qadin

Gənc gəlinlər evdən niyə qaçır? – SƏBƏBLƏRİ SADALANIR

Baxış sayı: 1. 105

“Elə bir qadın yoxdur ki, rahat, isti, sevgi dolu ocağını qoyub qaçsın”. Bu sözləri Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib. O bildirib ki, ailə quran hər bir qadın xəyalında qurduğu rəngarəng həyat tablosu, məhəbbət dolu münasibət, ona veriləcək dəyərlər alt-üst olanda, çarəsiz qalanda, dərdini deyəcək olmayanda, hədə-qorxulardan, öldürülməkdən qorxanda bu qərarı verə bilər:

“Bəzən televiziyalarda, sosial şəbəkələrdə, seriallarda gördüyü xanımların həyatlarına qibtə hissi, onlar kimi azad, təminatlı yaşamaq həvəsi bu addımı atmağa vadar edir. Bundan başqa, erkən nikaha cəlb edilən, sevginin nə olduğunu bilməyən, lakin illər sonra kimdənsə xoş rəftar görən, bunu sevgi hissi ilə qarışıq salan, onun bədbəxtliyinə bais olan insanlara nifrət hissi, həmçinin məşəqqətli həyat sürən, qaynana, baldız, qayın tərəfindən daima zorakılığa məruz qalan xanım da bu addımı ata bilər”.

Z.Mustafayeva qeyd edir ki, hazırda anti-təbliğatın qurbanı olan xanımlar çoxdur:

“Çox vaxt asan qazanc mənbəyi sayılan gəlin və qızları yalançı vədlərlə tora salaraq onların həyatlarını məhv edənlər, zəif bəndləri çox asanlıqla tapıb, öz iyrənc niyyətlərini həyata keçirənlərin də sayı kifayət qədərdir. Əxlaqsızlıq yuvalarında fəaliyyət göstərən xanımların sayı günü-gündən artmaqdadır, onların əksəriyyəti belə tora düşən xanımlardır.

Bildirim ki, fahişəliyə cəlbetmə insan alveri sayılır və bu işlə məşğul olanlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar. Bəzən məsuliyyətsiz xanımlara da rast gəlirik ki, onlar azad, təminatlı, eyş-işrətli gün keçirirlər. Bu zaman uşaqlar əziyyət çəkirlər, psixoloji travma alırlar və atılmış, kimsəsiz, zorakılığa məruz qalmış uşaqların əksəriyyəti belə ailələrdəndir”.

Birlik sədri deyir ki, ailə sevgi üzərində qurulmalıdır:

“Valideynlər övladlarına mənəvi dəyərləri aşılamalıdırlar. Qızlar və gəlinlər müğənnilərə, rəqqasələrə özlərini bənzətməməlidirlər. İstər kişinin, istərsə də qadının etdiyi xəyanət bağışlanan deyil. Onlar hansısa addımı atanda övladlarının gələcəyini, valideynlərini, yaxınlarını düşünməlidirlər. Qadın ləkəsiz olmalıdır, hansısa addımı atanda bilməlidir ki, daha geriyə yol yoxdur və onu qabaqda hansı çətinliklər gözləyir.

Rayon və şəhərlərin demək olar ki, hər birində Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin yardım mərkəzləri fəaliyyət göstərir. Zorakılığa məruz qalmış, çarəsiz, ailədə problemi olan xanımlar bu mərkəzlərə müraciət edərək, sosial, psixoloji, hüquqi və s. yardımlar ala bilərlər”.

Mövzu ilə bağlı danışan psixoloq Sevinc Baxışova isə bildirir ki, hazırda bu cür hadisələr çox yaşanır:

“Səbəbdən asılı olmayaraq problem ailədən başlayır, amma bir ailənin problemi olaraq qalmır, cəmiyyətin bəlasına çevrilir. Demək olar ki, hər gün eşidirik, ana uşağı ilə itkin düşüb, yaxud uşağını atıb gedib, azyaşlı qız evdən qaçıb, hansısa gəlin kiməsə qoşulub qaçıb. Bunlar quru informasiya kimi xəbər formasında verilsə də, əslində hər birinin arxasında ailə münaqişəsi, ailə faciəsi dayanır.
Ailəli qadınların evdən qaçmaları ciddi psixoloji problemlərdən qaynaqlanır. Hamımız onları qınaq obyektinə çeviririk, amma başa düşməliyik ki, baş verən hər hadisənin dərin psixoloji özəllikləri var. Qadınların, gəlinlərin evdən qaçaq düşmələrinin səbəblərindən biri də erkən nikahlardır. Bu nikahlar onların gözləntilərini doğrultmur və ailədaxili münaqişələrə, dözülməz şəraitə və başqa səbəblərə görə evdən qaçmağı, bu problemləri müstəqil idarə də biləcəklərini hesab edirlər”.
S.Baxışova əlavə edir ki, bəzən ailədə problemlə üzləşənlər müstəqil yaşamaq, həyatlarını yenidən qurmaq üçün evdən qaçırlar:
“Qadın psixologiyası çox möhkəm olur, onlar tez-tez depressiv vəziyyətlərə düşsə də, çox zaman çalışırlar ki, sınmasınlar. Bu isə müəyyən bir həddə qədər davam edir. Arzuları həyata keçməyən, xəyalları yarımçıq qalan qadınlar evdən qaçaq düşürlər. Çox təəssüf ki, onlar çıxış yollarını evdən qaçmaqda görürlər. Ancaq demək olar ki, onların əksəriyyəti buna görə peşiman yaşayırlar, çünki problemin həlli yolunda yanılırlar. Onlar baxdıqları serialların, virtual aləmin təsirinə məruz qalırlar.

Çox təəssüf ki, virtual aləmdən gələn təhlükələrin artdığını gördüyümüz halda susuruq. Təbliğat, maarifləndirmə aparmırıq. Hamı problemləri görür, amma heç kim tədbirlər haqqında düşünmür”.

 

Xatırladaq ki, avqustun 4-də 28 yaşlı Nərgiz Qasımova azyaşlı uşaqları, 8 yaşlı Günel Qasımova və 6 yaşlı Elgün Qasımov ilə birlikdə Qazax rayonu, Ağköynək kəndindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Dünən isə onlar Bakı şəhərində tapılıblar. Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib.

Bundan başqa, avqustun 22-də də Astara rayonu, Məscidməhəllə kənd sakini Hənifəyeva İradə Nəbi qızı Astara rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qızı, 28 yaşlı Aytən Hənifəyevanın övladları ilə birgə yaşadığı evdən çıxıb getdiyini və bir daha geri dönmədiyini bildirib.

Hazırda faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

Hicranə Əlişqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir