Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsi son zamanlar keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.
Qeyd edilib ki, mərkəzə heç bir vətəndaşdan standartlara uyğun olmayan şprislərlə bağlı şikayət daxil olmayıb. Tövsiyə edilib ki, vətəndaşların hər hansı şikayəti yaranarsa, qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, e-mail ünvanına (aem@pharma.az) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, bu ilin sentyabr ayında Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyevin ölkədəki standartların tələblərinə cavab verməyən, Türkiyə, Çin və digər ölkələrdən idxal olunan insan sağlamlığı üçün təhlükə törədən şprislərin mövcudluğu barədə məlumat yaymasından sonra birliyə çox sayda narahatlıq ifadə edən istehlakçı zəngləri gəlməyə başlayıb:
“Vətəndaşlar bizə zəng edərək, apteklərdə Çin istehsalı olan saxta şprislərin olduğunu bildiriblər. Bu şprislər insan sağlamlığı üçün çox təhlükəlidir və vətəndaşlar buna görə çox narahatdırlar”.
E.Hüseynov qeyd edir ki, satışdakı standartlara uyğun olmayan şprislər üç hissəli olur:
“Bu şprislər silindir, porşen və onun sonluğunda yerləşən və ayrıla bilən qara rəngli rezindən ibarətdir. Standartlara uyğun və təhlükəsiz şprislərin isə porşeninin sonluğu qopmur və ayrılmır. Normal şprislər iki hissədən ibarət olur – porşen və silindrdən. İstifadə edildikdən sonra təhlükəlilərdən fərqli olaraq azca əyməklə sındırılıb tullanılır və təkrar istifadəsi mümkünsüz olur”.
Birlik sədri əlavə edir ki, ekspertizaya Türkiyənin “Ayset Tibbi”, “SET MEDİKAL” “Gienjest”, Çinin “Changzhou Medikal”, “Changzhou”, “Shandonq Zibo Medikal” firmalarının istehsalı olan və Azərbaycanda apteklərdə satılan şprislər göndərilib:
“Hazırda bu firmaların istehsalı olan təhlükəli şprislər apteklərdə satılır. Aparılan ekspertiza nəticəsində təhlükəli şprislərin bir çox nöqsanları, o cümlədən bölgü şkalasının düzgün olmadığı, porşenin dəyişdirilib yenidən istifadə olunduğu və tullantı materialından hazırlandığı üzə çıxıb. Hətta şprislərin təkrar istifadə olunması, ucluğunda insan damarlarına ciddi zərər verə bilmə nöqsanlarının olduğu aydın olub”.
Qeyd edək ki, bu ilin mayında Pirallahı Sənaye Parkında “Diamed Co” şpris istehsalı zavodu işə salınıb.
“Diamed” şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova isə jurnalistlərə açıqlamasında bildirdi ki, Azərbaycanda kimsə şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır:
“İnsanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil. Azərbaycan istehsalı olan şprislərin içərisində uc hissədə qara rezin olmur. Qara rezin olanda həmin şprislər tam steril sayılmır. Yəni, 3 hissədən ibarət olan şprisin bir hissəsi – 30 faizi steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər. Bizim zavodun istehsal etdiyi şprislər isə iki hissəlidir. Artıq Avropanın qabaqcıl ölkələri üç hissəli şprislərdən istifadə etmir. Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni, tibbi polimerlər deyil. Azərbaycan istehsalı şprislərdə isə tibbi xammaldan istifadə olunur”.
Direktor qeyd edir ki, şpris iynələri Yaponiyanın qabaqcıl “Nipro Pharma” şirkətinə məxsusdur. İynələr Azərbaycana hazır gətirilir:
“Artıq ölkədə 2, 5, 10 və 20 qramlıq şpris satışına başlamışıq. Bu günə qədər ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Bizim istehsal etdiyimiz şprislər Almaniyanın ən yüksək keyfiyyətli şprislərindən 30 faiz ucuzdur. Zavodun istehsal etdiyi şprislər hazırda ölkədəki apteklərdə satılan şprislərlə eyni qiymətdə olsa da, keyfiyyəti yüksəkdir. Bu ilin may ayından açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycan əhalisinin şprislərə olan tələbatını ödəyir”
S.Hüseynova əlavə edir ki, əsas məqsəd yerli bazarı keyfiyyətli şprislərlə təmin etməkdir:
“Qısa müddət ərzində daxili tələbatı ödədikdən sonra Gürcüstan, Rusiya, İran, Türkiyə və Qazaxıstana şpris ixrac etməyi planlaşdırırıq. Qarşıdakı illər ərzində istehsal olunan məhsulların çeşidinin artırılması da nəzərdə tutulur. Zavodda tibbi kəpənəklər, sistem şlankları, tibb məhlulları, natrium xloridin hazırlanması da planda var”.