“İmtahanların yaxın tarixdə keçirilməsi, ümumiyyətlə, həyatımızın əvvəlki axara düşməsi dövlət-vətəndaş birliyindən, bütövlükdə cəmiyyət üzvü olaraq hər birimizdən asılıdır. Şərtlərə əməl edə bilsək, buraxılış və qəbul imtahanlarını iyun və iyul aylarında ənənəvi qaydada keçirmək olar”.
Bu fikirləri qəbul və buraxılış imtahanların keçirilməsi vaxtı barədə danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov deyib.
O, həmçinin son günlərdə qəbul imtahanların keçirilməyəcəyi ilə bağlı yaranan söyləntiləri də vurğulayıb:
“Xüsusilə sosial şəbəkələrdə bu il ali təhsil müəssisələrinə və kolleclərə qəbul imtahanlarının keçirilməyəcəyi haqqında məlumatların yayılması cəmiyyətdə narahatlıq doğurub. Buna cavab olaraq DİM abituriyentlərə rəsmi məlumatları izləməyi tövsiyə edib. Hətta DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib. Müraciətdə də bildirilir ki, “bu günlərdə bizə imtahanların keçirilmə tarixləri barədə xeyli müraciətlər daxil olur. Biz bu həyəcanı çox yaxşı anlayır və onu əsaslı hesab edirik. Hər bir şagird məktəbi bitirdikdən sonra attestasiyadan keçmək və müvafiq bilikləri varsa, təhsilini növbəti pillədə davam etdirmək imkanını əldə etməlidir. Bu tip daxili gərginliyi azaltmaq və stressi idarə etmək üçün ilk növbədə məsələyə şüurlu yanaşmaq, rasional baxış bucağı formalaşdırmaq zəruridir. Nəticə etibarilə vəziyyət ciddi olsa da, çıxış yolları var və dövlət-vətəndaş birliyi ilə onun öhdəsindən gəlmək mümkündür.
Baş məsləhətçinin sözlərinə görə, vətəndaş məsuliyyətilə, şərtlərə əməl etməklə buraxılış və qəbul imtahanlarını ənənəvi qaydada iyun və iyul aylarında keçirmək mümkündür.
“İmtahanların yaxın tarixdə keçirilməsi, ümumiyyətlə, həyatımızın əvvəlki axara düşməsi dövlət-vətəndaş birliyindən, bütövlükdə cəmiyyət üzvü olaraq hər birimizdən asılıdır. Azərbaycan bu bioloji təhlükənin yarada biləcəyi kataklizmaları qabaqcadan hiss edən ölkələrdən biridir. Ardıcıl olaraq atılmış addımlar, verilmiş siyasi qərar və sərəncamlar, həmçinin dövlət qurumlarının mərkəzləşdirilmiş əlaqələndirmə sisteminə malik olması mövcud təhlükəni və onun fəsadlarını önləmək üçün kifayət qədər az itki ilə kritik situasiyadan çıxa biləcəyimizi ortaya qoyur. Ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaqla hər birimiz üzərimizə düşən vətəndaş məsuliyyətini hiss etməli, evdə qalıb yaratmaqla, imtahanlara hazırlaşmaqla koronavirusa birgə qalib gələ bilərik. Bu şərtə əməl edə bilsək, buraxılış və qəbul imtahanlarını iyun və iyul aylarında ənənəvi qaydada keçirmək olar. Hər bir halda DİM-i qarşıdakı aylarda çox gərgin, sıx qrafikli və mürəkkəb iş rejimi gözləyir. İmtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”.
A.Məmmədov distant təhsilin qeyri-mövcudluğunu, şagirdlərin tədrisdən kənarda qalmasını nəzərə alaraq sualların nisbətən asanlaşdırılmasının vacibliyini vurğulayıb:
“Bütün bu qeyd olunanlardan bu qənaətə gəlmək olar ki, DİM yaranmış böhran vəziyyətini nəzərə alıb hər bir ssenarini nəzərdən keçirir. Heç şübhəsiz, vətəndaşın təhsili çox önəmlidir. Bu səbəbdən buraxılış və qəbul imtahanları mütləq keçiriləcək. Lakin imtahanların hansı formatda (ənənəvi, yoxsa onlayn) keçirilməsinə dair qərar yaranmış böhran prosesinə uyğun veriləcək. Fikrimizcə, “Təhsil haqqında” Qanunda nəzərdə tutulsa da, ölkəmizdə distant təhsilin qeyri-mövcudluğunu, şagirdlərin və tələbələrin 2 aya yaxın tədrisdən kənarda qalmasını nəzərə alaraq imtahanlarda müvafiq qaydada güzəştlər tətbiq edilməli, sualların çətinlik səviyyəsi nisbətən sadələşdirilməlidir. Əsas məsələ imtahanlarda şəffaflığı, düzgünlüyü, etimadlılığı təmin etməkdir”.