Onkoloji xəstələrin koronavirusdan qorunması üçün tövsiyələr açıqlanıb. Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının onkoloqu Günay Əhmədova bildirib ki, mütəxəssislər “COVID-19″un xəstə və immun sistemi zəif olan insanlarda daha ağır nəticələr verə biləcəyi barədə həmfikirdirlər: “Koronavirusa qarşı mübarizə çərçivəsində hər gün televiziya ekranlarında, KİV-lərdə sadalanan qorunma amillərini diqqətdə saxlamaqla yanaşı, hamının, xüsusilə də onkoloji xəstələrin düzgün qidalanması və immun sistemini gücləndirməsi olduqca vacibdir.
İmmunitet – hər bir canlıda xəstəliklərə qarşı qorunma mexanizmi yaradan, patogenləri və şiş hüceyrələrini tanıyıb onları yox edən, orqanizmi xarici və zərərli maddələrdən qoruyan mexanizmlərin toplamıdır. İmmun sisteminin belə bir qabiliyyəti var ki, o, geniş spektrdə viruslardan parazitlərədək orqanizmə daxil olan, yaxud orqanizmlə təmasda olan bütün yad maddələrə qarşı seçim apara bilir, həmçinin həmin yad maddələri orqanizmin sağlam hüceyrə və toxumalarından ayırd edə bilir. İnsanda immun çatışmazlığı bir sıra xəstəliklərin meydana gəlməsilə, həyati təhlükəli infeksiyalar ilə nəticələnə bilər. Ona görə də, orqanizmi istənilən xəstəlikdən, o cümlədən koronavirus infeksiyasından qorumaq üçün immuniteti möhkəmləndirmək vacibdir”.
Həkimin sözlərinə görə, immuniteti gücləndirməyin ən təhlükəsiz və düzgün yolu təbii qidalar və gündəlik qida rasionunun tənzimlənməsidir: “Bizim immun sistemimiz insanın qidalanmasından, orqanizmə hansı qidaların daxil olmasından çox asılıdır. Ona görə də hər birimiz immunostimulyatorlar qəbul etmədən, məhz düzgün qidalanma vasitəsilə immun sistemini gücləndirə bilərik.
Əgər immunitetinizi güclü saxlamaq istəyirsinizsə, siqaret çəkməyin, alkoqol qəbul etməyin; çox aşağı kalorili pəhrizlər (dietalar) saxlamayın. Mexaniki işlənmiş qidalar qəbul etməyin, hər şeyin təbii olanını qəbul edin. Mövsümə uyğun meyvə və tərəvəz, hər gün bir ovuc quru meyvə (badam, qoz, fındıq) yeyin. Hər gün bir stəkan kefir, yaxud bir kasa (150 ml) qatıq için, bir yumurta yeyin. Qırmızı ətdən az istifadə edin. İmmuniteti gücləndirən vitaminləri təbii qaynaqlardan almağa çalışın. Xüsusilə tərkibində A, B, C, E, D vitaminləri olan, çeşidli mineral tərkibli qidalar qəbul etməyə çalışın.
Bundan əlavə, çoxlu su için. Yarısından çoxu su olan insan orqanizminin daha yaxşı fəaliyyət göstərməsi və immuniteti gücləndirməsi üçün gündə azı 1,5-2 litr su içməyiniz məsləhətdir”.
Onkoloq qeyd edib ki, immunitet üçün vacib əhəmiyyət daşıyan amillərdən biri D vitaminidir. İnsan orqanizmi virus və bakteriyaları öldürən antimikrob proteinlər sintez etmək üçün D vitamininə ehtiyac duyur: “Orqanizmdə kifayət qədər D vitamini olmadıqda bədən viruslar və bakteriyalarla mübarizədə zəifləyir. Bu vitamin balıqda (xüsusilə somon balığı), yumurtada, süd məhsullarında boldur. Ən yaxşı D vitamini qaynağı isə günəşdir. Yəni, bu qidalar və günəşlə də D vitamininə olan ehtiyacı ödəmək olar.
Unutmayın ki, immuniteti güclü saxlamağın ən vacib yollarından biri düzgün yuxu rejimidir. Hər gün 6-8 saat qaranlıq otaqda, dərin yuxu rejimi immuniteti möhkəmləndirir. Araşdırmalar göstərib ki, gündəlik 7 saat yatanlara nisbətən 6 saat yatan insanlarda soyuqda xəstələnmə ehtimalı 4,2 dəfə daha yüksəkdir. 5 saat yatanlarda bu risk daha çoxdur. Yuxunuz pozulmasın deyə günün sonunda, yəni axşamlar kofeinli qidalardan uzaq durun, kofeinli içkilər qəbul etməyin.
Hər gün heç olmazsa 20 dəqiqə bədən tərbiyəsi ilə məşğul olun. Açıq havada müntəzəm bədən tərbiyəsi həm zehni, həm də fiziki cəhətdən son dərəcə əhəmiyyətli olub, immuniteti gücləndirir. Sonra ilıq duş alın”.
G. Əhmədova bildirib ki, dünya miqyasında aparılmış tədqiqatlar stress səviyyəsi ilə immunitet arasında asılılıq olduğunu təsdiqləyib: “Müşahidələrə görə, vərdiş etdikləri həyat tərzinin dəyişməsi (məktəblərin bağlanması, xarici ölkələrə səyahətlərin ləğv olunması, karantin rejiminin tətbiqi və s.) bir qisim insanlarda stresslərə yol açıb. Stress isə immuniteti zəiflədən amillərdən biridir. Buna görə də stressdən qorunun, internetdə yayımlanan hər informasiyaya uymayın, ancaq rəsmi qaynaqlardan məlumat alın”.