əmizdirmə

Əmizdirmə problemləri: laktostaz

Baxış sayı: 1. 803

Qadın döşündə 15-25 sayda olmaqla paylar vardır ki, onların da hər biri öz axarı vasitəsi ilə döş giləsinə açılır. Bu axarlardan hər hansı biri sıxılmış olarsa, həmin yerdə “süd tıxacı” yaranır ki, bu da həmin paydan südün kifayət qədər xaric olmasını çətinləşdirir. Bu hissə şişkinləşir, ağrımağa başlayır. Zədələnmiş döşü sağarkən, döş giləsinin bəzi yerində südün ya az gəldiyi, ya da gəlmədiyini görmək olur.

 

Anada laktostaz, uşağın əmizdirilməsinin istənilən dövründə – uşaq 1 aylıq, 5 aylıq və hətta 1 yaşında olarkən də yarana bilər. Laktostazın əsas səbəbi – döşün və ya onun hər hansı bir hissəsinin pis boşalmasıdır. Əgər qadın, laktostaz ilə mübarizədə tələb olunan tədbirləri yerinə yetirməzsə, onun döşündə mastit (döşün iltihabı) inkişaf edə bilər.

Laktostaz zamanı yardım

Laktostaz zamanı – əksər hallarda, döşü uşağa düzgün vermək və onu daha tez-tez əmizdirmək lazımdır (təxminən hər saatda 1 dəfə olmaqla). Tutulmuş kanalı açmaq üçün körpənin çənəsinin həmin kanal istiqamətinə yönəlmiş halda əmizdirmək məsləhətdir. Bu halda tutulmuş kanal daha tez boşalır. Deyilənlərə əməl olunarsa, əksər hallarda növbəti gün laktostazın bütün əlamətləri keçib gedir.

Bir qədər ağır hallarda, uşağı tez-tez əmizdirməklə yanaşı, əlavə olaraq döşün sağılması da aparılır. Sağılmaların sayı vəziyyətin mürəkkəbliyindən asılı olaraq gün ərzində 1-3 dəfə aparıla bilər. Döşləri isti duşda su altında sağmaq daha asan və məhsuldar hesab olunur. Duşdan istifadə etmək mümkün olmadıqda döşlərə isti kompresləri qoymaq və daha sonra sağmaq məsləhətdir.

Döşü “son damlasına qədər” sağdıqdan sonra zədələnmiş döşü əmmək üçün uşağa vermək lazımdır. Bu zaman uşaq döşdə olan süd qalıqlarını, döş payının axarını tutan “süd tıxacını” da (əllə sağmaqla onu xaric etmək çox çətin olur) əmməklə xaric edə bilər.

Bəzi hallarda döşün bircə dəfə, belə – tam şəkildə boşaldılması, daha sonra isə, zədələnmiş döşü ilə uşağın tez-tez əmizdirilməsi laktostazın asanlıqla keçib getməsi üçün kifayət edir.

Daha ağır hallarda, döşün zədələnmiş payında olan ağrı hissiyyatı və şişkinlik kimi əlamətlər, hətta döşün tam sağılmasından sonra da keçib getmir. Bütün bunlar aparılan müalicənin nəticəsində tədricən – təxminən müalicənin 3-cü günü keçib gedir ki, bu zaman döşün sağılmasından da tədricən imtina etmək olar.

Hər əmizdirmədən sonra döşün sağılması da lazım deyil, çünki bu yolla, ananın döşü, uşağının nə qədər südə ehtiyacı olması barədə düzgün olmayan “məlumat alır”. Bu halda hər dəfə daha artıq miqdarda süd xaric olmağa başlayacaq. Uşağın isə, əlbəttə ki, bu qədər südə ehtiyacı olmur. Bu zaman ana ya hər dəfə öz döşlərini sağmalıdır, və ya anada laktostazın biri qurtaran kimi, digəri başlayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir