Gunel Aslanova

“Bu xəstəlik genetik yolla uşaqlara da keçir” – PSİXOLOQLA MÜSAHİBƏ

Baxış sayı: 1. 318

Son vaxtlar ölkəmizdə və dünyada geniş yayılan xəstəliklərdən biri də obsessiv kompulsiv pozuntudur (OKP). Müasir dövrdə çoxları bu xəstəlikdən əziyyət çəkir, ancaq bunun psixoloji xəstəlikdən irəli gəldiyini bilmirlər. OKP insanların gündəlik həyat fəaliyyətini və keyfiyyətini aşağı salır və onların daha məhsuldar olmalarına mane olur.

Mövzu ilə bağlı psixoloq Günel Aslanovanın müsahibəsini təqdim edirik.

 

– Obsessiv kompulsiv pozuntu nədir?

– Obsessiv kompulsiv pozuntu psixoloji, psixiatrik xəstəlikdir. Bu xəstəliyin iki hissəsi var: obsessiyalar və kompulsiyalar. Obsessiyalar şəxsi narahat edən müəyyən problemlərin, hadisələrin gedişinə mane olan və təkrarlanan düşüncələr, kompulsiyalar isə bu düşüncələrin qarşısını almağa xidmət edən təkrarlanan davranışlardır. Məsələn, şəxsin təkrar-təkrar əllərinin təmiz olmadığını düşünməsi xəstəliyin obsessiya hissəsidir. Əllərini təkrar-təkrar yumağa çalışması isə xəstəliyin kompulsiya hissəsidir.

 

– Kimlərə OKP diaqnozu qoyulur?

– Diaqnoz şkalaya əsasən qoyulur. Təkrarlanan düşüncələrin və onun qarşısını almağa xidmət edən davranışların olması risk faktorudur. Ancaq təkcə bunların mövcud olması kifayət deyil. Çünki, bu hallara ara-sıra bir çox insanlarda da rast gəlirik. Pozuntunun daha asan aşkara çıxarılması üçün həm intensivlik, həm də ağırlıq dərəcəsi çox vacibdir. Yəni, əlamətlər hansı intensivlikdə və ya hansı ağırlıqda baş verir, bu çox vacibdir. Əgər bütün bunlar insanın həyat fəaliyyətinə mane olursa, həmçinin müvafiq şkalanı ödəyirsə, həmin şəxsə mütəxəssis tərəfindən pozuntu diaqnozu qoyulur.

 

– OKP-nin hansı növləri var?

– OKP-nin müxtəlif növləri var. Bunlara kriminal, yoxlama, təmizlik və başqa obsessiyalar aiddir. Kriminal obsessiyalara nümunə olaraq, OKP-li xəstədə müəyyən bir şəxsə zədə yetirə biləcəyi və ya cinayət törədə biləcəyi düşüncəsi olur. Tutaq ki, evdə bıçaq olur və həmin bıçaqdan uzaq gəzməyə çalışır ki, birdən mən o bıçağı götürərəm və ailə üzvlərimə xəsarət yetirərəm. Yoxlama obsessiyaları isə demək olar ki, bizim çoxumuzda müşahidə olunur. Bu zaman obsessiya qazı, işığı, açarı bağlayıb bağlamadığını və bunu yoxlayıb yoxlamadığını müəyyən etməyə istiqamətlənir. Amma burada çox maraqlı bir nüans var: istər kriminal, istər yoxlama, istərsə də təmizlik obsessiyalarında şəxs bunu təkidlə edə biləcəyini düşünür və xəstəliyin kompulsiya hissəsi bunu etməməyə xidmət edir. Halbuki, biz çox yaxşı bilirik ki, o şəxs bunu heç vaxt etməyəcək və əslində, ona bu düşüncələrin gəlməsinin səbəbi də elə bunu etmək istəmədiyi üçündür.

 

– Obsessiv kompulsiv pozuntu hansı hallarda yaranır?

– Ümumillikdə, OKP genetik xəstəlikdir. Amma xəstəliyi şərtləndirən sosial mühit amili də var. Bu sosial mühit insanın yetişdiyi ailə, ünsiyyətdə olduğu insanlar qrupudur. Məsələn, mən pasientlərimdə alt düşüncələri çox tez-tez müşahidə edirəm. Bu zaman o alt düşüncələrin onların həyat tərzi ilə əlaqəsini açıq-aşkar görmək olur. Məsələn, kriminal obsessiyada “Mən kiməsə xətər yetirməyim” kimi aparıcı düşüncə varsa, təmizlik obsessiyasında bu aparıcı düşüncə “Mənə virus yoluxmasın” şəklindədir. Sanki birində “Məndən kiməsə təhlükə gəlməsin” düşüncəsi hakimdirsə, digərində “Mənə kimdənsə təhlükə gəlməsin” düşüncəsi hakimdir. Bütün dibdə olan alt düşüncələr əslində elə bizim uşaqlıq dövrümüzdəki yetişdirilmə tərzimizlə əlaqədardır. Yəni, əgər biz uşaqlıqda mütəmadi olaraq təhlükə olacağı riski ilə yetişdiriliriksə, təbii ki, həmişə bizə haradansa təhlükə gələcəyini düşünürük. Əgər bütün bunlar tez-tez təkrar olursa, məsələn “Bacına qarşı elə davranma”, “Qardaşına qarşı belə etmə” kimi suallar bir tələb şəklində baş verirsə, xüsusən də, genetik meyillilik varsa, artıq OKP üçün münbit şərait yaranır.

– Bir insanda OKP-nin bir neçə növü ola bilərmi?

– Bəli, ola bilər. Praktikada da biz OKP-nin bir və ya bir neçə növünə paralel olaraq rast gəlirik. Amma bütün hallarda bu növlərdən biri adətən daha aparıcı rol oynayır. Bir az da sadə desək, bu problem həddindən çox tələbkar olan ailə və mühit fonunda formalaşır. Ümumiyyətlə, bizim cəmiyyət kollekivist ideyalara müsbət yanaşdığı üçün ortaya müəyyən tələblər çıxır və bu tələblərə OKP-də çox tez-tez rast gəlinir. Çünki fərdlər qaydalara uyğunlaşaraq yetişdirilir. Diqqət etmisinizsə, digər ölkələrlə müqayisədə bizdə cinayət faktı çox-çox aşağıdır. Əksinə, bundan qorunma düşüncəsi daha çoxdur. Azərbaycanda 18 il ərzində cinayətkarlıq hallarını araşdırdıqda burada cinayətkarlıq hallarının başqa ölkələrlə müqayisədə kifayət qədər aşağı olduğunu görürük. Çünki obsessiya ilə cinayətkarlıq arasında çox kobud bir əlaqə var. Sanki bunların ikisi də əks qütblərədir. Tutaq ki, cinayətdə düşüncə “Mən qaydaları pozum” formasında olursa, OKP-də

düşüncə “Mən qaydalara uyğunlaşım” formasında olur. Başqa sözlə, şərq cəmiyyətində kollektivist ideyalar mövcud olduğu üçün bu cəmiyyətin üzvlərində o qaydaları pozmamaq istəyi daha güclü olur. Ancaq bu hal ifrat həddə çatdıqda, xüsusilə də, ailədə təzyiq olduqda, eyni zamanda genetik meyillilik müşahidə edildikdə OKP üçün münbit şərait yaranır.

 

– OKP-ni yaradan başqa hansı faktorlar var?

– Ailə və cəmiyyət eyni qrup, yəni sosial mühit qrupu faktorlarıdır. Sadəcə olaraq, biri mikro, digəri isə makro səviyyədədir. Makro səviyyədə bir çox insan bu cəmiyyətin üzvü ola bilər. Amma ailə də bu cəmiyyətin ideyalarını – “malı-məli”-lərini kifayət qədər özündə daşıyırsa, risk ehtimalı çoxdur. Bundan başqa, hormonal faktorlar, neyronal əlaqələr var. Bunlar hamısı bioloji zəmini əlaqələndirən faktorlardır. Başqa sözlə, OKP serotoninin az olması, neyronal blokadanın meydana gəlməsi zəmininidə də baş verir. Bu, təbii ki, bizə ancaq mexanizmi izah edir. Ümumi olaraq xəstəliyin baş verməsinin əsas səbəbi isə genetik bazanın olması və sosial şəraitin onunla uyğunlaşmasıdır. Ümumiyyətlə, genetik faktorla sosial faktor arasındakı əlaqədə genetik faktor sanki bir baza rolunu oynayır. Rəqəmlərlə desək, birində genetik faktor 100/20, digərində isə 100/80 nisbətindədirsə, bunun üçün sosial faktorun 100/20 nisbətində olması kifayətdir ki, həmin problem meydana çıxsın.

 

– Dünya əhalisinin neçə faizində OKP-yə rast gəlinir?

– Dünya əhalisinin təxminən 1-3 %-i obsessiv kompulsiv pozuntudan əziyyət çəkir.

 

– Obsessiv kompulsiv pozuntu fərdin şəxsiyyəti ilə əlaqəli ola bilər?

– Əslində, obsessiv kompulsiv pozuntu ilə şəxsiyyət pozuntusu ayrı-ayrı şeylərdir. Bunları bir-birindən ayıran isə odur ki, obsessiv kompulsiv pozuntuda şəxsdəki təkrarlanan xüsusiyyətlərdən söhbət gedirsə, şəxsiyyət pozuntusunda şəxsdəki sabit xüsusiyyətlərdən söhbət gedir. Ona görə də, obsessiv kompulsiv pozuntu ilə şəxsiyyət pozuntusunu fərqləndirməkdə fayda var.

 

– OKP düzgün və davamlı müalicə olunarsa, tam şəkildə sağala bilər?

– OKP sağalan xəstəlikdir. 95 faiz sağalma ehtimalı var. 5 faiz müəyyən bir nüansla bağlı olaraq sağalmaya bilər ki, o da həyat fəaliyyətinə təsir etməyəcək qədər mövcud olan xüsusiyyətlərdir. Bu xəstəliyin müalicəsi həm dərman, həm də psixoterapiya ilə paralel aparılır və nəticə etibarı ilə xəstəlik sağalır. Məhz bu xəstələrdə, “Mən artıq düzəlmərəm”, “Mən artıq sağalmaram” kimi düşüncələrə də çox tez-tez rast gəlirik. Xəstələr bu vəziyyətin daha da artmasından və psixiatrik bir hala gəlməsindən ehtiyat edirlər. Amma tam olaraq əmin olsunlar ki, bu xəstəlik heç də sağalmaz bir xəstəlik deyil.

 

– Xəstələr psixoloqa müraciət etmədən müəyyən texnikaların köməyi ilə özlərini sağalda bilərlər?

– Hər bir psixoloji pozuntuda özünə dəstək tapşırıqları var. Özünə dəstək tapşırıqları fayda vermədikdə isə mütəxəssisə müraciət olunur. Əgər obsessiya pozuntu şəklindədirsə, özünə dəstək tapşırıqları fayda vermir. Bu halda mütləq mütəxəssisə müraciət etmək lazımdır. Obsessiya xüsusiyyətlər şəklindədirsə, burada şəxs özü-özünə müəyyən qədər dəstək ola bilər və bu çox effektiv nəticə verə bilər. Xəstəliyin həm düşüncə, həm də davranış hissələri var: təkrarlanan düşüncə və onun qarşısını almağa xidmət edən təkrarlanan davranış. Şəxs hər dəfə bu davranışları etdikdcə düşüncələrinin azalacağını düşünür, amma əksinə davranışlar nə qədər artırsa, düşüncələr də o qədər artır. Ona görə də, burada obsessiyanın bizə diqtə etdiyi davranışları etməmək bizim üçün özünə dəstək tapşırığı ola bilər. Məsələn, obsessiya əlini yu deyirsə, biz özümüzü məcbur edib əlimizi yumamalıyıq və ya obsessiya qapını yoxla deyirsə, biz özümüzü məcbur edib qapını yoxlamamalıyıq.

 

– OKP-nin müalicəsi hansı formada aparılır?

– Burada əsasən kompleks müalicə həyata keçirilir. Buna həm psixiatrik, həm də psixoloji müalicə aiddir. Obsessiyalarda dərman müalicəsi şərtdir. OKP-nin müalicəsi zamanı psixiatrlar xəstələrə dərman təyin edirlər, digər hissələrdə, yəni terapiya hissəsində isə psixoloqlar şəxsə uyğun terpiyalalar tətbiq edirlər. Burada adətən, CBT terapiyasından (Koqnitiv davranış terapiyası – Cognitive Behavioral Therapy) istifadə olunur. Bu terapiya düşüncələrin dəyişdirilməsi fonunda davranışların dəyişdirilməsi prinsipi əsasında qurulur.

– OKP-nin müalicəsi nə qədər müddətə tamamlanır?

– Müalicə müddəti azı 6 ay-2 il müddətində olur. Həftədə 1 dəfə görüşməklə 12 seansdan ibarətdir. İrəliləmə olduqca 2 həftədən birə və ya 3 həftədən birə qədər azaltmaq olar.

 

– OKP-yə ən çox hansı yaş aralığında rast gəlinir?

– OKP-yə uşaq vaxtından da rast gəlmək olar, amma bu xəstəlik özünü daha çox yeniyetməlik dövründə və daha sonra göstərməyə başlayır. Bu xəstəlik qadınlarda kişilərdən daha çox müşahidə edilir.

 

– Valideynlər uşaqlarını OKP-dən qorumaq üçün hansı qabaqlayıcı tədbirləri görə bilərlər?

– Əgər şəxsin özündə OKP varsa, bu onun uşağı üçün də riskdir. Yəni, OKP-nin uşağa həm genetik yolla, həm də sosial yolla daşınmaq ehtimalı var. Tədbir məqsədi ilə valideyn uşağın daxili tələblərinə əhəmiyyət verməli və onu ifrat tələbkarlıq fonunda yetişdirməməlidir. Əlbəttə, bu o demək deyil ki, uşaq qaydalardan uzaq olmalıdır. Qaydalar olmalıdır, ancaq həmin qaydalara daha sağlam, daha ehtiyatlı yanaşılmalıdır. Başqa sözlə, bu qaydalar uşağın şəxsiyyətinə mənfi təsir göstərəcək səviyyədə olmamalıdır.

 

Lalə Cəfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir