is

Açıq havada işləyənlərin hansı əmək hüquqları pozulur?

Baxış sayı: 981

Artıq yay fəsli özünün  qızmar üzünü göstərməkdədir. Bakıda günorta saatlarında havanın temperature 38 dərəcəyə yaxınlaşır. İyul və avqust aylarında temperaturun daha kəskin dəyişəcəyi istisna deyil. Təqvimlə artıq Azərbaycanda yay fəsli rəsmi olaraq daxil olub. 2019-cu ilin yay fəslinin hava proqnozu ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki,  iyul-avqust ayları yay aylarının ən isti ayları kimi xarakterizə olunur: “İlkin məlumatlara görə, iyul, avqust aylarında havanın temperaturu iqlim normasına yaxın olacaq. Bəzi günlərdə bir qədər isti olacağı gözlənilir. Yağıntılara gəldikdə isə o da iqlim normasına yaxın olacaq, bəzi yerlərdə isə yağıntıların iqlim normasından az olacağı proqnozlaşdırılır”.

Bəs, havanın temperaturu kəskin yüksələrsə, o zaman təhlükəli yerlərdə çalışanlar, açıq havada qızmar günəş altında işləyənlərlə bağlı qərar necə olacaq?

Qeyd edək ki, yay aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütəmadi olaraq havanın temperaturuna uyğun olaraq çağırışlar edir və münasib vaxtlarda işin dayandırılması ilə bağlı tapşırıq verir.

Qeyd edək ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu 41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədi ilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Hər il belə hava xəbərdarlığı edilən zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək, onları Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına çağırır.

Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov məsələ ilə bağlı açıqlama verərək bildirdi ki, işəgötürən hava şəraitinin işçinin səhhətinə mənfi təsir etdiyini görürsə, tədbir görməlidir: “Əmək Məcəlləsində bu aydın şəkildə göstərilib ki, həm isti, həm soyuq, həm də küləkli  havada iş rejimi və iş şəraiti ilə bağlı Əmək Məcəlləsində xüsusi qaydalar nəzərdə tutulub. Məcəlləyə görə, temperatur 41 dərəcənin üzərində olduqda iş yerində temperaturu süni surətdə tənzimləmək mümkün deyilsə, ya iş dayandırılmalıdır, ya da əlavə tədbirlər görülməlidir. Elə yerlər var ki, iş açıq havadadır və işi saxlamaq mümkün deyil. Belə olan halda əlavə tədbirlər görülməlidir.

Məsələn, yaxınlıqda kölgələcək yerlər qurulmalıdır, sərinləşdirici  içkilər, ayran verilməlidir. Həsir şlyapalar verilməlidir və sair bu kimi tədbirlər görülməlidir. O yerdə ki, işi dayandırmaq mümkündür, orada iş dayanmalıdır. Norma 41 dərəcə qoyulub, ancaq işəgötürən isti havanın işçinin səhhətinə mənfi təsir etdiyini gördüyü anda tədbir görməlidir”.

Ekspertin sözlərinə görə, bizdə problem odur ki, işəgötürən işçiyə bir sosial portnyor olaraq baxmır, bəzi yerlərdə qul kimi baxır: “Yol tikintisi aparılan yerlər var ki, nəinki iş dayandırılmır, hətta işçilərə sərin su, həsir şlyapa belə verilməyib. İşəgötürənlər xəbərdarlıq gözləməməlidirlər, özləri bu işdə həssas olmalıdırlar. İşi saxlamasalar belə, fasilələli rejim qurmalıdırlar, işçilər növbə ilə kölgəyə çəkilib sərin içkilər, ayran içib dincəlməli sonra digərlərini əvəz etməlidirlər. Ola bilər ki, işçi həmin gün günvurma olmasın, ancaq uzunmüddətli dövr üçün səhhətinə mənfi təsir göstərə bilər. İşçinin özü də hiss etmədən günəş şüalarının mənfi təsirinə məruz qala bilər. O baxımdan işəgötürənlər istənilən halda tədbir görməlidirlər”.

Aidiyyatı qurumların yoxlama aparmasının bu məsələdə effekt verməyəcəyini deyən S.Məmmədov bildirdi ki, yoxlamaların aparılması bu məsələdə həll yolu deyil: “Dövlət əmək müfəttişliyinin yoxlamaları dayandırılıb. Ancaq belə olmasa da, onların cəmi 250 nəfər işçisi var. Onlar bütün respublikanı əhatə edə və hər yerdə post qura bilməzlər. Bəzən onların sözünə qulaq asan da olmur. Ən böyük nəzarətçi işəgötürənin vicdanı olmalıdır”.

 

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir