İş yerlərində olduğu kimi, şəxsi həyatımızda da elə insanlar var ki, onlarla ya ünsiyyət qura bilmirik, ya da qurmaq istəmirik. Qura bilməməyin əsas səbəblərindən biri də, qarşımızdakı insanı tanımamaqla bağlıdır. Bəzən tanımır, tanısaq belə, ortaq mövzu tapa bilmirik. Ya dəyərlərimiz fərqlidir, ya da prinsiplərimiz… Nəticədə heç bir anlamda ortaqlıq yoxdur. Bəzən aqressiv baxışları ilə də rastlaşırıq. Bəs bunun həll yolu nədir? Kollektivə uyğunlaşmayan, çətin xarakterli insanlarla necə davranmalıyıq?
Psixoloq Rəvan Soltan deyir ki, ünsiyyət qura bilməmək yalnız susqunluqla deyil, hətta münaqişə ilə də bitə bilir: “Həyatımızın hər iki hissəsində (şəxsi və peşəkar) bununla üzləşirik. Bir məsələ ilə bağlı müzakirə edirik və nəticədə anlayırıq ki, sözügedən mövzu ilə bağlı yanaşmalarımız fərqlidir. Bunun üçün ya həqiqətlərimizi ortaya qoyub ortaq bir həqiqət yaradacağıq ki, nəticədə hər ikimizə uyacaq və buna “kompromis” deyəcəyik. Ya da hərəmiz mövzuya dair öz həqiqətlərimizi müdafiə edəcəyik ki, bu da “konflikt” adlanır. Yəni istənilən halda, əgər sən bir insanla ünsiyyətdə cari mövzu ilə əlaqəli ortaq anlama gələ bilmirsənsə, konfliktdən uzaq olmaq üçün o mühitdən özünü sığortalasan yaxşıdır”.
Psixoloqun sözlərinə görə, hər bir insanla onun dilində danışmağı bacarmaq lazımdır: “Biz bilirik ki, insanlarla ünsiyyət qurmaq üçün öncə, onu vizual da olsa tanımaq lazımdır. Çünki bir şəxslə keyfiyyətli ünsiyyətdə olmaq üçün mütləq şəkildə həmin insanın dilində danışmağı bacarmaq lazımdır. İnsanlar digər fərdlərlə şəxsi, öz istədikləri kimi danışsalar, onları özlərindən başqa kimsə anlamayacaq. Bu mövzuda daha bir vacib nüansı da nəzərə almaq lazımdır ki, qarşı tərəfin istədiyi dildə deyil, onun anlayacağı dildə danışmağı bacarmaq lazımdır. Çox insan bunları səhv salır. Ünsiyyətin daha bir önəmli cəhəti vardır. Ünsiyyət, həm də, manipulyasiya mövzusunda istifadə oluna biləcək bir silah növüdür. Bir insan digər insanla nə qədər uzun ünsiyyətdə olursa, bir o qədər həmin şəxsə emosional bağlanmış olur, nə qədər çox ünsiyyətdə olursa, bir o qədər özü haqqında məlumat vermiş olur. Nəticədə, şəxs qarşısındakı haqqında həm məlumatlı olur, həm də özünə qarşı emosional bağlamış olur. Emosional bağlı olduğumuz predmetlərə isə biz “dəyərlər” deyirik, yəni itirsək, stressə düşürük, itirməkdən qorxuruq. Yekunda, insan istifadə və sui-istifadə olunmaq üçün artıq hazır duruma düşür. Bu səbəbdən baxmaq lazımdır ki, kimlə ünsiyyət qururuq. Bir insanı özünə uyğunlaşdırmaq istəsən, gərək ona, bunun üçün bir səbəb verəsən. Səbəb isə güvən ola bilər. Bir insanda güvən yaratmaq üçün ilk olaraq inam yaratmalısan ki, sonra da güvən yarada biləsən. Yəni bir insan sənə inanmırsa, bəs, necə güvənə bilər!?”
Aygün ƏZİZ