Hansısa şəhər və rayonda qeydiyyatda olub, ancaq Bakıda yaşayan şəxslərin hansı poliklinikaya müraciət etmələri ilə bağlı məsələyə aydınlıq gətirilib.
COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov bildirir ki, başqa şəhər və rayonlarda qeydiyyatda olan, lakin Bakı şəhərinin ərazisində yaşayan vətəndaşlar faktiki yaşayış yeri üzrə müvafiq ambulator poliklinik müəssisəyə müraciət edə bilərlər.
Onun sözlərinə görə, həmin ambulator poliklinik müəssisə tərəfindən müraciət edən şəxsə müvafiq tədbirlərin görülməsi üçün müvəqqəti ambulator kart açılır. Həmin vətəndaşın müraciəti bu poliklinikanın ərazisində yaşayan digər vətəndaşlardan heç bir halda fərqlənmir.
N.Seyidov qeyd edir ki, əgər vətəndaşda koronavirusun əlamətləri varsa, eyni zamanda koronaviruslu xəstə ilə təmasda olubsa, bununla bağlı yaşadığı ərazidəki poliklinikaya müraciət etməlidir.