eylence

Pandemiya zamanı psixoloji gərginlik: çıxış yolları

Baxış sayı: 826

Koronavirus pandemiyasının dünyada davam etdiyi müddətdə bir çox ölkədə insanları virusdan qorumaq və pandemiyanın qarşısını almaq üçün ciddi tədbirlər görülür. Bağçalar, məktəblər, universitetlər, əyləncə, istirahət mərkəzləri bağlanıb, kafe-restoranların fəaliyyəti dayandırılıb, səyahət imkanları məhdudlaşdırılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ də insanları evdə qalmağa və şəxsi gigiyenaya xüsusi diqqət yetirməyə çağırır. Bütün bunlar isə ciddi psixoloji gərginliyə səbəb olur. Bəs insanlar belə vəziyyətdə nə etməlidirlər?

GULNAR ORUCOVA

Depressiya, gərginlik, stress, əsəb…

Psixoloq Gülnar Orucova deyir ki, bu virus insanlarda aqressiya, səbirsizlik formalaşdırdı: “Koronavirus demək olar ki, insanların azadlığını məhdudlaşdırdı. İnsanlar əvvəlki kimi istədikləri vaxt, istədikləri yerlərə, hətta işə belə gedə bilmədilər. Virus nevroz, yüksək təzyiq, şəkər xəstəliyindən əziyyət çəkən insanlara xüsusilə təsir etdi. İnsanlarda depressiya, gərginlik, stress, əsəb yaratdı. Mən sosial şəbəkələrdə rəyləri oxuyur, analiz edib görürəm ki, insanların gələcəyə ümidi azalıb. İnsanlar 11 ay çalışıb 1 ay məzuniyyət götürürdülərsə, bu il məzuniyyət yaşamadıqları üçün məyus oldular. Bu səbəbdən aqressiyanı açıq şəklidə görürük”.

Psixoloqun sözlərinə görə, virusun xanımlara təsiri daha böyük oldu: “Çünki bir çox xanımların kilo alma problemi ortaya çıxdı. Ən çox istirahət etməyi, əylənməyi, gəzməyi sevən, çılğın həyat tərzi sürən insanlara daha çox təsir etdi. İstirahət yerlərinin, rayonlara gediş-gəlişin bağlanması əsəb və stress yaratdı. Bir insan işə getməyə, maaş almaya bilər. O, sərbəst gəzdikdə öz stressini atmış olur. Bu zaman aqressiya hiss olunmur. Bu vəziyyəti aradan qaldırmaq üçün ilk olaraq özümüzdə güvən hissimizi bərpa etməli, motivasiyamızı artırmalıyıq. Gələcəklə bağlı planlarımızın təxirə düşdüyünü qəbul etməliyik. İnsanlara belə gəlir ki, virus illərlə davam edəcək. Onlar sosial şəbəkələrdə yayılan hər sözü, xəbəri ciddi qəbul edirlər. Əslində isə, biz hər oxuduğumuz xəbərə inanmalı deyilik”.

 

“Gələcəyini daha çox düşünən insanlar xoşbəxt ola bilmir”

Psixoloq əlavə edir ki, ümumiyyətlə, insanların bəziləri həyatı həddən artıq planlayırlar. Bu, düzgün deyil: “Əgər diqqət etsək görərik ki, gələcəyini daha çox düşünən insanlar xoşbəxt ola bilmirlər. Çünki gələcəyi o qədər düşünürlər ki, onlar bu gündən məmnun olmurlar və özlərini bədbəxt hiss edirlər. Ola bilər ki, nələrsə planlarımıza uyğun olmasın. Təəssüf ki, bu vəziyyət depressiya, stress, hətta intihara qədər gətirib çıxara bilər. Həyatı həddən artıq planlamadan yaşasaq,  yaşamaqdan zövq alarıq. Nə depressiyaya düşərik, nə də üzülərik”.

İnsan xoşbəxt olsa da…

Türk psixoloq Anil Yıldız pandemiya zamanı stresslə mübarizə üsullarından danışaraq qeyd edib ki, koronavirus insanlarda qəfil emosional dəyişikliklərə səbəb olur: “COVID-19 hər kəsdə fərqli psixoloji problemlərə səbəb olur. Depressiya kimi psixoloji problemlər yaşansa da, stress də virusla mübarizədə əsas problem kimi gözə çarpır. Həmçinin koronavirusun qəfil emosional dəyişikliklərə səbəb olduğu da müşahidə edilir. Bu emosional dəyişikliklər evdə uzun müddət qalmaq və açıq havadan məhrum olmağın nəticəsində baş verir. İnsan xoşbəxt olsa da, bir anda bədbəxt bir vəziyyət meydana çıxır və psixoloji vəziyyət dəyişir. Koronavirus  psixoloji, fiziki və emosional olaraq insanlarda stress və narahatlıq yaradır. “İşə qayıda bilərəmmi? Virusun təsiri dünyada nə qədər davam edəcək? Qohumlarım virusa yoluxubsa, nə etməliyəm? Evdə nə qədər qalmalıyam?” kimi suallar ağlımızı daim məşğul edir. Uşaqlar, tibb işçiləri və əvvəllər psixoloji problemləri olanlar bundan daha çox təsirlənə bilər. Uşaqları və yaxınları üçün narahat olanlara xüsusi diqqət yetirilməlidir. Ən əsası, öz psixoloji sağlamlığımızın qeydinə qalmalıyıq. Çünki ətrafımıza və ailəmizə kömək edə bilmək üçün həm fiziki, həm də psixoloji cəhətdən sağlam olmalıyıq”.

O, COVID-19 zamanı qarşılaşdığımız psixoloji problemlərdən də danışıb. Deyir ki, iştahsızlıq, yuxunun pozulması, sevdiyimiz və bizi xoşbəxt edən işlərə marağın itməsi, alkoqol və siqaret istifadəsinin artması, konsentrasiya çətinlikləri kimi problemlər yaranır.

 

Bəs psixoloji sağlamlıq yaratmaq üçün nə etməliyik?

Evdə edə biləcəyiniz və sizi xoşbəxt edəcək fəaliyyətlər və oyunlar oynamalı, kitab oxumaq vərdişi qazanmalı, bu proses fiziki və psixoloji detoks kimi başa düşülməlidir. Uzun müddət izləmədiyiniz serial və filmlərin siyahısı yaradılmalı və onlar izlənilməli, yaradıcı oyunlar bütün ailə üçün planlaşdırılmalı və həyata keçirilməlidir. Uşaqlara keyfiyyətli və sağlam vaxt verilməli, fərqli yemək, desert reseptləri tapılmalı və hazırlanmalıdır. Fiziki məşqlər edilməli, açıq hava almaq üçün balkona getmək və pəncərələri mümkün qədər açmaq lazımdır. Ən vacibi isə, virusla bağlı xəbərləri həddən artıq oxumaq və paylaşmaq lazım deyil”.

Pandemiya dövründə stressin idarə edilməsi barədə mütəxəssislər nələr deyir?

 

Müəyyən bir səviyyədə narahatlıq bizi qoruyur!

Narahatlıq bizi qoruyan, təhdidlərə qarşı həssas və həyatda qalmağımıza kömək edən bir duyğudur. Narahatlıq, şəxsi gigiyena və sosial təcrid kimi tədbirlərə həssas olmağımızı təmin edərkən özümüzü müəyyən bir səviyyədə qorumaq, məlumat əldə etmək və tədbir almaq üçün motivasiyanı təmin edir.

 

Həddindən artıq narahatlıq və stress immunitet sistemimizə təsir edir

Narahatlıq bizi qoruyacaq səviyyədən yuxarı qalxanda, sağlamlığımıza mənfi təsir göstərməyə başlayır. Qorxu hissinə çevrilir və nəticədə xəstəliklərə qarşı dayanmaq gücümüzü itiririk. Stress immunitet sistemimizi aşağı saldığı üçün bir çox xəstəliyə yoluxmaq şansımızı artırır. Xəstəlikdən qorxduğumuz və bu narahatlığı həddindən artıq səviyyədə keçirdiyimiz zaman ona daha çox məruz qalırıq.

 

Səhv məlumatlar stress səviyyəmizi artırır

Bu müddət ərzində ən çox narahatlığımıza səbəb olan vəziyyətlərdən biri də sosial mediada yayılan səhv məlumatlara tez-tez məruz qalmağımızdır. Hər gün yeni fəlakət ssenarilərinin yazıldığı mənbələrdən məlumat almaq cəmiyyətdə səhvlə düzü ayırmaqda problem yaradır və daha çox narahatlığa səbəb olur. Məhz bu xəbərlərə görə səhvlə düzü ayırmaq çətinləşir. Buna görə məlumatı etibarlı mənbələrdən əldə etmək vacibdir.

 

“Mənə heç nə olmaz”, yaxud “bu xəstəlik gəlib məni tapacaq” deməyin

Xəstəliyə tutulma ehtimalını azaldaraq “mənə heç nə olmayacaq” düşüncəsi ilə şəxsi tədbir görməmək, eləcə də həyatı yalnız “bu problem məni tapacaq” düşüncəsi ilə qəbul etmək narahatlıq səbəbləridir.

Müəyyən dərəcədə olan narahatlıq sizə lazımi tədbir görməyiniz üçün motivasiya verir. Epidemiyaya qarşı mübarizədə fiziki və psixoloji sağlamlığın vəhdətdə olmasını unutmamalıyıq. Bədənimizi təhdidlərdən qorumaq üçün görülən tədbirlərlə yanaşı, ruhi sağlamlığımızı da qorumalıyıq.

Bəs, bu müddətdə ruhi sağlamlığımızı qorumaq üçün nə etmək olar?

 

Sosial medianın dəstəyi yerinə düşür

Texnologiyadan yararlanmağın vaxtıdır. İnternet və telefonlardan istifadə edərək, yaxınlarınızla ünsiyyətə davam edin. Gündəmi etibarlı mənbələrdən izləyin. Hobbinizə vaxt ayırın. Kitab oxumaq, film izləmək, musiqi dinləmək, stressdən uzaq olmaq, izdihamlı mühitlərə girməməyə çalışın. Əvvəllər kifayət qədər vaxt ayıra bilmədiyiniz işinizə və maraqlarınıza yönəlməyin vaxtıdır. Evdə qalmağı özünüzlə vaxt keçirmək fürsətinə çevirin. Stressi aradan qaldıran xüsusiyyətlərlə nəfəs və rahatlama məşqləri edin, idman edin, yuxu rejiminizə diqqət edin, sağlam qidalanın, bol maye için və həmişəkindən daha çox şəxsi gigiyenanıza diqqət yetirin.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir