“Otaqdan çıxmadan ali məktəbə daxil olmaq mümkün olacaqmı?” İndi bu sual ölkəmizdə daha çox buraxılış imtahanları ilə üz-üzə olan şagirdləri, ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentləri və onların valideynlərini narahat edir. Artıq dünyada distant təhsil yayıldığı və inkişaf etdiyi kimi, onlayn imtahan təcrübələri də geniş istifadə olunmağa başlanıb. Onlayn imtahan, uğurlu təhsil təcrübəsi də hesab edilir.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də bu günlərdə keçirdiyi brifinqdə rəhbərlik etdiyi qurumun onlayn imtahanlara hazır olduğunu bildirirb: “Bu imtahanların kçirilməsi üçün ciddi maliyyə resursu lazımdır. Burada internetin sürəti və s. ilə bağlı texniki məsələlər də ortaya çıxır. İndi yalnız onlayn deyil, oflayn imtahanların keçirilməsi də müzakirə olunur”. DİM sədrinin sözlərinə görə, onlayn və oflayn imtahanlar eyni zamanda keçirilə bilər: “Oflayn imtahan odur ki, biz, şagirdləri hansısa zala dəvət edib orada avadanlığı təmin etməklə imtahan keçiririk, onlar prosesdə iştirak edirlər. Hazırda ölkədə olan imkanlar müzakirə edilir”.
İstər-istəməz, ilkin sınaq kimi onlayn və oflayn imtahanların necə keçiriləcəyi qaydaları maraq doğurur. Hazırkı karantin şəraitində vəziyyətdən çıxış yolu kimi seçilən imtahan formasının gələcəkdə ənənəyə çevriləcəyini indidən demək çətindir. Ancaq hazırkı vaxtda, bunun abituriyentlər üçün nə qədər qənaətbəxş olub-olmayacağı maraqlıdır.
Kiçik bir araşdırma aparıb dünya ölkələrində onlayn imtahanların keçirilməsi təcrübəsi ilə maraqlandıqda bu sistemin artıq uzun illərdir həyata keçirilən təcrübəyə çevrildiyini görmək olur. Məsələn, ABŞ-da ali məktəblərin 90 faizi imtahanın distant formasından istifadə edir. Distant imtahandan, demək olar ki, bütün Avropa universitetləri istifadə edir. Qonşu Rusiyada isə “Açıq təhsil” layihəsinə qoşulan az sayda ali məktəb distant imtahanlara üstünlük verir. Ölkədə hesab edilir ki, perspektivdə bütün ali məktəblər distant imtahan təcrübəsinə yer verəcəklər. Eyni zamanda, distan imtahanları, abituriyentin keyfiyyətini aşağı salan risk hesab edən ekspertlər də var. Bununla belə “dogrudanmı, onlayn imtahanlar zamanı abituriyentlərin saxtakarlıq edib-etmədiklərinə tam nəzarət etmək mümkündür?” sualına “müasir univüersitet və ya imtahan mərkəzi müasir texnologiyalarsız inandırıcı görünmür” cavabı da mövcuddur.
Bizdə bu istiqamətdə ilk addım kimi düşünülən onlayn və offlayn imtahanların tətbiqinə münasibət, hələ ki, birmənalı deyil.
DİM-in mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirdi ki, hazırda bu cür imtahanların kecirilməsi müzakirə olunur: “Hər şey karantin rejiminin bitməsindən və bu vəziyyətin nə qədər davam etməsindən asılıdır. Bunlar dəqiqləşsin, məlumat veriləcək. Hansı imtahanların onlayn keçirilməsi imkanları da arasdırılır. Mexanizm hazırlansın, o zaman dəqiq, detallı informasiya vermək mümkün olacaq”.
Onlayn imtahanların dünya praktikasinda çox yayılmış bir ənənə olduğunu bildirən təhsil eksperti Qoşqar Məhərrəmov bu tip imtahanları o qədər də effektli hesab etmir: “Fikrimcə, imtahanlar imtahan mərkəzlərində keçirilsə yaxşıdır. İmtahan mərkəzlərində keçirildikdə daha düzgün və tənzimlənə bilən halda olur. Ancaq insanlar öz evlərində olduğu zaman, onlayn imtahana qoşulduqda müəyyən qanunauyğunsuzluq əmələ gəlir. İmtahan verənlər ətraflarında müəyyən köməkçi vasitələr yığa, başqa insanlar və müəllimlərlə əlaqə saxlaya bilirlər”. Ekspert hal-hazırda DİM-in keçirdiyi “Yüksəliş” müsabiqəsi imtahanlarından belə nümunələrin məlum olduğunu bildirdi: “DİM “Yüksəliş” imtahanları keçirdi. İmtahanda iştirak edənin ətrafına hər fənnin biliciləri olan 3-4 nəfər yığıldı və həmin imtahanı “verdilər”. Bu isə təbii ki, düzgün yanaşma deyil”. Ekspert bu baxımdan hesab edir ki, rayonlarda imtahan mərkəzləri təşkil olunsa və hər bir abituriyent orada onlayn imtahan versə, bu, qəbulediləndir: “Evdən onlayn imtahan vermək isə ciddi problemlərə səbəb ola bilir. Mən şəxsən bunu tövsiyə etmirəm. Bundan əlavə, universitet miqyasında oflayn imtahanların da keçirilməsi müəyyən qanunauyğunsuzluqların meydana gəlməsinə şərait yaradır. Onlayn quizlər daha fərqli onlayn platformalarda istifadə olunan ənənədir. Bunu daha da təkmilləşdirib elə bir hala gətirmək mümkündür ki, qanunauyğunsuzluqların qabağı alınsın. Amma yenə də müəyyən qədər problemlər meydana çıxa bilir. Beynəlxalq səviyyəli imtahanlarda belə, məsələn SAT imtahanlarında müəyyən problemlər ortaya çıxır. Bilirsiniz ki, bu imtahanların nəticələri bəzən ləğv olunur. Bunun səbəbi də yenə onlayn imtahanların zəif tərəfidir. Bu proses zamanı düzgünlüyü qorumaq müəyyən qədər çətin olur. Amma yenə də təkmilləşdirilərək, xüsusən, yuxarı yaş səviyyələrində bu imtahanlar geniş praktikada onlayn və ya oflayn qaydada istifadə olunur. Bu, işləyənlərin və tələbələrin işlərinə daha çox yarayır. Amma orta məktəb şagirdlərində isə daha çox sui-istifadə hallarına şərait yaradır”.
263 saylı tam orta məktəbin müəllimi İlahə Məmmədovanın fikrincə, hər şeyin ilki çətin olur. Belə ki, nə qədər də yüksək səviyyəli iş görülsə, mütləq müəyyən narazılıqlar da yaranır: “Məni daha çox maraqlandıran, obyektivliyin nə qədər qorunacağı məsələsidir. Uşaq ev şəraitində imtahan verir. Valideyn üçünsə ən çətin və həyəcanlı gün, övladının imtahan verdiyi gündür. Onun imkanı olsa, hətta imtahan binasına daxil olub övladına kömək edər, nəinki evdə. Bu baxımdan, obyektivliklə bağlı ürəyimdə müəyyən şübhələr var. İmtahanın izlənməsi üçün xüsusi qurğunun hazırlanması ilə bağlı məlumat oxudum. Əgər həqiqətən də imtahnın obyektivliyi qoruna biləcəksə, bu, çox yaxşıdır. Təbii ki, bu, konkurensiyadır, Uşaqlar var ki, çox əziyyət çəkirlər. Uşaqlar da var ki, valideyn əziyyət çəkib onları əlavə müəllim hazırlığına göndərir, amma onlar heç bir məsuliyyət hiss eləmirlər. Bu cür şagirdlərin, həqiqətən əziyyət çəkənlərin yerini alması yolverilməz olardı. Bu baxımdan, obyektivliyin qorunmasına daha çox ehtiyac var”. İ.Məmmədova hesab edir ki, onlayn imtahanın keçirilməsi həm də işçi məsələlərinə kömək edəcək. Belə ki, nəzarətçilərə ehtiyac olmayacaq, hər hansı bir mərkəz götürülməyəcək, vərəq çap olunmayacaq: “Bunlar, həmçinin kifayət qədər vəsait deməkdir. Onlayn imtahanların keçirilməsi isə bu vəsaitlərə ehtiyac yaratmayacaq. Nəticədə xərclərə də qənaət olacaq”.
Dünya ölkələrinin çoxdan istifadə etdiyi praktikanın bizdə də tətbiqi mümkündür, amma şəffaf təşkilatçılıq şərtləri, vətəndaş məsuliyyəti və texnikanın yüksək istifadəsi ilə. Obyektivliyin təmin olunması üçün imkanlar elə səfərbər olmaldır ki, insanlarda az da olsa şübhə yeri qalmasın. Əks halda nəticələr, ekspertlərin inamsızlıqla səsləndirdikləri fikirlərdən o yana getməyəcək…
Təranə Məhərrəmova