nuriyye

Uşaqlarda aqressivlik və onun aradan qaldırılma yolları – PSIXOLOQ YAZIR

Baxış sayı: 1. 947

Aqressiya (latınca aggredi-hücum etmək)- zamanı digər canlı varlığa zərər yetirmək və ya təhqir etmək məqsədi olur.

Şərti olaraq aqressiyanı 2 növə bölürlər:

Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün və instrumental -məqsədə çatmaq üçün

3 yaşa qədər uşaqlarda aqressiyanın növləri:

1-2 yaşda qıcıqlandırıcı amilə qarşı (iynə vurmada, tanımadığı insanların əhatəsində).

2-2,5 yaşda öz yaşıdlarına qarşı. Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir.

3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir.Öz istəklərinə çatmaq istəyi baş qaldırır (qışqırır və ya ağlayır).

 

Aqressiv uşaq kimdir?

  • Aqressiv uşaq başqalarına zərər verməyə çalışır, vurur, dişləyir.
  • Təhqiredici sözlər və ifadələr işlədir.
  • Aqressiv olan uşaq cəmiyyət qaydalarına uyğun gəlmək istəmir.
  • Gərgindir.
  • Ətrafındakılarla ünsiyyətə girməkdə çətinlik çəkir.
  • Hər an mübahisəyə hazırdır.
  • Davamlı olaraq cəza alır, lakin bundan narahat olmur.
  • Problemlərini danışaraq həll etmə meyli yoxdur.
  • Fiziki gücünə çox güvənir.

Səbəbləri:

1) Orqanik səbəblər:

Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərman müalicəsi lazımdır.

2) Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi.

3) Uşağın müşahidə etdiyi aqressiv nümunə :

Bu model uşağın öz valideynləri ola biləcəyi kimi, dostu, bir yaxını və ya cizgi film qəhrəmanı ola bilər.

4) Televizordakı şiddət səhnələri:

Uşağın seyr etdiyi Tv proqramları idarə altına alınmalıdır. Həmçinin təsadüfi seyr vəziyyətində valideynlər aqressiv səhnələri şərh etməli, doğru olmadığını vurğulamalıdır.

5) Uşağın şiddətə məruz qalması.

6) Ailə içindəki mübahisəli mühit:

Evdəki gərginlik narahatlığa və hirsə; hirs də təcavüzkarlığa səbəb ola bilər.

7) Uşağın yoldaşlarının xoşagəlməz davranışa malik olması,

8) Şiddətə təhrik edən mühit:

Uşağa lağ edilməsi kimi…

9) Valideynlərin təcavüzkarlığı gücləndirən reaksiyaları:

Məsələn, uşağın hirslə istədiyi şeyləri anında etmək kimi. Bu vəziyyətdə təcavüzkarlıq davranışı mükafatlandırılmış olar.

10) Sevgi ehtiyacının ödənilməməsi, uşağa kifayət lazımi marağın göstərilməməsi.

 

MƏSLƏHƏTLƏR:

AQRESSİV UŞAQLARA NECƏ DAVRANMALI?

 

1) Səs tonunuza diqqət edin.

Yüksək səslə danışmaq uşağı daha aqressiv edir. Şüuraltı olaraq mənfi təsir göstərir.

2) Fiziki cəza olmaz!

Qəzəbinizi idarə etməyi bacarın. Uşağa qarşı səs yüksəltmək, vurmaq heç də doğru üsul deyil. Əgər uşağınızın qışqırmasını istəmirsinizsə, ilk növbədə siz bu cür davranmamalısınız.

3) Nümunə olun.

Siz düzgün davranın ki, uşağınız sizi nümunə götürsün. Unutmayın ki, uşaqlar böyükləri təqlid edərək böyüyür.

Müsbət davranışlarını mükafatlandırın.

Əvvəlcədən şərt kəsin. Məsələn, bu gün sözə qulaq asan uşaq olsan, yeməyini yesən, səsini yüksəltməsən, daha sakit olsan səni parka aparacağam. Amma əvvəlcədən hansı şərtlə hansı mükafatı verəcəyinizi mütləq ona deyin. Mükafatı sözünü tutduğu təqdirdə tez bir zamanda yerinə yetirin. Günün sonunda mükafatlandırın, gecikməyin, sonrakı günü gözləməyin. Əgər uşaq sözünü tutmayıbsa, mükafatlandırmağınız səhv hərəkət olar.

Mükafatlandırma hansısa bir hədiyyədən daha çox sözlə ifadə olunmaqla və ya daha müsbət tərəfə yönəltməklə (məsələn, yuxarıda qeyd edildiyi kimi parka aparmaq) həyata keçirilsə daha yaxşı olar.

Sözlərinizlə onu mükafatlandırın, qürurlandırın.Məsələn,

“Afərin sənə, sözünü tutdun”.

“Mən bilirdim ki, sən verdiyin sözləri tutursan.”

“Mən sənə onsuz da inanırdım. Afərin sənə!”

“Səninlə fəxr edirik!” və s.

5) Səbirli olun və izah edin.

Hər şeyə qadağa qoymaq düzgün deyil. Nəyi nə üçün qadağan etdiyinizi səbirlə izah edin. Zərərlərini, itirə biləcəklərini açıqlayın.

6) Sosial normaları izah edin.

Cəmiyyətdə necə davranmalı olduğunu, böyüklərə, yaşlılara, qadınlara, uşaqlara, valideynlərinə hörmətlə yanaşması gərəkdiyini, hansı davranışların müsbət, hansıların mənfi olduğunu hər fürsətdə izah edin. Hər kəsə qışqıran, aqressiv davranan insanın insanlar tərəfindən sevilmədiyini, dostlarını itirə biləcəyini söyləyin.

7) Aqressiv və inadkar olduğu vaxt istəyini yerinə yetirməyin.

Doğru olmadığını səbirlə və sakit səslə izah edin. Qışqırmayın və tərsləşməyin!

8) Mübahisə etməyin.

Uşaq qəzəbli, gərgin, həyəcanlı olanda mübahisə etməyin. Sakitləşdikdən sonra səhvlərini deyin.

9) Ünsiyyət qurmasına kömək edin.

Mümkün olduğu qədər uşaqlarla ünsiyyətdə olmasını təmin edin. Öz vəzifə və məsuliyyətini dəsr etməsinə kömək edəcək. Lakin ünsiyyətdə olduğu uşaqlara diqqət edin. Aqressiv, dalaşqan uşaqlardan mümkün qədər uzaq tutun.

10) Sakitləşməsi üçün imkan yaradın.

Uşaq qəzəbli olduğu vaxt sakitləşməsi üçün yastığı yumruqlaması, vərəqi doğraması və s. kimi zərərsiz üsullardan istifadə etməsinə şərait yaradın ki, bütün qəzəbini insanlara deyil zərərsiz olaraq cansız əşyalar töksün. Bu, onu sakitləşdirəcək.

11) Uşağınızı tanıyın.

Onu hirsləndirə biləcək şeyləri müəyyənləşdirin və mümkün olduğu qədər məntiqli şəkildə bunlardan uzaq durun.

12) Səhvlərini deyin.

Aqressiv olduqları vaxt sakitcə otağına göndərin. Əgər getmirsə onun yanından uzaqlaşın. Lakin sonra nəyi səhv etdiyini və nə üçün ona “olmaz” dediyinizi izah edin.

13) Ailə üzvlərinin sözü bir olsun.

Belə şəraitdə ailə üzvlərindən biri sərt digəri həddən artıq yumşaq davranarsa uşaq daha da ərköyünləşər, inadkar və eqoist olar. Bir sözlə, ciddi ziddiyyətlər yaşayar.

14) Uşağınıza qarşı sən tərssən, aqressivsən və s. ifadələr işlətməyin.

Belə olduqda o, daha da aqressivləşər.

 

Nuriyyə Quliyeva

Peşəkar Psixologiya Mərkəzinin direktoru/ Klinik psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir