YALTAQLIQ

Yaltaqlıq xüsusiyyəti nədən qaynaqlanır? – PSIXOLOQ YANAŞMASI

Baxış sayı: 1. 102

Bu gün istər hansısa dövlət sektorunda, istərsə də özəl iş sahələrində, sosial şəbəkələrdə kimlərinsə kimlərəsə yaltaqlıq etdiyi müşahidə olunur. Yaltaqlıq adlanan xüsusiyyət kənardan xoşagəlməz mənzərə yaradır. Son vaxtlar bu əlamətin xüsusilə gənclər arasında vüsət alması isə lap üzücü haldır.

Özündən daha üstün hesab etdiyi və ya məqsədlərinə çatmaq üçün müəyyən şəxslərə yaltaqlanan şəxslər sosial şəbəkələrdə tez-tez qınaq obyekti olsalar da, onlar bu şakərdən əl çəkmirlər.

Yaltaqlığın ölkəmizdə qadağan olunması haqda hələ iki il bundan əvvəl Milli Məclisdə təklif belə irəli sürülüb. “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev Özbəkistanda yaltaqlığın qadağa olunduğunu əsas gətirərək, bu qanunun ölkəmizdə də tətbiq edilməsini təklif etmişdi. Təklif nəticəsiz qalsa da, cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Zamanla öz “aktuallığını” itirməyən yaltaqlıq xüsusiyyəti nədən qaynaqlanır? Mənəvi cəhətdən özünü alçaltmaq kimi qiymətləndirilən yaltaqlıq kişilərdə ya qadınlarda daha çox müşahidə olunur?

Bu barədə danışan psixoloq Gülər Məmmədova deyir ki, yaltaqlıq zaman keçdikcə, insanın xarakterindən qaynaqlanan bir əlamətdir. Bunu bir neçə aspektdən yanaşmaq olar. Məsələn, qarşı tərəfin sevgisini qazanmaq üçün,özündən rütbə cəhətdən yüksək olan insanı əzərək daha yuxarı  qalxmaq üçün və s. Yaltaqlıq ailədən də gələ bilər. Valideyn övladına tərbiyə verə bilər ki, özündən üstünlərə baş əy, xarakterindən aslı olmayaraq onunla razılaş. Belə olan halda insanın mənlik konsepsiyası itir, istədiyi səviyyəyə çatmaq üçün hər yola əl ata bilir. Bəiz insanlar istədiyinə nail ola bilmədikdə yaltaqlığa əl atır, bu yolla irəliləmək istəyir. Burada da şəxsin özünə inamının aşağı olması, hazırkı statusu, vəzifəni itirməmək məqsədilə keçirdiyi narahatlıq hissi əsas rol oynayır. Bu cür insanlar cəmiyyətdə də yaxşı qarşılanmır, qınaq obyektinə çevrilir. Lakin bəzi hallarda  cəmiyyət yaltaqlığı başqa xüsusiyyətlərlə qarışıq salır.  Məsələn, elə tip insanlar var ki, baş verən hadisələrə çox mülayim yanaşır, mühakimə yürütmürlər. Belə olan halda bəzi insanlar onları yaltaq kimi qiymətləndirirlər.

Psixoloq bildirir ki, əslində hər birimiz müəyyən məqsədlərə çatmaq üçün özümüz olmaqdan kənara çıxırıq:

“Bəzən istəklərimizə çatmaq üçün özümüz olmaqdan imtina etsək də, mənliyimizi alçatmamalı, ləyaqətimizə xələl gətirməməliyik.

Yaltaqlığın daha çox qadın və ya kişilərdə müşahidə edildiyini demək doğru olmazdı. Çünki bu, insana məxsus xüsusiyyətdir və hər iki cinsdə eyni dərəcədə müşahidə oluna bilər. Bu xüsusiyyəti daha çox yaş qrupu ilə əlaqədar bölmək düzgün olardı. Məsələn, kiçik yaşlı uşaqlarda bu, tez-tez müşahidə olunur. İstədiyi oyuncağı almaq məqsədilə uşaq valideynlərinə qarşı u üsuldan istifadə edir. Qadın qrupunda da yaltaqlıq özünü göstərir. Belə ki, qrupdan bir qadının digərlərinə nisbətdə daha imkanlı, şöhrətli olması digər qadınların da onu lider olaraq görməsinə, ona doğru getməsinə səbəb olur.

Gülər Məmmədovanın sözlərinə görə, qadınlar şirindilli olduqları üçün onlarda yaltaqlıq daha effektiv görünür:

“Qadınlar kişilərə nisbətdə daha çox xoş sözlərdən istifadə etdiyi üçün yaltaqlığın onlarda daha uğurlu alındığını düşünənlər var. Lakin bu istər kişi, istərsə də qadında bacarıqdan irəli gələn bir xüsusiyyətdir. Belə ki, manipulyasiya vasitəsilə açıq şəkildə yox, gizli olaraq müəyyən addımlarla qarşı tərəfdən öz istədiklərini ala bilirlər. Təəssüflər olsun ki, yaltaqlıq bəzi insanlara zövq verir. Belə ki, qarşı tərəfin ona mülayim davranması, öyməsi həmin şəxslərdə müsbət aura yaradır. Elə insanlar da var ki onlara qarşı yaltaqlıq olunduğunu bilir, lakin biruzə vermir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir