrə bölməyi təklif edir.

Deputat deyir ki, 1 rüb ərzində keçiriləcək bütün dərslər toplanıb bir kitabda dərc edilərsə, uşaqların daşıdıqları ağırlıq daha az olar: “Şagird artıq dərsə 5-6 deyil, bir kitab aparacaq. Kitabın içində həmin rübün dərslikləri üzrə material toplanacaq. Bu, şagirdin yükünü 5-6 kq-a qədər azaldar. Təhsil Nazirliyinin keçirdiyi dəyirmi masada belə bir təklif səsləndirmişəm. Yəqin ki, nazirlik bu haqda araşdırma aparacaq, mümkün olub-olmadığına onlar qərar verəcəklər”.

Qeyd edək ki, Milli Məclisin son iclasında bu problemlə bağlı deputat Aqil Abbas da fikir bildirmişdi: “Nəvələrim məktəbə gedir. Çantalarını götürə bilmirəm. Bu işlərə son qoymaq lazımdır. Xahiş edirəm, bu məsələni Təhsil Nazirliyi ilə müzakirə edin”.

Bu problemi yenidən diqqət mərkəzinə gətirmək üçün maraqlı tərəflərin iştirakı ilə kiçik bir araşdırma apardıq.

Xüsusilə ibtidai sinif şagirdlərinin 7-10 kq ağırlığında yükü daşımasının ciddi fəsadlara səbəb olduğu barədə həkimlər də həyəcan təbili çalırlar.

Valideyn, Bakı sakini Fatimə xanım deyir ki, məktəb çantasının ağır olması səbəbindən övladını məktəbə aparmaq üçün maşın tutmağa məcbur olub: “Biz istəyirik ki, məktəb çantaları yüngül olsun, uşaq götürə bilmir. Məcburən maaşımın yarısını verib sürücü tuturam ki, uşağa kömək etsin. Uşaq çətinlik çəkir, mən də işləyirəm, hər gün kömək edib çantanı məktəbə aparmağa vaxtım yoxdur”.

Bu işdə əsl zərərçəkənləri – uşaqların özlərini də dinləmək istədik. Birinci sinif şagirdi Zəhra çantasının ağırlığından şikayət edir: “Çox ağırdır, apara bilmirəm. Belim ağrıyır. Ona görə də anam kömək edir”.

Zəhra deyir ki, məktəbə qədər anası kömək etsə belə, məktəbdə bu yükü özü daşımalı olur: “Məktəbin içində də yuxarı mərtəbəyə qaldırmağa gücüm çatmır”.

Məktəb yaşlı uşaqların bu qədər ağır yükü daşımasının mənfi nəticələri barədə mütəxəssislə də danışdıq.

Həkim, manual terapevt Zaur Əliyev bildirdi ki, ağır çantanın uşaqlarda əmələ gətirdiyi ilkin fəsadlardan biri ombanın yerini dəyişməsidir: “Bunun nəticəsində onurğada həm boğulmalar, həm də əyrilik əmələ gəlir. Bu isə gələcəkdə skolioz xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Uşaqlar özləri bel, qol, baş ağrısından şikayət edirlər. Bunlar hamısı onurğadan çıxan sinirlərin yaratdığı problemlərdir. Uşaqlarda bu cür fəsadlar baş verərsə, ilk növbədə omba yerinə oturdurmalıdır. Omba yerinə düz oturarsa, skoliozun əmələ gəlməsinin qarşısı alınar”. (“Lent.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir