internet

Sevgilinin parolunu bilmək istəyirsən?

Baxış sayı: 1. 122

Son zamanlar internet səhifələrində tez-tez “sevgilinin parolunu bilmək istəyirsən?”, “Başqasının mesajlarını oxumaq istəyirsən?”, “Telefonla sən olmayandan nədən danışdığını bilmək istəyirsən?” kimi proqramların elanları verilir. Bu tip proqramlara aludə olanlar, başqaların məxfiliyini üzə çıxarmaq istəyənlər, bunun üçün pul verənlər də artır.

Psixoloq Vəfa Rəşidovanın dediyinə görə, son zamanlar şəxsi parolu sındırmaq, başqasının telefonundan mesajları oxumaq və başqa oxşar proqramlara tələbat həddindən artıq çoxalıb: “Çünki insanlarda tədricən mənəvi dəyərlər azalır, gözüyumlu inanmaq çoxları üçün sadəlöhvlük əlaməti kimi görünür. İnsan ilk növbədə özünə güvənməlidir ki, qarşı tərəfə güvənə bilsin. Münasibət quran tərəflərdən biri və ya hər ikisi bir-birini yoxlamaq üçün müxtəlif proqramlar və digər vasitələr axtarırsa, bu, onların arasında güvənin olmadığını göstərir və ya biri güvənsə də, digəri güvənmir”.

Vefa Residova

Həmsöhbətimizə görə, münasibətlərdə baş verən bu kimi hallar psixoloji narahatlıqdan xəbər verir. Bu psixoloji narahatlıq tərəflər münasibətdə olsalar da, bir-birlərinə, münasibətin möhkəm olduğuna inanmadığı üçün yaranır. “Arada güvən olsaydı, nə bir-birlərinin şəxsi parolunu sındırmaq istəyəcəkdilər, nə də başqasının telefonundan mesajların oxunmasına, gələn zənglərin bildirilməsinə xidmət edən proqramları yükləməyəcəkdilər”.

V.Rəşidova qeyd edir ki, paranoidal şəxsiyyət pozğunluğu olan insanlarda inamsızlıq hissi daha güclü olur və yoxlamaq, qarşı tərəfi həddindən artıq qısqanmaq, xəyanət edəcəyindən şübhələnmək daimi işgəncəyə çevrilir: “Mütəmadi, xroniki, patoloji bir vəziyyətdirsə, bu, artıq insanın psixoloji problemlərinin olduğundan xəbər verir. Paranoidal insanlar heç vaxt heç kimə güvənməyiblər. Belə insanlar mütləq mütəxəssis yanına getməli, psixoloji müayinədən keçməlidirlər. Bu, nəinki şəxsi münasibətlərdə problem yaradır, iş fəaliyyətində, sosial münasibətlərin qurulmasında da maneələr törədir. Bu, ciddi problemdir.

Sadəcə güvənsizliq yaşayan şəxslər nə vaxtsa onlara edilən xəyanətin, deyilən yalanın təsiri altına düşüblər. Keçmişdə yaşadığı uğursuzluqları bu gününə gətirir”.

Psixoloq hesab edir ki, bu cür proqramlara əl atan insanların “Məni heç kim aldada bilməz!” kimi qəti fikri də ola bilər. Bu normal deyil, sevən insanlar arasında inam hissi olmalıdır. “Təəssüf ki, indiki cütlüklərin əksəriyyəti aralarında güvən hissini formalaşdırmaqda çətinlik çəkir. Ona görə də, bu gün sevgi münasibətlərini davam etdirmək istəsələr də, bunu yarıda qoyan, nişan qaytaran, boşananlar həddindən artıq çoxdur”.
Güvənsizlik cütlüklərin həyatını parçalayırsa, mütləq mütəxəssis yanına getməlidirlər. Həqiqətən inamsızlıq hissi gələcək həyata düzgün addımlamağa imkan vermir.

Onun dediyinə görə, özünü həyat boyu dedektiv rolunda hiss edən şəxslər də olur: “Nə arada sevgi var, nə də qısanclıq. Sadəcə, onlar bir növ dedektiv kimi daim axtarışda olurlar. Bu da münasibət quran insanlar arasında axır-əvvəl ayrılığa gətirib çıxarır”.

Müsahibimizin fikrincə özünə, qurduqları münasibətə hörmət edən, qarşı tərəfdən heç nə gizlətməyən şəxs asanlıqla öz parolunu, mobil telefonunu ona verə bilər: “Evdə stolun üstünə ehtiyat etmədən zinət əşyalarımızı qoyuruqsa, qarşı tərəfə güvənirik. Bilirik ki, ailə üzvlərimiz heç vaxt götürməz, nəsə etməz. Münasibət də sağlamdırsa, tərəflər bir-birinə güvənməlidir. Amma stolun üstünə zinət əşyasını qorxaraq qoyuruqsa, inam yoxdur” deyən Rəşidovaya görə, bəzən elə hallar olur ki, şəxs öz gizliliyini saxlamağa can atır, nə parolunu vermək istəyir, nə də telefonunda yazışmaları göstərir. “Bu isə həmin insanın həqiqətən də başqasıyla da maraqlandığını, ya da bölüşmək istəmədiyi bir məsələlərin olduğunu göstərir. Bu da qarşı tərəfə soyuq münasibətdən, səmimiyyətin olmamasından xəbər verir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir