menzil

Evpulunu “kupça”dakı sahəyə görə ödəyin – ÇAĞIRIŞ

Baxış sayı: 1. 087

Bakıda inşa edilmiş yeni çoxmərtəbəli yaşayış binalarının əksəriyyətində mənzillər dövlət qeydiyyatına götürülməyib. Bu səbəbdən də vətəndaşlar böyük vəsait hesabına aldıqları evin mülkiyyət hüququnu əldə edə bilmirlər. Yeni tikilmiş çoxmərtəbəli binalardakı mənzillərin dövlət qeydiyyatına alınması yalnız həmin binaların istismara qəbulundan sonra mümkündür. İstismara qəbul edilən evlərin problemi isə bitib-tükənmək bilmir. Bu günlərdə saytımıza daxil olan şikayətlər də bunu deməyə əsas verir. Şikayətlərin əksəriyyətinin motivi eynidir: “Evpulu “kupça”da göstərilən sahədəkindən daha çox tələb edilir”. Bəs səbəb nədir?

Bu suala cavab tapmaq üçün ekspertə müraciət edib.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev deyir ki, problem alqı-satqı zamanı diqqət edilməyən məqamdan qaynaqlanır:

“İlkin bazarda mənzil satışa çıxarılan zaman brutto sahə, yəni çöl divarları da nəzərə alınmaqla təklif edilir. Nəticədə tikinti şirkətində bir, dövlət qeydiyyatında başqa bir sahə göstərilir. Proses ümumilikdə məhkəmə çəkişmələrinədək gedib çıxır. Bu məqamda alıcı mütləq diqqətli olmalıdır. Maraqlanmalıdır ki, ona təklif edilən evin sahəsi brutto, yoxsa netto sahə üzrə göstərilib. Buna diqqət edilərsə, sonrakı mərhələlərdə də problem yaşamaz”.

R.Əliyev təəssüflə qeyd edir ki, mənzil satışı ilə bağlı heç bir standart olmadığı üçün alıcı ilə satıcı arasında problemlər yaşanır:

“Problem davam edir və məişət səviyyəsinədək gedib çıxır. Satılan mənzil məsələn, vətəndaşa 100 kvadratmetr adı ilə rəsmiləşdirilibsə, şirkətin xidmətinə də həmin sahə ilə götürülür. Bu problem əslində mənzil satışından başlanan prosesin davamı kimi qiymətləndirilməlidir.

Nəzərə alsaq ki, xidməti tikinti şirkətləri göstərir. Onlar da müqaviləni hansı sahə üzrə rəsmiləşdirirlərsə, sənədlərdə də həmin sahə qeyd edilir. Məntiqlə bu, təbii ki, düzgün deyil. Çünki zatən mənzilin çölünə hansısa xidmət göstərilmir. Vətəndaş da balkonuna görə niyə xidməthaqqı verməlidir? Qaydalara görə, tikinti şirkətləri istismara verdikdən sonra binanı tərk etməlidirlər. Bundan sonra netto, yəni xalis sahə nədirsə, o hesablanmalıdır”.

Ekspertin sözlərinə görə, bu cür problemlə qarşılaşan vətəndaşın etiraz etmək hüququ var:

“Birincisi, maraqlıdır, evpulu yığanlara həmin sahə barədə məlumat haradan ötürülür? Əlbəttə ki, tikinti şirkəti tərəfindən. Hansı ki, ev alqı-satqısı həyata keçirilib. İkincisi, vətəndaş özü soruşmalı idi ki, evi netto, yoxsa brutto sahə ilə satırlar. Əgər soruşmayıbsa, bu, onun günahıdır. Çünki yenə də deyirəm ki, mənzil alqı-satqısı ilə bağlı vahid standartlar yoxdur.

Vətəndaş bunlara diqqət etməyib və problemlə qarşılaşıbsa, şikayət etmək hüququ var. Vətəndaş məntiqlə etiraz edə bilər ki, əgər divarın çölü üçün hansısa xidmət göstərilmirsə, ona görə nəyə görə, komunal xidməthaqqı ödəməlidir?

Əslində diqqətli alıcı bunu əvvəlcədən bilməlidir. Vətəndaş deyirsə ki, tikinti şirkəti onu aldadıb və mənzilin sahəsilə bağlı netto əvəzinə bruttonu göstərib, şikayət edə bilər. Əgər bu binanın saxlanması üçün məsələn, 100 manat vəsait lazımdırsa, həmin məbləğ istənilən şəkildə yığılmalıdır. Tutaq ki, bütün bina üzrə brutto sahə 200 kvadratmetrdir və hər kvadrat üçün 1 manatdan yığırlar, nettoda 190 kvadrat göstərilibsə, artıq hər kvadrat üçün 1 manat 90 qəpikdən toplanacaq. Bütün hesablamalar xalis hesablamalar üzrə aparılsa belə, nəticə etibarilə həmin xidməthaqları artırılaraq vətəndaşdan alınacaq. Faktiki sahəyə keçid xidməthaqlarının artırılması ilə nəticələnəcək. İstənilən halda, vətəndaş itirəcək. Bu, bütün dövlətlərdə belədir ki, qarşıya çıxan neqativlərin ağırlığını vətəndaş çəkir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir