Hebsxana -qadin

Bu məhbuslar mütləq ailəli olmalıdır – Dünyanın ən qəribə həbsxanası

Baxış sayı: 1. 100

Bu həbsxananın nə kameraları var, nə də dəmir barmaqlıqları var. Açıq havada yerləşən “zon”un küçələrində balaca uşaqlar qaçışırlar. Axı, burdakı məhbuslar öz ailələri ilə qalırlar. Yaxınlıqdakı şəhərə icazəsiz gedib-gəlirlər. Amma bir şərtlə ki, bu gəzinti gündüz saatlarında olsun.

Cəzasını çəkib qurtarmış məhbuslar buranı tərk etmək istəmir, hətta ağlayırlar. Axı burda yaşamağa öyrəşmişiblər. Söhbət Hindistandakı Sanqaner həbsxanasından gedir.

 

Filmdən ruhlanaraq

Qeyri-adi həbsxana Sanqaner kəndində yerləşir. Yuxarıda qeyd etdiyimiz kimi, burada kameralar yoxdur. Məhbuslar öz ailələri ilə qamış, taxta evlərdə yaşayırlar. Bu evləri ya özləri tikir, ya da cəzası başa çatmış məhbuslardan pulla alırlar. Düşərgədə yeməkxana da yoxdur. Hərə öz yeməyini öz evində bişirir.

Həbsxananın ərazisindən 10 km radiusda kənara çıxmağa məhbuslar üçün qadağa yoxdur. Ancaq bunu səhər 7-dən axşan 6-dək edə bilərlər. Məhbusların qohumlarına isə ümumiyyətlə qadağa yoxdur. Nə vaxt istəsələr düşərgəyə gəlir, nə vaxt istəsələr gedirlər.

Asiyanın açıq tipli bu həbsxanasının əsası 1958-ci ildə qoyulub. Ərazisi 40 min kv.metr olan həbsxanada əsasən ehtiyatsızlıqdan qətl törədən şəxslər cəza şəkir.

Həbsxananın yaranma tarixi də maraqlıdır. 1958-ci ildə ekranlara “Bollivud” istehsalı olan “2 göz və 12 ayaq “ filmi çıxdı. Komediya janrında olan filmdə həbsxana nəzarətçisi məhbusları xeyirxaq işlərlə zorakılığı unutdurmağa, islah etməyə çalışır, onlarla birgə ferma açır. Əvvəl hər şey alınmasa da film yaxşı sonluqla bitir.

Bu film çox adamı ruhlandırır. O cümlədən Racəhastan ştatının qubernatorunu. O, ştatın ərazisində belə bir penitensiar düşərgənin yaradılmasına qərar verir.

1996-cı ilədək düşərgənin ərazisində cəmi 3 ev və bostan işləri ilə məşğul olan 35 məhbus var idi. Eksprement uğursuz hesab edilirdi.

Lakin həmin il həbxanada yeni zabit peyda oldu – Arun Duqar. Həbsxana şefinin müavini təyin olunan bu gənc yenilik etmək qərarına gəldi. O, Mahatma Qandi ideyalarından yararlandı. Yəni, insanı əməklə islah etmək, məhbuslara daha çox azadlıq vermək, fermer təsərrüfatlarını inkişaf etdirmək və sair. Gənc məmurun müxtəlif instansiyalara ayaq döyməsi nəticə verdi, dediklərinə razı oldular. Layihə alınsa, bu işlər hökumətə də sərf edirdi. Çünki, məhbuslar özlərini dolandıracaqdılar və dövlət büdcəsindən onlara bir rupi belə xərclənməyəcəkdi.

Gözləntilər özünü doğrultdu. Hazırda Hindistanda 61 belə həbsxana var. Ancaq məhbuslara ən çox azadlıq elə Sanqanerdə verilib.

 

Daxili nizamnamə

Düşərgə məhbusları hər gün səhər 6-da və axşam 7-də sıraya düzülürlər. Hər bir məhbusun adı çəkilir. Məhbus düzülüşə gəlməyə bilər, ancaq bu haqda nəzarətçiləri xəbərdar etməlidir. Əks halda, məhbuslar qaçmış sayılırlar.

Nəzarətçilər məhbusları saymaqla yanaşı, onları evinin ətrafında zibillik, natəmizlik və diğər bu kimi şeylərə görə tənbeh edə.bilər. Düşərgədə 450 məhbus var. Hər birini ailəsi, evi, evin də yanında zibil qabı var. Məhbuslar təmizliyə ciddi riayət etməlidirlər.

Məhbus evləri azadlıqdakı kasıbların evlərindən az fərqlənir.

Adətən evin qonaq otağı, televizoru, mətbəxi, balaca anbarı olur. Anbarda bəzisi inək, bəzisi moped saxlayır. Bəzi varlı məhbusların avtomobili olur. Mobil telefon isə hamıda var.

Elektrik enerjisi, su və sair xərclərlə bağlı məsələləri məhbusların seçdiyi ağsaqqallar həll edir. Pulları yığıb onlara verirlər, onlar isə müvafiq təşkilatlarla müqavilə imzalayırlar.

Həbsxanada pulsuz ibtidai məktəb və parça fabriki var. Ən kasıb məhbus belə ayda 1500 rupi qazana bilir.

Çoxları isə boğazından kəsib azadlıqdakı həyatları üçün pul yığır.

 

Azadlıqdakı həyatdan daha təhlükəsiz

Sanqanerə düşmək elə də asan deyil. Bura məhkəmə zalından birbaşa gətirmirlər. Məhbus cəzasının adətən 3/2 hissəsini adi həbsxanada çəkir. Nümunəvi davranışı ilə seçilən məhbuslar bura gətirilə bilər.

Narkotik alverçiləri, zorakılıq üstündə tutulanlar, psixopatlar, mafiozlar Sanqanerə göndərilmir.

1996-cı ildən bəri həbsxanadan cəmi 3 məhbus qaçıb. Onlardan birini sərxoş tapıblar, biri özü qayıdıb. Biri isə ümumiyyətlə tapılmayıb.

Özünü pis aparan məhbuslar yenidən adi həbsxanaya qaytarılır. Şərtə görə, bura gətirilən məhbuslar mütləq ailəli olmalıdır.

Məhbusların uşaqları və qadınları özlərini narahat hiss etməməsi üçün Sanqanerdəki nəzarətçilər formasız və adi geyimdə gəzirlər. Nəzarətçilər məhbuslarla açıq ünsiyyətə girir, bir yerdə çay içir, söhbətləşirlər.

Məhbuslar etiraf edirlər ki, buradakı həyat azadlıqdakı həyatdan daha təhlükəsiz və qayğısızdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir