Paytaxtın bazar və marketlərində piştaxtalarda mövsümündən əvvəl gördüyümüz çiyələk, qarpız, yemiş, pomidor, xiyar və s. Kənd təsərrüfatı məhsulları çox cəlbedici görünsələr də, əslində zəhərlənməyə yol açan qidalardır.
Çünki onlar ya istixanalarda yüksək dozalı gübrələrin köməyi ilə yetişdirilir, ya da isti ölkələrdən gətirilərkən xarab olmanın qarşısını almaq üçün xüsusi məhlullarla işlənirlər. Belə qidalarda vitaminlər var, lakin zərəri xeyrindən daha çoxdur. Artıq bazarlarda nübar meyvə və tərəvəzlərin satışına başlanılıb. Alça, çiyələk, gilas, xiyar, pamidor, badımcan, bibər, kartof və digər faraş məhsulları piştaxtalarda görmək mümkündür. Alıcılar artıq alça və çiyələyi nübar etməyə başlayıblar. Bəs bu məhsulları yemək olarmı? Kimlər üçün təhlükə daha böyükdür?
Həkim-pediatr Vaqif Qarayev bildirdi ki, hazırki dövrdə çiyələk , alça və digər bu cür mövsümündən əvvəl müxtəlif maddələrin köməyi ilə yetişdirilən meyvələri yemək məsləhət görülmür: “Satış mərkəzlərində piştaxta düzülən çiyələyə baxın , elə bil hamısı bir dəzgahdan çıxıb. Sanki rəssam çəkib. Bu təkcə bizim problemimiz deyil, dünyanın hər yerində bu problemdən əziyyət çəkirlər. Ancaq birmənalı olaraq bir həkim kimi deyirəm ki, bu məhsulları yemək olmaz, xüsusən uşaqlara zərərlidir. Biz bu məhsullardan zəhərlənənləri hər gün görürük. Bu məhsullar yetişməyib, onları süni şəkildə qızardırlar. Bunun üçün hansısa maddə səpirlər. Çiyələyi nə qədər yusan da xeyri yoxdur, həmin maddələr onun tərkibində qalır. Həmçinin tam yetişmədiyinə görə, mədə-bağırsaq sistemində fəsadlara yol açır. Tərkibində normalda mövcud olan vitamin və minerallar olmur. Buna görə də maddələr mübadiləsini pozur. O baxımdan indiki dövrdə faraş meyvələrin yeyiləsi məsləhət görülmür”.
V.Qarayevin sözlərinə görə, bu mənada sosial şəbəkələr də çox ciddi rol oynayır: “Kim alça və ya çiyələk yeyirsə, tez çəkib paylaşır, digərləri də onu görüb almaq istəyir. Sonra da həkimə gələnləri sayı artır. Təbii ki, bizim “paylaşmayın” demək haqqımız yoxdur. Ancaq bu həm etik baxımdan düzgün deyil, bunu ala bilməyənlər də var ki, yaxşı təsir etmir. Tibbi baxımdan isə həm allergik problemlər yaradır, həm də mədə-bağırsaq pozğunluqlarına gətirib çıxarır. Avropada da insanlar marketlərdə təbii yetişən heç nə görmürlər, hamısı GMO-dur, artıq buna öyrəniblər. Ancaq Azərbaycanın elə bir təbiəti və iqlimi var ki, torpağa nə artırsansa bitir, bu cür məhsullara nə ehtiyac var. Nəyə görə biz il boyu istixanalarda yetişən pomidor və xiyarı yeməliyik? Əvvəllər Bakıda təbii yetişən pomidor-xiyar o qədər bol olurdu ki, küçələrə tökülürdü. İndi həmin bolluq haradadır? Meyvə tərəvəzin tez yetişməsi üçün xüsusi maddələr var ki, bunların insan orqanizminə ziyanlı təsiri var. Uşaqlara qətiyyən məsləhət görmürəm”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bəzi tərəvəz məhsullarında nitritin normadan 2 dəfə artıq olduğunu bildirdi: “Azad İstehlakçılar Birliyində olan xüsusi cihaz vasitəsilə mən yaxın günlərdə faraş pomidoru, , soğanı, kartofu analiz etdim. Məlum oldu ki, onların tərkibində olan zərərli maddələrin, nitritlərin miqdarı normadan 2 dəfədən artıqdır. Fermerlər onun tez yetişməsi üçün çoxlu gübrə verirlər. Onlar da zərərli maddələrdir, normanı aşdıqda insanları zəhərləyə bilər və ya tədricən zəhərləyə bilər. Bu cür meyvə və tərəvəzlərin istehsalında ziyanvericilərə qarşı mübarizə vasitələrindən, xüsusi dərmanlardan da istifadə olunur ki, bu da məhsulun tərkibində qalır. Lakin onu yoxlamaq üçün bizdə cihaz yoxdur. Laboratoriya şəraitində onu yoxlamaq olar. Üstəlik Azərbaycandan xaricə çıxarılan pomidorların geri qaytarılması faktları da var. Həmin məhsulların sonrakı taleyi məlum olmur. Bütün bunların son ünvanı Azərbaycan istehlakçılarıdır”.
Nərgiz LİFTİYEVA