“Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir”. Bu sözləri Prezident İlham Əliyev Təhsil naziri Emin Əmrullayevi videoformatda qəbul edərkən deyib. Prezident dördüncü sənaye inqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlı müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi ilə bəzi peşələrin yaxın illərdə ortadan qalxacağı və buna hazırlıqlı olmanın zəruriliyinə diqqət çəkib.
“Bu peşələrin siyahısı var. Bu peşələr artıq aradan qalxıb və olmayacaq. Ona görə, buna da daim fikir verməlisiniz. O peşələr ki beş ildən sonra olmayacaq, onlar üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır” – dövlət başçısı bildirib.
Bəs hansı peşələrə daha çox ehtiyac yaranacaq, hansı peşələr yox olacaq?
Təhsilin idarə olunması üzrə mütəxəssis, pedaqoq Qoşqar Məhərrəmov deyir ki, insandan fiziki əmək tələb edən və təkrarçılıqdan ibarət olan peşələrin yaxın gələcəkdə yoxa çıxması proqnozlaşdırılır: “O peşələr ki, artıq İKT ilə həmdəm hala gəlir, İKT-dən dəstək alır, o peşələrin populyarlaşacağı proqnozlaşdırılır. Fiziki əməyin, insan əməyinin rolu robotlara verilir, insana məxsus idraki, hissi yönlər isə insanda qalır. İnsan əməyinin bu istiqamətdə lazımlılığı hələ də davam edəcək. Maşın təmiri, surətçıxarma, bürokratik işlər, katibəlik, kitabxanada hansısa kitabları düzmək, mühafizə işi, xəstə baxıcıları, kənd təsərrüfatında insandan fiziki əmək tələb edən işlərin çoxunu gələcəkdə robotlar edəcək. Həmin peşələrdə insanların sayı azalacaq. Tədqiqatlar göstərir ki, gələcəyin peşələrinin demək olar ki, hamısı kompüterləşəcək. Yəni kompüter texnologiyaları artıq gələcəyin peşələrinin formasını, strukturunu müəyyən edəcək. Hər hansı bir musiqiçi belə, proqramlaşdırma dillərini bilmədən dövrün dəbinə uyğun musiqi istehsal edə bilməyəcək. Ona görə də mövcud hazırkı peşələr İKT ilə daha da yaxınlaşacaq, kompüter texnologiyalarından istifadə edəcək. Gələcəkdə yox olacaq peşələr insan əməyinin daha çox istifadə olunduğu peşələrdir”.
Hansı peşələrin populyarlıq qazanması və tələbata çevrilməsinə gəldikdə isə, ekspert vurğuladı ki, İKT ilə bağlı bütün peşələr, bu ixtisası bilən kadrlar ən çox ehtiyac duyulanlar olacaq: “Texnologiyanın sürətlə inkişaf etməsi insan həyatını asanlaşdırmaqla bərabər, bir çox dəyişikliklərə də səbəb olur. Keçmişdə uzun vaxta reallaşdırdığımız işləri indi bir neçə dəqiqəyə həll edirik, çox asanlıqla məlumat əldə edə bilirik. Əlbəttə, insanlar artıq İKT ilə yaxınlaşdığı üçün bütün peşələr İKT-yə yönəldiyi zaman daha da populyar, ehtiyac duyulan kadr olacaq. Məsələn, hətta bir musiqiçinin də musiqisini tərtib etmək üçün proqramlaşdırma bacarığı olmalıdır. Emosional və əlaqəli iş, yaradıcılıq, sintez, problem həlli və ağıllı şərh tələb edən işlər insanın müdaxiləsini tələb etməyə davam edəcək. Bununla belə, hesablama gücünün eksponensial artması süni intellektin üstün şəkildə artmasına səbəb olur. Araşdırmalara görə, gələcəkdə texnologiya və kompüter elmləri ilə birləşməyən bir peşə olmayacaq. Müasir dövrün gəncləri proqramlaşdırma alqoritmlərini bilməlidir. Proqramlaşdırma işi bəzilərinə sadə bir iş kimi görünür. Halbuki olduqca çətin və hər kəsin edə bilməyəcəyi bir işdir. Bəli, qazancı yüksəkdir, amma böyük zəhmət tələb edir. İndiki vaxtda kompüterdən çox, mobil telefon istifadəçisi olduğunu düşünsək, mobil proqramçılara gələcəkdə daha da çox tələbatın olacağını düşünə bilərik. Proqram mühəndisliyi gələcəyi olan peşələr arasında yer alır.
Yeni dövrün ən məşhur peşələrindən biri də dizayndır. Artıq insanlar kompüter oyunlarının dizaynı ilə məşğul olmağı öyrənməlidirlər. Bu sahəni bilən insanlar oyun istehsalı, inkişaf etdirilməsi, dizaynı, sənəti, proqramlaşdırması, kompüter qrafikləri və insan-kompüter qarşılıqlı əlaqəsi sahələrində çalışa bilərlər. Eyni zamanda oyun studiyalarında və memarlıqda, tibdə, hüquqda və interaktiv simulyasiya istifadə edilən digər sektorlarda da işləyə bilirlər. Virtual reallıq artıq dövrün faktıdır. Bunu insanlar bilməlidir. O cümlədən telefon applikasiyalarının istehsalı, kompüterin müxtəlif spesifik sahələri, kibertəhlükəsizlik kimi sahələrin dövrün ən populyar peşələri arasında olacağı gözlənilir. Eyni zamanda emosionallıq, komanda işi, kreativ, tənqidi düşüncə, problem ortaya qoyma, problemi analiz, sintez və qiymətləndirmə kimi sadəcə insana məxsus xüsusiyyətlərə cavab verən işlər sıradan çıxmayacaq. Yaxın dövrdə süni intellektin insana məxsus bu xüsusiyyətləri edə biləcəyi gözlənilmir. Ona görə də İQ və EQ-yə fikir vermək, bu mənada özünü inkişaf etdirmək dövrün tələbi olacaq. Çünki süni intellekt və robotların bunu edə biləcəyi gözlənilmir. Əlbəttə, müəyyən texnologiyalar süni intellektə insani özəllikləri yükləməyə çalışır, amma yenə də insanın beynini əvəz edəcək kimi görünmür. Ona görə də insan İKT bacarıqlarını gələcək üçün inkişaf etdirməlidir”.
Ekspert vurğuladı ki, gələcəyin dəbli peşələrindən biri də Data analitikasıdır: “Bu gün dünyada informasiya texnologiyaları sahəsində ən çox tələb olunan peşə Data analitikası mütəxəssisidir. Dataları toplama, analiz etmə və datalardan müəyyən nəticələr çıxarma gələcəyin trend peşələri arasında qeyd olunur. Big Data böyük sərvət olduğundan, məlumat detektivləri, məlumat tərcüməçiləri, məlumat analizçilərinə böyük ehtiyac olacaq”.
Təhsil eksperti Kamran Əsədov deyir ki, dünyada gələcəyin yeni ixtisasları formalaşır, lakin Azərbaycanda ali məktəblərə qəbulda hələ də ənənəvi ixtisaslar üstünlük təşkil edir: “20-30 ildən sonra bu gün mövcud olan bəzi ixtisaslar tamamən sıradan çıxacaq, yerini başqa ixtisaslar alacaq. Ona görə də bunun araşdırması lazımdır ki, bizdə 15-20 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq. İstər elmdə, istərsə də kənd təsərrüfatında, iqtisadi həyatın bütün sahələrində, sosial həyatımızda dünya çapında gedən dəyişiklikləri izləyir və bilirik. Bu, Azərbaycanın əmək bazarına hansı dəyişikliklərlə təsir edəcək, 10-15 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq – biz bunu müəyyənləşdirməli, bilməliyik ki, strateji planımız olsun. Təəssüf ki, bu istiqamətdə heç bir araşdırma və düşüncələr yoxdur. Bu gün bizim nəinki yaxşı mühəndisə, hətta yaxşı ustaya da ehtiyacımız var. Ancaq diplom sahibinə yox, həqiqi mütəxəssisə. Bu tələbat getdikcə daha da artacaq. Universitetdə daha lazımlı ixtisaslar yaradılmalıdır. Bir çox fakültələrdən məzun olan insanların sonrakı fəaliyyəti ilə bağlı analiz göstərir ki, oxuduqları ixtisaslar üzrə aldıqları təhsil sonra lazımsız olur”.
Həmsöhbətimiz deyir ki, sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi. Amma indi yüksək bal toplayanların yarıdan çoxu neft ixtisaslarını seçirlər: “Bir vaxt bizdə populyar olmayan gömrük ixtisası da artıq dəbdədir. Eyni sözü İT mühəndisləri barədə də demək olar. Artıq ali məktəblərə qəbul imtahanları başa çatıb. Qısa müddətdən sonra müsabiqə şərtini ödəyən abituriyentlər ixtisas seçimi edəcəklər. İxtisas seçimi edərkən ilk növbədə o ixtisasa əmək bazarında olan ehtiyac nəzərə alınmalıdır. Hansı ixtisası seçirsinizsə-seçin, ən asan olanı və ya ən yaxşı yoldaşınızın seçdiyini seçməyin, çünki bəzi gözəl fürsətlərdən özünüzü məhrum etmiş olarsınız”.
Ekspert deyir ki, hazırda əmək bazarında ehtiyac olan ixtisaslar – müəssisə və idarəçilik / ticarət, psixologiya, tibb bacısı / bioloji elmlər, müəllimlik, ingilis dili və ədəbiyyatı / iqtisadiyyat, ünsiyyət təhsili / şifahi ünsiyyət və danışıq sənəti / siyasət elmi və hökumət / kompüter və informasiya elmləridir.
Aygün ƏZİZ