Azərbaycanda təkcə bir klinikada ayda 90-100 nəfər arası qadın süni mayalandırma etdirir
“Allah hamının köməyi olsun. Mərd dünyaya gələndən sözün əsl mənasında ailə olmuşuq. Nə bilim, bu hissləri dilə gətirmək olmur. Allah övladı olmayan hər kəsi övladla sevindirsin. Sonsuz olmaq dəhşətdir. Düşünəndə ki, övladımız olmayacaq dəli olurdum. Heç kimlə danışmırdım. İstəmirdim insanlarla rastlaşım. İstəmirdim mənə sual versinlər. Ana-atadan yetim kimi boynu bükük idim”.
2007-ci il, sentyabrın 14-də Arif evinin həyətində rayonun ən böyük çadırını qurdurub, zurna-balabanla özünə toy çaldırır. Zöhrənin də sevincinin həddi-hüdudu yoxuydu. İllərlə yolunu gözlədiyi sevdiyinə qovuşmuşdu. Lakin ailənin sevinci hər ay bir az-bir az itməyə başlayır. Aylar bir-birini əvəz etdikcə, ürəklərində “gələn dəfə olar” deyib, özlərinə təsəlli edirlər. Nəhayət, toydan on ay sonra övladları olmadığı üçün həkimə baş vururlar. Həkimin cavabı isə qəti olur. Sizin təbii yolla uşağınız olmayacaq. Ancaq süni mayalandırma eləmək gərəkdir.
O gündən Zöhrə Arifin qazandığı pulları üst-üstə yığıb toplayır. Əllərində-ovuclarını olanı götürüb gedirlər Bakıda yerləşən özəl klinikalardan birinə. İlk süni mayalandırmanı 2012-ci ilin martında etdirirlər. Nəticə gözlənildiyi kimi olmur. Döl tutmur. İkinci cəhdləri də faydasız olur. Birinciyə 5 min, ikinciyə isə 7 min manat xərcləri çıxır.
– Hər dəfə alınmadıqca, həm canımız gedirdi, həm pulumuz. Elə də imkanlı adamlar deyilik. Mən evdar qadınam. Yoldaşım gecə-gündüz demədən işləyib qazanmışdı o pulu. Həkimlər təsəlli verirdilər ki, ürəyinizi sıxmayın, olacaq. Ərimin spermotozoidi zəif idi. Ona görə tutmurdu. Adam var beşinci dəfədə alınır. Üçüncü dəfə mayalandırmanı Rusiyada etdirdik. 2013-cü ilin fevralında. Oranın puluyla 200000 rubl (3000 manat) pulumuz çıxdı.
Bu dəfə də alınmayacaq deyirdilər ki, həkimlər xoş xəbəri verirlər. Səkkiz aydan sonra onların övladı dünyaya gəlir: Mərd. Həkimin məsləhəti ilə qeysəriyyə yoluyla.
Süni mayalandırma və yaxud ekstra – korporal (corporal) mayalanma nədir?
Bədəndən kənar mayalanmadır. Yumurtalıqdan yumurta hüceyrə əldə edilir, laboratoriyada spermatozoidlə birləşdirilir. Hazır rüşeym 3 gün sonra uşaqlığa yerləşdirilir. Rüşeymin tutub tutmaması 2 həftə ərzində bilinir. Bu yolla hamiləlikdə düşük və vaxtından qabaq doğuşlara tez-tez rast gəlinir. Bir də belə hamiləlikdə əkiz və üçəmlər çox olur. Körpənin özünə gəlincə, təbii yolla mayalanmış uşaqdan heç bir fərqi yoxdur.
İngilis alimləri Patrik Steptou və Robert Evarsdsunun 13 illik elmi araşdırmalarından sonra ilk süni mayalanma baş tutur və 1978-ci ildə qız uşağı dünyaya gəlir. Luiza Braun Yer kürəsinin ilk süni mayalandırma yolu ilə dünyaya gələn uşağıdır. Keçmiş SSRİ-də 1986-cı, Azərbaycanda isə korporal mayalandırma 2004-cü ildən tətbiq olunmağa başlayıb.
Azərbaycan korporal mayalandırma edən bir neçə xəstəxana və klinika var
Bakıda yerləşən klinikalardan birindən öyrənirik ki, korporal mayalandırmanın qiyməti 1700 manatdan başlayır (digər özəl klinikalarda bu qiymət 2100 -2500 manat arası dəyişə bilir). Bu məbləğə yumurtaların toplanması, mikroenjeksiyon və spermin yumurta içinə daxil edilir. Bundan əlavə folikulların stimullaşdırılması üçün 1000 – 1200 manat tələb olunur. Daha sonra qanda HÇQ-ni yoxlanılması üçün analizlər edilir. Bunun da 60-150 manat xərci var. Və hamiləlik başlayır. Sadəcə, belə hamilələrə hamiləlik müddətində əlavə hormonlar verilir. 100-150 manat da buna gedir.
Klinikanın ginekoloqu, süni mayalandırma üzrə mütəxəssisin sözlərinə görə, ayda 90-100 nəfər arası qadın süni mayalandırma etdirir. Dölün tutma faizi isə 47-50 arasındadır. Mütəxəssis bildirir ki, 1 il ərzində müntəzəm qorunmaz cinsi əlaqəyə baxmayaraq hamilə qalınmırsa, həmin cütlüyə sonsuz diaqnozu qoyulur. Sperm atadan götürülüb ananın yumurtalığına yerləşdirilir. Lakin qadının yumurtalıqları işləmirsə, kişidə də spermotozoid yoxdursa, yaxud cütlüklərdən biri genetik xəstəlik daşıyıcısıdırsa, onda donordan istifadə edilir. Əgər qadının uşaqlığı yoxdursa, onda surroqat anaya müraciət edilir. Bu səbəblə də klinikaya müraciət edənlərinin sayının az olmadığını desə də, yerli qanunlar surroqat anaya icazə vermirlər. Qonşumuz Gürcüstanda surroqat ananın qiyməti bizim valyuta ilə 36 – 40 min manat arasında dəyişir.
ATU-da süni mayalanma əməliyyatları icra ediləcək
Gələn ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında süni mayalanma əməliyyatlarını icra edəcək şöbə fəaliyyətə başlayacaq. Bu barədə ATU-da Türkiyədəki Amerikan Xəstəxanasının nümayəndələri ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub. ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov qonaqlarla görüş zamanı Azərbaycanda süni mayalanma ilə bağlı yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu mövzu hazırda ölkəmizdə gündəmdədir.
Türkiyədən təşrif buyuran nümayəndə heyətinin rəhbəri, prof. Dr. Bülent Urman ATU-da yalnız süni mayalanma əməliyyatlarının keçirilməsində yox, həm də tədris sistemində iştirak etmək istəklərini açıqlayıb.
Yeni şöbə 2015-ci ilin əvvəlindən etibarən yaradılacaq. Görüşdə həmçinin ATU-nun Tədris Cərrahiyyə klinikasının direktoru Hacıqulu Bağırov, klinikanın baş həkimi Asiman Həsənov, ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov da iştirak edib.
İşin qanunu tərəfi
Azərbaycan Respublikasının Konstitusiyasının Ailənin Planlaşdırılması və İnsanın Reproduktiv Funksiyalarının Tənzimlənməsi haqqında qanunun 29-cu maddəsi Süni mayalanma və embrionun implantasiyası haqqındadır.
– Yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ vardır.
– Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir.
– Qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir.
– Qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Surroqat analıq nədir?
Qadın ona bioloji yad olan körpəyə hamilə qalmaq, onu bətnində böyütmək və doğmaq üçün könüllü razılıq verdikdə tətbiq olunan yardımçı reproduktiv texnologiyadır. Doğulan körpə böyüdülməsi üçün genetik valideynlərinə verilir və onlar körpənin hüquqi valideynləri sayılır.
Hüquqşünas Səbuhi Axundovun sözlərinə görə, Azərbaycanda hazırlanan “Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında” qanun layihəsinə əvvəlcə “surroqat ana” məsələsi salınsa da, bu məsələ sonradan qanun layihəsindən çıxarılıb.
Donorluq məsələsinə gəlincə, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bunları deyir. “Azərbaycanda hər il ailə quran cütlüklərin 13 faizində sonsuzluq müşahidə olunur. Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi qeyri-müəyyən vaxta qalıb. Layihədə iki maddə razılaşdırılmayıb”.
O, deyir ki, qanunda problemli məsələ donorluğun Azərbaycanda tətbiq olunması və yaxud bundan imtina edilməsi ilə bağlıdır. “Qafqaz Müsəlmanları İdarəsi qətiyyətlə bu müddəanın əleyhinə çıxır. 1996-cı ildə qəbul olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda donorluq maddəsi var”.
Komitə sədrinin müavini onu da vurğulayıb ki, bununla bağlı artıq QMİ ilə müzakirələr aparılmayacaq: “Çünki QMİ artıq mövqeyini açıqlayıb”.
M. Quliyevin onu da qeyd edir ki, dövlət Azərbaycanın hər bir vətəndaşına bərabər hüquq və imkanlar yaratmalıdır. “Dini inancdan asılı olaraq və ya olmayaraq, hər bir insan ona verilən imkanlardan yararlanmalıdır. Əgər kimsə inanclıdırsa, ona zorla bu üsulu tətbiq edilə bilməz. Digər tərəfdən, axı Azərbaycanda hamı müsəlman, inanclı deyil, dövlətimiz dini dövlət deyil”.
Millət vəkili bildirir ki, dində xeyli qadağalar var ki, həmin qadağalar pozulur: “Məsələn, dinimizdə şərab içilməsi haramdır. Yəni çoxlu yasaq şeylər var ki, onlar ictimai həyatımıza daxil olub”.
“Əgər QMİ-nin dediyi yolla getsək, təzyiqlərə məruz qalacağıq. “İnsan haqlarının pozulması baxımından bizə ciddi nöqsanlar tutula bilər”, deyə M. Quliyev əlavə edir.
Deputat qeyd olunan qanunun gələn yaz sessiyasında da qəbul olunmasını düşündüyünü də vurğulayır.
QMİ-nin cavabı
Məsələylə bağlı Lent.az-ın sorğusunu cavablayan Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycanda korporal (süni) mayalandırmada donorluğun tətbiq olunmasının qətiyyətlə əleyhinə olduğunu təkrarən bildirir.
– Bu qanunda məni narahat edən məqamlar dini və milli-mənəvi əxlaqla bir araya sığmayan məsələlərlə bağlı idi. Belə ki, ailə ən mühüm ictimai dəyər olmaqla yanaşı, Allahın bizlərə böyük nemətlərindəndir. Ailənin sağlamlığı ilə yanaşı onun halallığının qorunması ümdə məsələlərdəndir. Süni mayalanma məsələsi ilə bağlı birmənalı fikrimi bir neçə dəfə bildirmişəm, indi də təkrar edirəm: ailənin övladı, uşağı yalnız öz qanuni, halal atasının nütfəsindən mayalanmalıdır. Belə olan halda, övladın bu və ya digər səbəbdən təbii yolla mayalanması ərsəyə gəlməyən ailələrdə tibbin köməyindən yararlanmaq olar. Bu vacib şərtdir, əks təqdirdə zatı bilinməyən, qeyri-qanuni və deməli haramdır. Elm və onun nailiyyətlərindən sui-istifadə etmək, dini-əxlaqi sərhədləri, mənəvi hüdudları aşmaq olmaz. Bunun çox fəsadlı nəticələri ola bilər. Allah-Təalanın insana bəxş etdiyi idrak sayəsində elm inkişaf edir və onun nəticələrindən insanların nəfinə istifadə olunması çox önəmlidir. Lakin Allah-Təala hər bir məsələdə hədd qoymuşdur – bu da yenə də insanın mənafeyi baxımından qərar verilmişdir. Bu həddi aşanlar xeyir görə bilməz.
“Düşünürəm ki, hörmətli millət vəkillərimiz bu qanun layihəsinin müzakirələri və qəbulu zamanı vurğuladığım məqamları nəzərdən qaçırmayacaq və mükəmməl bir qanun qəbul etməyə müvəffəq olacaqlar”, deyən şeyx müasir dövrdə bir sıra mövcud problemlər ailə planlaşdırılması məsələsini aktual etdiyini də bildirir./lent.az/