Martdan etibarən ölkədə başlayan qadağa rejimi bir çox sahələrinin gəlirinin ciddi azalmasına, bəzi sahələrin isə tamamilə fəaliyyətsiz qalmasına səbəb oldu. Bu təsir mənzil bazarından da yan keçmədi.
Bu gün “maklerlər bağı”ndakı durğunluq da bunu deyir. Alıcı və satıcı arasında vasitəçilik edən şəxslər müştəri tapmaqda çətinlik çəkirlər. Alqı-satqı bazarında cüzi də olsa iş olmasına baxmayaraq, kirayə bazarı tamamilə “ölüb”. Uzun müddət gəlirsiz qaldıqlarını deyən vasitəçilərin əsas ümidi isə payızadır.
Bəs görəsən, payızda necə, kirayə mənzil bazarında aktivlik müşahidə oluna bilər?
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov məsələ ilə bağlı danışarkən kirayə mənzil bazarındakı vəziyyəti qiymətləndirərək proqnozları açıqladı: “Ötən ilin avqustundan etibarən kirayə mənzil bazarında bir aktivlik və qiymətlərdə 15 faizədək yüksəlmə müşahidə edildi. Sentyabradək isə bu rəqəm 20-25 faizədək qalxdı. Hətta bazarda mənzil qıtlığı yaranmışdı. Amma ötən illə müqayisədə cari ildə kirayə mənzil bazarında gözəçarpan fərq var. Hazırda Bakıda kirayə mənzil bazarındakı durum ötən ay ilə eynidir. Hələ də aşağı qiymətli olan kirayə mənzillərə tələbat qalır. Lakin orta və yuxarı məbləğli kirayə mənzillərin 35-40 faizi boşdur. Bu da iki amillə bağlıdır. Bunlardan birincisi tələbələrin Bakıda olmaması, digəri isə ticarət obyektlərinin uzun müddət bağlı qalması oldu ki, belə olan halda iş üçün Bakıya gəlmiş şəxslər yenidən öz rayonlarına qayıtdılar. Hələ də bu şəxslərin geri dönüşü aktual deyil. Düşünürəm ki, karantin rejimi daha da yumşaldılsa, bu zaman müəyyən təsirləri görə biləcəyik”.
“Regionlardan Bakıya giriş-çıxış açılarsa, təbii ki, bu zaman müəyyən təsirləri görə biləcəyik. Bundan başqa, iri ticarət mərkəzləri, “Mall”arın açılması da rayonlardan işçi qrupunun qayıtmasına səbəb olacaq. Çünki hazırkı şəraitdə bu şəxslər Bakıya qayıtmaqda maraqlı deyillər”, – deyə ekspert bildirib.
Ekspert hesab edir ki, pandemiya, karantin bitdikdən sonra ticarətdə yenidən canlanma nəzərə çarpacaq ki, bu da kirayə mənzil bazarında da özünü göstərəcək.