samir

Millinin sabiq üzvü: “İkinci uşağımın böyüməsini düz-əməlli görməmişəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 507

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı futbolçu karyerası ərzində ölkəmizin bir sıra iddialı klublarının şərəfini qorumuş, hazırda isə məşçi kimi fəaliyyət göstərən Samir Abasovdur.

 

– Futbolçu olmağınıza valideynlərinizin münasibəti necə olmuşdu?

– Normal yanaşmışdılar. Atamdan xahiş etmişdim ki, sinif yoldaşlarımla birgə futbola yazılmağıma icazə versin. Anam da etiraz etmədi və beləcə razılaşdıq.

 

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Düzü, bunu proqnozlaşdırmaq çətindir. Açığı məktəbdə yaxşı oxumamışam. Dərsə həvəsim olmayıb. Yəqin ki, bir iş tapardım.

 

Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

Yox, o anda bunun əhəmiyyəti yox idi. Həm də o vaxt mən futbolçu kimi müəyyən uğurlar qazanmışdım. Ölkənin güclü klublarında oynamışdım və oynamağa davam ediridim, milli komandaya dəvət olunurdum. Pul qazanırdım və özüm üçün yaxşı şərait qurmuşdum. Amma məncə, o vaxt üçün bunun elə bir önəmi yox idi. Bunlar olmasaydı, yenə bu ailə qurmağımıza mane olmayacaqdı.

samir 4

– Futbolçu kimi müdafiənin və yarımmüdafiənin mərkəzində oynayırdınız. Evinizdə hücumçu deyilsiniz ki?

– Evdə məşqçiyəm. Artıq futbolçu kimi baxmırlar. Məncə, elə ailədə məşqçi olmaq yaxşıdır. Axı uşaqlara da nəsə öyrətmək lazımdır.

 

– Səmimi deyin, evdə “komandir” kimdir?

Mənəm. Amma balaca qızım nə istəyirsə, onu edirəm. Deməli, mən komandir, qızım isə generaldır.

 

– Futbol adamları əksər hallarda evdən uzaqda olur. Belə hallarda ən çox hansı problemlərlə üzləşirsiniz?

– Həmişə içimdə bir narahatlıq olurdu. Öz-özümə deyirdim ki, kaş mən evdə olmayanda heç bir hadisə baş verməsin. Mən futbolçu kimi çıxışımı davam etdirən vaxt biz tez-tez səfərlərdə olurduq. Onu da deyim ki, mən ikinci uşağımın böyüməsini düz-əməlli görməmişəm.

 

– Futbolçular həm də gündəmdə olması ilə seçilir. Belə məqamlarda həyat yoldaşınız sizi qısqanmırdı ki?

– Yox, yəqin mən elə futbolçulardan olmamışam. O qədər də gündəmdə olmurdum. Ailəmə çox bağlıyam. Məhz buna görə heç bir problem olmurdu.

samir 1

– Övladınız sizin yolunuzu davam etdirir. Onun futbolçu olmasında sizin nə dərəəcədə rolunuz var?

– Düzü, öz istəyi ilə futbolçu olmaq istədi. Hazırda qapıçı kimi futbolun sirlərinə yiyələnir. Mən onu bu sahəyə yönləndirməmişəm, amma təbii ki, məsləhətlərimi əsirgəmirəm.

 

– Futbolçu karyeranızla bağlı realaşdıra bilmədiyiniz elə bir arzunuz varmı ki, onu övladınızın həyata keçirməsini istəyərdiniz.

–  İlk növbədə qapıçı kimi səviyyəli olmasını arzulayıram. Digər əsas arzum isə legioner həyatı yaşaması, güclü çempionatların birində top qovması ilə bağlıdır. Hansı ki, mən bunu edə bilməmişəm.

 

– Əlinizdə imkan olsaydı, hansı xasiyyətinizi dəyişərdiniz?

– Bir az səbrli olmaq istəyərdim. Xüsusən cavan yaşlarımda etdiyim elə hərəkətlər var ki, indi yadıma düşəndə bir az məyus oluram.

 

– Futbolçu karyeranızla bağlı ən çox hansı məqama görə təəssüflənirsiniz?

– Bir sıra qərarlar vermişəm ki, indi onlara görə təəssüf hissi keçirirəm. Bu daha çox bir klubdan digərinə keçərkən verdiyim qərarlardı. Fikirləşirəm ki, kaş həmin məqamda bunu etməzdim və s. Amma hər şeydə bir xeyir olduğunu da bilirəm. Deməli, belə məsləhət imiş.

sa

– Futbolçu olmağa qərar verəndə elə bilirdim ki… ardını siz tamamlayın

– Hələ futbolda ilk addımlarımı atanda bunun sonunun necə olacağını bilmirdim. Buna görə heç özüm üçün xəyallar qurmaqdan da çəkinirdim, ancaq yaşa dolduqca futboldan bərk yapışmalı olduğumu anladım, çünki bu peşə mənim həyatdakı tək çıxış yolum idi.

 

Söhbətləşdi: Tural Məmmədov

samir abasov

samir 3

samir 2

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir