memi

“İkinci əl” təhlükəsi

Baxış sayı: 1. 164

Rəfiqələrimdən biri mənə xalis Avropa məhsullarının satıldığı mağaza haqqında danışmışdı. Onun sözlərinə görə, bu geyimlər çox ucuz və keyfiyyətlidir. Hələ məni də oradan bazarlıq etməyə dəvət etdi. Rəfiqəm dedi ki, belə mağazalardan 5-10 manata brend geyimlər ala bilərəm. Xalis Avropa paltarlarının ucuz qiymətə satılmasının səbəbi isə bu malların “second hand”, yəni “ikinci əl” paltarlar olmasıdır. Avropalıların geyindikdən sonra istifadə etmədiyi paltarlar Bakıya gətirilir, söylədiklərinə görə, dərmanlanır və ucuz qiymətə satılır. İkinci əl paltarların satıldığı ən məşhur mağazalar əsasən şəhərin ara küçələrində, metro keçidlərinin yaxınlığında fəaliyyət göstərir. Belə mağazalardan biri də “second hand” paltarları ilə tanınan “Memi” mağazalar şəbəkəsidir.

 paltar

Qiymətlər necədir?

Vəziyyətlə daha yaxından tanış olmaq üçün metrounun “28 may” stansiyasının yaxınlığında yerləşən “Memi” mağazasına baş çəkdik. “Avropadan geyimlər” afişası ilə reklam olunan mağazaya daxil olmamış kəskin qoxu bizi “vurdu”. Amma gördük ki, bu qoxu nə satıcıların, nə də alıcıların vecinə deyil. Kiçik zirzəmini xatırladan mağazada kamera belə quraşdırılıb. Sən demə, bu paltarlara tələbat çox olduğundan oğurluq halları belə baş verir. Satıcı iydən narahat olduğumuzu gördükdə, dərhal açıqlama verir. Onun sözlərinə görə, Avropadan gələn paltarlar dərmanlandığı üçün ofisi dərman iyi bürüyüb. Amma bu dərman iyindən çox kirli, iylənmiş paltar iyini xatırladırdı.

“Brend” paltarlarla tanış olmaq üçün piştaxtalara yaxınlaşırıq. Avropadan gətirilən paltarlar piştaxtaların üstünə tökülüb. Asılqanlarda isə 90-cı illərin modellərini xatırladan dublyonkalar, gödəkcələr diqqətimizi çəkir. “Memi” mağazasından orijinalı 500-600 manata olan gödəkcələri 20-30 manata almaq mümkündür. Tək fərqi isə bu paltarların avropalının köhnəsi olmasıdır. Hətta bunların içində ölü paltarlarına belə rast gəlmək mümkündür. Paytaxtın müxtəlif yerlərində fəaliyyət göstərən bu mağazalarda bəzi paltarları 50-60 qəpiyə də almaq olar. Satıcı deyir ki, “Memi”də əsasən geynilmiş paltarlar satılsa da, təzə paltarlara da rast gəlmək olar. Lakin bunlar keyfiyyətsiz, hansısa “defekti” olduğuna görə satılmayan və ya tamamilə dəbdən düşmüş geyimlərdir.

“Çin malı deyil ki, xəstəlik olsun”

Paltarların sağlamlığa zərərli olub-olmamasına gəlincə, satıcı deyir ki, onların mağazalarındakı paltarlar Çin malı olmadığı üçün sağlamlığa zərərli deyil: “Bu paltarlar çox keyfiyyətli və ucuzdur. Brend mağazalarda satılan paltarlardan fərqi yoxdur. Tək fərqi eyni malların onlarda beşqat baha qiymətə satılmasıdır. İkinci əl olması o demək deyil ki, xəstəlik mənbəyidir. Biz onu dərmanlayırıq. Ən əsası isə Çin malı deyil ki, xəstəlik olsun. Xalis Avropa paltarlarıdır”.

Piştaxtalarda paltar seçərkən görürük ki, geyimlərin əksəriyyətinin üzərində saxta etiketlər yapışdırılıb. Daha doğrusu, saxta etiketlər əl ilə tikilib. Burada uşaq geyimlərindən tutmuş, pərdələr, süfrələrə qədər hər şey var. Geyimlər 2-3 manata satılır. Mağazada yerdə üst-üstə vannalara yığılan paltarlar diqqətimizi çəkir. Onlara yaxınlaşdıqda təəccüblənirik. Sən demə, ölkəmizdə ikinci əl alt paltarları belə satılır. Qiymətlər münasibdir. Avropa alt paltarları 50 qəpikdir. Ən qəribəsi odur ki, insanlar bunu alır.

“Xəstəlik-məstəlik boş şeydir”

Satıcının sözlərinə görə, paltarlar az geyinilmiş olsa da, keyfiyyətlidir: “Düzdür, bu paltarlar az geyinilmiş sayılır. Bunları Avropada geyiniblər. Ancaq bir-iki dəfə geyinildiyi üçün paltarlar təzə qalıb. Vallah, indi marketlərdə satılan paltarlar da buradakından heç də yaxşı deyil. Hamısı keyfiyyətsizdir. Buradakı paltarlar Almaniyadan, Hollandiyadan gətirilir. Ancaq o paltarların üstünə yalandan marka vururlar və baha qiymətə satırlar. Biz isə ucuz və keyfiyyətli mal təklif edirik. Üstəlik, alıcılarımız da bizim daimi müştərilərimizdir. Əgər narazılıqları olsa, yəqin ki, buradan paltar almazdılar”.

15 yaşlı qızına vannalardan birini eşələyib alt paltarı axtaran alıcı Səadət deyir ki, 3 ildir bu mağazadan paltar alır. Onun sözlərinə görə, paltarlar köhnə olsa da, çox keyfiyyətlidir: “Qızım, vallah xəstəlik-məstəlik boş şeydir. Hamı əcəli gələndə bir gün öləcək. Guya qarantiymız var ki, başqa mağazalardakı paltarlar xəstəlik yaymır? Hər “sezon” 30 manata uşaqlarımı ayaqdan başa qədər burada geyindirirəm. Həm sərfəlidir, həm də keyfiyyətli”. Sanki, öz dediklərini mənə sübut etmək və məni də mağazaya cəlb etmək üçün seçdiyi paltarları mənə göstərir və deyir ki, buraya yeni paltar gələn kimi satılır.

“Bunlar elə-belə paltar deyil”

Aynurə isə piştaxtada olan, üfunət iyi verən paltarları bir-bir 3 yaşlı qızına geydirib çıxarır. Xanıma yaxınlaşıb, bunun ziyanlı ola biləcəyini deyirik. O isə cavabında bizi qınayır: “Körpə uşaqdı, 1 həftə geyinir, paltara ləkə salır, atıram. Başqa yerdən aldıqda ikiqat ziyana düşürəm. Ən azından bilirəm ki, bunların qiyməti sərfəlidir. Avropadan gətirilən paltarların nə ziyanı ola bilər axı? Buradan aldıqdan sonra evdə yuyuram da. “İkinci əl” olsa da, elə-belə paltar deyil e, bunlar. Avropanın “ikinci əl” paltarı bizim təzələrdən min dəfə yaxşıdır”.

Gördüyünüz kimi, alıcılar bu cür geyimlərin mənşəyi barədə xəbərsiz olduqları üçün onlara daha çox maraq göstərirlər. Halbuki ekspertlər belə malların alınmamasını məsləhət görürlər. Hesab edirlər ki, maddi problem nəzərə alınaraq sağlamlığı təhlükəyə atmaq olmaz.

eyyub huseynov

Ötən günlərdən birində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Avropadan gətirilən ikinci əl paltarların təhlükəli virusların yayılmasına səbəb ola biləcəyini vurğuladı. Onun sözlərinə görə, ikinci əl paltarları ilə Ebola virusunun yayılmayacağına heç kim zəmanət verə bilməz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir