Tanınmış və sevilən ifaçı Günay İbrahimli “Gencaile.az” saytının qonağı olub. Sizə eksklüziv müsahibəni təqdim edirik.
– Nə vaxtsa Günay İbrahimli ölkə şou-biznesini tərk edib xarici şou-biznesə qatılmaq fikrində olub?
– Heç vaxt başqa ölkənin şoubiznesinə qatılmaq fikrim olmayıb. Əslində, hərdən könlümdən keçir ki, hər şeyi atıb gedib başqa ölkədə həyat qurub, hər şeyi sıfırdan başlayım. Çox heyf ki, bu sənətin yaxşı tərəfləri olduğu qədər də pis tərəfləri də var.
– Özünüz dediyiniz kimi bu sənətin pis tərəfləri sizi heç vaxt bezdirməyib ki?
– Əksinə, çətin məqamlar olmalıdır ki, güclü olasan və qalib gələsən. Mən də bu prinsiplə yaşayıram. Əgər çox danışılıramsa, mənə çox təsir etməyə çalışırlarsa, deməli, məni güclü bilirlər, deməli, mən maraqlıyam onlar üçün.
– Bir az ailənizdən danışaq. Ailədə neçə uşaqsınız? Necə bir ailəyə sahibsiniz?
– Ailədə 5 nəfərik – anam, atam, bacım qardaşım və mən. Musiqiçi ailəsində doğulmuşam. İlk öncə anama, atama borcluyam ki, mənim bu sənətə gəlməyimə icazə verdilər. Qardaşımın da çox gözəl səsi var. Amma heç vaxt müğənni olsun istəmərəm. Çünki özüm çox əziyyətlər görmüşəm. Evimizdə hər kəsin musiqi təhsili var, amma bacım da, qardaşım da tamam ayrı-ayrı sahələrdə oxuyub işləyirlər. Hərdən olur ki, hətta bacıma yaxşı mənada paxıllığım tutur, çünki qız üçün ən gözəl sənətdədir.
– Həkimdir yoxsa müəllim? Adətən qız üçün ən yaxşı sənət bu iki peşəni deyirlər axı.
– Yox, tərcüməçidir. Bir neçə dil bilir. Mən özüm isə pulu ilk dəfə müəllimlik edərək qazanmışam. Mən 11 il fortepiano sahəsində təhsil almışam və 8-9 il bundan öncə bu sahə üzrə tələbələr hazırlayırdım.
– Sirr deyilsə, nə qədər idi ilk qazancınız?
– İlk qazandığım pul 40 “şirvan” olub. Özüm də tələbə idim, amma tələbələrim də var idi. Dərsdən gəlib həmin tələbələrimi hazırlaşdırıb, əvəzində pul qazanırdım. Demək olar ki, 2 il ard-arda belə işlədim. Daha sonra bu sənətə gəldim. Müsabiqələr, kliplər mahnılar və s. Həkimlik peşəsinə gəldikdə isə bu peşəni heç vaxt sevməmişəm.
– Səbəb nədir?
– Qandan qorxduğum üçün.(gülür – L.) Məndən heç vaxt həkim çıxmaz.
– Ailədə və doğmalarınız arasında sizin ifaçı olmanıza qarşı çıxanlar olub?
– Mənim ailəmdə sənətimə qarşı çıxan olmayıb, amma qohumlarımız hər zaman qarşı çıxırdı – əmilərim, dayılarım, babam, nənəm və s. Buna baxmayaraq, mən sənətimə davam elədim, hətta əlaqəmi belə kəsmişəm onlarla.
– Yanılmıramsa siz işğal altında olan Füzuli torpağının övladsız.O yerləri necə xatırlayırsız?
– Bəli, Füzulidə doğulmuşam, amma cox təəssüf ki, oraları xatırlamıram. İnşallah, mən inanıram, hətta yuxumda belə görmuşəm ki, Füzuliyə gedəcəm. Sadəcə, geci-tezi var.
– Tez-tez sizdən “toy nə zamandır?” soruşurlar. Biz də soruşaq toy nə zamandır?
– Hələ ki, həyatımda heç kim yoxdur. Olmadığına görə də toy haqda hələ ki, fikirləşmirəm, amma mən də istəyirəm gözəl ailəm, övladlarım olsun. Və vaxtında olsun. Hələ ki, sənətimlə məşğulam, amma inşallah, Allah qismət edərsə, toy da olar.
– Tanınmış olmaq həyatınızda çətinliklər yaradır ki?
– Bəzi məqamlarda çətinlik yaradır. Amma ümumilikdə insanın özündən asıldır hər şey. Əvvəllər kompleksli idim. Amma artıq öyrəncəliyəm, çünki mən də əslində, elə xalqın içinden sadə bir insanam. Bacardığım qədər ətrafımla ünsiyyətdə oluram.
– Həyatınızda sonradan peşmançılığını çəkdiyiniz məqamlar çox olub?
– Peşmançılıq keçirdiyim məqamlar, bəli, əlbəttə ki, olub. Elə bir insan ola bilməz ki, nədənsə peşman olmasın. Amma bəzən bu peşmançılıq işə yarayıb. Məsələn, həyata daha başqa yöndən baxmışam. Böyümüşəm. Düşüncələrim bəzən yaşımı ötüb keçib. Amma əlbəttə ki, “kaş ki”lərim var.
– Ailə qurmadan ana olanlara münasibətiniz necədir?
– Ailə qurmadan ana olanlara münasibətim pisdir. Bu mənim subyektiv fikrimdir. Ətrafimda bele insanlar var, düzdür. Hər kəsin də həyatına hörmətlə yanaşıram. Amma mən atasız uşaq heç vaxt böyütmərəm. Uşağın atası da, anası da yanında olmalıdır. Nə qədər ki, sağdılar. Çünki istər-istəməz körpə böyüdükcə suallar verir. Psixoloji problemler yaranır. Körpənin nə günahı var ki. Bir məqam da var. Bəzən sənəd üzərində evli olunur, amma ata uşağıyla maraqlanmır, görüşmür və s. Ona görə də bu mövzu çox dərin mövzudur və subay olduğum üçün məncə, bu qədər danışmağım bəsdir.
– Onda yəqin ki, vətəndaş nigahına da yaxşı baxmırsınız…
– Yox, buna normal baxıram. Əsas odur ki, insanlar bir-birini başa düşsün.
– Bir ara tamaşaçılar sizi məşhur “Ford Boyard” yarışmasnda iştirakçı olaraq da gördü. Yarışmada idmançı qızın qarşısına necə çıxdınız? Ümumiyyətlə həyatda dava-dalaşla aranız necədir?
– “Ford boyard” yarışması ömrü boyu yadımdan çıxmayacaq. Çünki həmişə orda olmaq istəmişəm, uşaqlıqdan xarici kanallarda izləmişik bu yarışmanı, həmişə getmək istəmişəm. Və dəvət aldım. Çox çətin bir mərhələ və bir o qədər də maraqlı günlər idi. Dava-dalaşa qaldıqda isə hə, əlimin gücü var. Amma deməzdim, fiziki cəhətdən o qədər də güclüyəm, daxilən isə bəli güclüyəm. Orda yarışan fransız qız çox güclü idi, heç özüm də bilmədim, necə qalib gəldim. Amma dostlarım deyir ki, halal olsun, Azərbaycan sayağı doydun. Yox, qəti olaraq həyatda dalaşqan biri deyiləm. Dava mənim xasiyyətimə tam zidd olan bir şeydir. Çox sakit insanam.
– Müəyyən müddət geyimləriniz bəzi insanlar tərəfindən qınaq obyektinə çevrildi. Bu cür söz-söhbətləri necə dəf etdiniz?
– Sadəcə mənim əynimdə elə geyimlər görmədikləri üçün ola bilsin ki, məni ona görə qınayırlar. Amma unutmasınlar ki, mən ifaçıyam, tamaşaçı məni həmişə fərqli obrazda görməlidir əlbəttə ki, çərçivələri keçməmək şərti ilə.
– Günay İbrahimlini digər sənət yoldaşlarından fərqləndirən nədir?
– Elə Günay İbrahimli olmağı. Məncə hərənin öz yeri var bu sənətdə. Heç kim heç kimin yeri üçün çalışmır. Hamı öz adı üçün çalışır.
– Gün ərzində sosial şəbəkələrə nə qədər vaxt ayırırsınız?
– Ayyyy, çox vaxt ayırıram. Mən deyərdim xüsusilə “Facebook” hər birimizin həyatının ayrılmaz hissəsinə çevrilib. Menim də “Facebook”da, “İnstagram”da, eləcə də ”Youtube”da səhifələrim var. Yeniliklerimizi bu şəbəkələrdə paylaşırıq. Bütün dünya bu şəbəkələrdə aktivdir.
Söhbətləşdi: Leyla