mezuniyyet

Tətil sona çatanda niyə gərginləşirik? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 1. 007

Alla Puqaçovanın bir zamanlar dillərdə əzbər olam mahnısı vardı; yay bitdi, nə olar, bir az da mənimlə qal…

İnsan belədi. Yayın çırhaçırında “istidən “bişdik”, bu yay bir qurtarsaydı… deyib sərinliyi, payızı arzulayır. Amma təqvimdə avqustun son günləri, ardınca da sentyabrın ilk günləri göründükcə, yayın, həm də tətilin, məzuniyyətin xiffətini çəkməyə başlayır. Xüsusən də əgər yay boyu dincəlməyibsə. Ya da ürəyi istədiyi, arzuladığı kimi istirahət etməyibsə. Buna “məzuniyyət depressiyası” da deyilir.

Psixoloq Vəfa Əkbər də bu fikirdədir ki, tətil sona yaxınlaşdıqca, insan gərginləşir:

– İl ərzində istirahətə çox az vaxt ayıran adamlar məzuniyyətdən yorğun qayıdırlar, çünki ilk növbədə onların istirahətdən gözləntiləri çox olur. Bu gözlənti, istirahətdən tam dincəlmiş formada və yeni təəssüratlarla gəlmək fikridir. Amma eyni anda ikisini etmək heç də həmişə alınmır. Yəni dincəlmək üçün fərqli bir yerə səfər edilirsə – bu, ölkə daxili də ola bilər, xarici bir ölkə də – düşünülür ki, ora gedəndə bütün ağrıları unudacaq. Ancaq getdiyin yerdə iqlim dəyişikliyi olursa, bədən bir neçə gündən bir neçə həftəyə qədər uyğunlaşma dövrü keçir. Biz iki həftəlik harasa gedib, dincəlməyib gələ bilərik.

 

Bu, bizim bədənimizin həmin iqlimə uyğunlaşa bilmədiyini göstərir. Bir də, biz, təəssüratlar arxasınca qaçırıq. Yeni təəssüratların yaranmasını, gördüyümüz, eşitdiyimiz hər şeyi yadda saxlamaq istəyirik. Və ilk gün beyin çox yüklü olur, səhəri gün də baş ağrıları başlayır. Çünki biz özümüzü gücümüz çatandan çox yükləyirik. Bu qaynayan rutinin içində günlərimiz gedir.

Tətilin hər günü qum saatında axan quma bənzəyir. Tətil sona yaxınlaşdıqca, həmin insan gərginləşir. Çünki yeni təəssürat, informasiya istəyir, olmadığı təqdirdə, yeni şəkillər axtarışında olur. Bu da olmayanda aqressiya yaranır. Daim belə gərgin olan insan, tətil bitəndə istirahətdən doymamış, dincəlməmiş qayıdır və işə getmək istəmir. Yaxşı olar ki, tətilə gedərkən gözləntilərimizi azaldaq. Sadəcə, hadisələri həmin anın axarına buraxaq.

İstirahət dəbə görə deyil, hər kəsin öz zövqünə uyğun edilsə, sonda daha yaxşı nəticə əldə etmiş olarsınız. Getdiyiniz yerdə görmək istədiyiniz məkanlar varsa, planlı şəkildə onu bir neçə günə sığışdıra bilərsiniz. Məzuniyyətin qalan günlərini isə aktiv dincəlməyə sərf etmək yaxşı olar. Gəzməyə, sağlam qidalanmağa çalışmaq lazımdır. Doğru qidalanmadıqda, insan özünü diskomfort hiss edir. Bu da insana həm fiziki, həm də psixoloji olaraq ağrı verir. Ümumiyyətlə, istirahəti necə keçirmək bir az da zövq məsələsidir. Elə adam var ki, fərqli məkanlarda olmaqdan zövq alır, eləsi də var, dənizdən, təbiət qoynunda olmaqdan. Ona görə, istirahət edərkən dəbə uymaqdan çox, zövq almağa fikir vermək lazımdır.

 

Xatırladaq ki, Rusiya Duması yay məzuniyyətinin, həm də tətilin daha 1 ay uzadılması təklifini müzakirə etməyə hazırlaşırlar. Şimal ölkəsində belə zənn edirlər ki, payızın ilk ayını da tətil müddətinə daxil etmək lazımdır. Bu, həm işçilərin daha çox istirahət etməsi, yay məzuniyyətindən mümkün qədər çox bəhrələnmələri, ailələrin də övladları ilə birgə “məxməri mövsüm”də ölkənin cənubuna səyahət edib dincəlmələri üçün əlverişli olar. Bundan bütün tərəflər qazanar. Ailələr də, turizm şirkətləri də, ümumilikdə dövlət büdcəsi də. “Məzuniyyət depressiyası”ndan çıxmaq üçün bu da əlavə bir imkandır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir