komputer-telefon

Uşaqları zərərli informasiyalardan necə qoruyaq? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 1. 047

Azərbaycanda internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunacaq. Bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilir.

Məlumdur ki, bəzən informasiya ehtiyatlarında dərc olunan bəzi məlumatların uşaqlar arasında yayılması düzgün deyil. Dəfələrlə bununla bağlı xoşagəlməz hadisələr baş verib.

Azyaşlı uşaqların rastlaşdığı informasiyalar hətta onların həyatı üçün təhlükə mənbəyinə də çevrilib. Maraqlıdır, xəbərdarlıq mətnlərinin əksi nə dərəcədə effektiv ola bilər?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, uşaqların internetdə təhlükəsiz informasiyalarla rastlaşması aktual məsələdir.

Onun sözlərinə görə, bu problem bütün dünyada olub və inkişaf etmiş ölkələrin əksəriyyəti bunu həll edə bilər:

“Bəzi hallarda valideynin xəbəri olmadan uşaq internet və kompyuterdən istifadə edir. Bu zaman o arzuolunmayan informasiyaları ala bilər. Belə olduğu halda isə bu onun psixologiyasına, fiziki-mənəvi inkişafına düzgün təsir göstərmir. Problemin həllini ailənin, provayderin, hökümətin üzərinə atmaq düzgün olmazdı.

Çünki bu cəmiyyətin problemidir. Ona görə də cəmiyyətin bütün təbəqələri problemlə məşğul olmalıdır. Keçən il qanun qəbul olundu və bu il yanvarın 1-dən qüvvəyə minəcək. Həmin qanunda uşaqlarlarla əlaqəli olaraq televiziyalara məhdudiyyətlər qoyulacağı bildirilir. O cümlədən məhdudiyyətlər internetlə də əlaqəlidir.

İnternetlə əlaqəli görülən işlər belədir: provayderlər özlərində elə sistem qurmalıdırlar ki, evində internet olan valideyn provayderdən təmiz  internet tələb edə bilsin. Yəni, valideynin çeşidlənmiş, zərərli informasiyalardan təmizlənmiş internet tələb etmək haqqı var. Həmin qanunla valideynlərə belə hüquq veriləcək. Ona görə də provayderlər belə sistemi qura biləcəklərsə, effektiv nəticələr ola bilər. Amma bu sistem müəyyən xərclər tələb edir. Belə sistem hazırda Təhsil Nazirliyində qurulub və “süzgəc sistemi” adlanır. İnformasiya təmizlənir və daha sonra məktəblərə zərərli informasiyalar göndərilmir”.

O.Gündüz qeyd edir ki, provayderlərin hər biri təhlükəsiz sistem quracaqsa, bu xeyli maliyyə tələb edəcək:

“İlk növbədə dövlət bu sahədə işlər görməli, maddi məsələlər həll olunmalıdır. Provayder özü xərc çəkərək sistemi qurub internetin qiymətini artıracaqsa, bu düzgün olmazdı. Hesab edirəm ki, provayderlər “süzgəc sistemi”ni özündə qurub validyenin arzusu ilə ona təhlükəsiz internet verə biləcəksə, məsələ həllini tapacaq.

Amma provayder bu cür süzgəci heç bir halda adi istifadəçilər üçün qura bilməz. Çünki bu senzura və insan hüquqlarının tapdalanmasıdır. Provayder ancaq valideynin arzusunu nəzərə alaraq fərdi şəkildə onlara xidmət göstərə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir