RUHIYYE RUSTEMOVA

Niyə valideynlər uşaqlarına fərqli sevgi verirlər? – “QƏBUL OTAĞI”

Baxış sayı: 1. 657

Andre Mauroisə görə: “Uğursuzluğa və fəlakətlərə baxmayaraq, həyata olan inamlarını qoruya bilən yaxşı insanlar daha çox yaxşı bir ana tərəfindən böyüldülmüş olanlardır”. Ata və ana bir uşağın xəta və uğursuzluqlarına göstərdiyi münasibət çox əhəmiyyətlidir. Uşağın uğursuluğuna göstərilən xətalı reaksiyalar onda natamamlıq duyğusu və təlim edilmiş çarəsizlik psixologiyası yaradır. Nə üçün ailədə valideynlər doğma uşaqlarına fərqli sevgi verirlər? Birinə çox, digərinə az? Psixoloqların yetkinlik yaşında olan kişi və qadınlardan tez-tez eşitdikləri şikayət: “Mənim anam, atam bacımı (qardaşımı) məndən çox sevirdilər”. Gələcəkdə həyat maneələrinə qarşı özgüvənli olmaq üçün ən güclü psixoloji həb sevgidir. Demək ki, uşaq vaxtı özünü sevilməyən övlad kimi hiss edən fərd bir həyat boyu şüuraltısında incikliklərini daşıyırlar Əslində baş verən nədir?! Həqiqətənmi valideynlər uşaqlarının birini çox sevirlər, digərinin isə yox? Bəlkə onlar da öz uşaqlıq travmalarını anlamadan ailələrində canlandırırlar? Psixoloji araşdırmalar sübut etmişdir ki, hətta ana bətnində belə arzulanmayan uşaqlar: “Məni istəmirlər, məni sevmirlər” ruhsal durumunda doğulur və gələcəkdə xarakterində bədbinlik emosiaları özünü qabarıq şəkildə göstərir. Məsələn, bu cür uşaqlarda ana ilə konfliktlər, “onlar məni sevmirlər” kimi valideynlərə qarşı küskünlüklər, qardaş bacılarına nifrət və qəzəb özünü büruzə verir. Eyni zamanda, onlar tez-tez “nə edirəmsə, anam razı qalmır!”, “anam məni heç zaman tərifləmir və qucaqlamır!”, “sanki mən lazımsızam!”, “məni heç sevmirlər”, “mən tənhayam!” kimi şikayətləri edirlər və ya özlərinə qapanırlar. Nəticədə özü sevilməyən övlad kimi böyüyən şəxs gələcəkdə qurduğu ailədə öz uşaqlarına sevgi göstərə bilmir, övladları ilə tez-tez konfliktlərdə olur və daim onlardan narazı qalır. Bu hətta cütlüklər arasında ünsiyyətdə “o məni sevmir”, “tez-tez hədiyyələr etmir”, “tez-tez səni sevirəm demir” kimi ifadələrlə özünü göstərir və cütlüklər arasında ünsiyyətin dağılmasına səbəb olur. Bu cür psixoloji travmalar hətta maliyyə problemlərində də özünü göstərir. “Sevilməyən övlad”: “Mən heç zaman ailəmdə də sevilməmişəm ki, indida uğur qazanam…”, “yaşamağın nə mənası var…”, “necə çoxlu pulum olsun ki, necə xoşbəxt olum ki, mən buna uşaq vaxtından layiq olmamışam…” kimi bədbin düşüncələrlə tənha olduğunu düşünür.

Valideynlərin uşaqlarını fərqli sevməsi reallıqdırmı, yoxsa uşaqlar bu cür analiz edirlər və ya bu onların psxioloji eqoizm toplusudur? Tarixən söyləndiyi kimi, analar üçün uşaqlar arasında heç bir fərq yoxdur. Ana sevgisi və diqqəti hər birinə yetər. İdeal valideyn bütün uşaqlarını eyni cür sevib, onlara eyni diqqəti yetirməlidir. Təəssüflər olsun ki, həqiqətən bəzi ailələrdə bir uşaq daha çox sevilir və daha çox əzizlənir, icazələri məhdudiyyətsiz olur. Bunlara ailədə favorit uşaqlar deyirlər. Əgər valideyn özünə qapalı və emosionaldırsa, iki uşağından biri sakit, digəri isə enerjilidirsə, valideyn bu zaman şəxsi xarakterinə uyğun olaraq, uşaqlar arasında ünsiyyətdə və sevgidə seçim edir. Bu zaman o, daha sakit və səssiz olan övladına daha çox diqqət yetirir, onunla rahat ünsiyyət qurur, digərini isə danlayır. Digər tip valideyn hökmran və avtoritar xarakterli olarsa, bu zaman o səsli küylü və daha aktiv övladı ilə tərs düşüncəli ola bilib, özü xarakterli övladı ilə tez-tez münaqişələrə girə bilər. Bu halda, qarşı tərəf məni sevmirlər duyğusuna yüklənib, ailədə sevilməyən övlad olduğunu düşünə bilər. Qeyri-taraz olmayan münasibətlər uşaqlar üzərində psxioloji neqativ effektlər: özgüvən azlığı, özünü aşırı tənqid, cəmiyyətdən uzaqlaşma, ünsiyyət azlığı, qorxular, stress, tənhalıq hissi, qeyri-adekvat davranış, depressiya yarada bilər.

Ailə dinamikasında valideynləri günəş, uşaqları isə planetlər kimi təsəvvür edək, hansı ki, günəşin ətrafında fırlanaraq, ondan lazımi enerjini və istini almaq istəyirlər. Bunun üçün onlar özləri də enerji verir, varlıqlarının önəmli olduğunu sübut etmək üçün, müxtəlif cəhdlər edirlər. Nəzərə alaq ki, ana həyatından razı deyilsə, bu ailədə hər kəsə təsir edən enerjidir. Yalnız “valideynləri seçmirlər” ifadəsini tez-tez eşidirik. Valideynlər ilə ünsiyyət gərgin olduğu halda ətrafda hər şey ağ-qara və sonu həlsiz görünür. Azyaşlı uşaqların psixoloji konsultasiyalarında  “sehrli fırçam olsaydı, valideynlərimi daha mehriban, daha səbrli, daha fərqli, məni anlayan, məni dinləyən və hər zaman məni sevən birisi etməyini arzulayardım” etirafını eşitmək olar.

Uşaqlıq dövründə uşaqların uğur qazana bilməməklərinə göstərilən xətalı reaksiyalara onlara mənfi təsir edir. Ailədə rişxənd edilən, cəzalandırılan, alçaldılan uşaqlar həyat sınaqlarından qorxarlar. Uğursuzluğa rişxənd etmək ictimai cəza tərzidir. Hüquqi cəhətdən təqsir sayılmasa da, əxlaqi cəhətdən təqsirdir. Hər bir ailə unikal sistemə malikdir və əksər ailərdə sevilənlər, həmçinin imtina edilənlər var. Bu valideynlərin dogma övladlarına qarşı tətbiq etdikləri ən böyük cəzadır. Müdrik ailələrdə özgüvənli olan valideynlər şəxsiyyət kimi formalaşdırmaq istədikləri övladları arasında heç bir seçim qoymamalıdırlar. Bir uşağı digərindən seçməməlidirlər. Valideynlər ata və ana timsalında bütün övladlarına eyni cür sevgi göstərməli, onları olduqları kimi sevməlidirlər. Siz də uşağınızı fərqli sevirsinizsə, onlar arasında fərq qoyursunuzsa, o zaman bu gün, bu an düşünmək üçün kifayət qədər vaxtınız var. Travmanı kimə vurursunuz?! Uşaqların davranışlarına, müvəffəqiyyətsizliyinə qarşı rişxəndli və ittiham edici deyil, dəstəkləyici və qayğıkeş olmaq lazımdır. Onlara uğur duyğusunu həyat sevgisini balaca ikən ağızlarına uğur balı sürtməklə daddırmaq lazımdır.

 

Ruhiyyə Rüstəmova

Mayomed klinikasının əməkdaşı, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq psixoloji dəstək birliyinin rəhbəri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir