gozellik salonu

Ölüm təhdidi altında gözəllik

Baxış sayı: 910

Yumşalmadan sonra fəaliyyətlərinə icazə verilməsinə baxmayaraq, koronavirusa yoluxma riski olan yerlər arasında gözəllik salonları hələ də qalmaqdadır.

Bu günlərdə Türkiyənin Ordu şəhərində toyda koronavirusa kütləvi yoluxma halı baş verib. Hürriyet.com-un məlumatına görə, hadisəyə təkcə pandemiya dövründə deyil, adi günlərdə belə əməl edilməli olunan sadə gigiyena qaydalarına riayət edilməməsi səbəb olub. Belə ki, eyni makiyaj vasitəsindən istifadə edən 35 nəfər COVID-19-a yoluxub. Yoluxmanın daha da artmasının qarşısının alınması məqsədilə məhəllə ümumilikdə karantinə alınıb.

Azərbaycanda da bir müddət davam edən qadağadan sonra gözəllik salonları fəaliyyətini bərpa edib. Hazırda bu məkanlarda bütün kosmetoloji xidmətlərin göstərilməsinə icazə verilib. Amma etiraf edək ki, bizdə də heç də hər yerdə adi gigiyena qaydalarına ciddi əməl edilmir. Kiçik bir səhlənkarlıq virusun yayılmasına gətirib çıxara bilər.

kosmetoloq Elnare Rzayeva

Tanınmış kosmetoloq Elnarə Rzayeva bildirir ki, pandemiya dövründə bərbərxanalar, gözəllik mərkəzləri sanitar və gigiyenik tələblərə mütləq şəkildə əməl etməlidir. Dəri ilə təmasda birdəfəlik tibbi əşyalardan istifadə olunmalıdır.

E.Rzayeva deyir ki, peşəkar kosmetoloji xidmətlərin göstərildiyi məkanlarda bu tələblərə əməl olunur: “Biz müştəriləri öncədən qəbula yazılmaqla qəbul edirik. Bu, ilk növbədə öz əməkdaşlarımızın, daha sonra qəbula gələn insanların sağlamlığı baxımından vacibdir. Tibbi avadanlıqlar mütləq şəkildə dezinfeksiya edilir. Amma dediyiniz məqam makiyaj vasitələri ilə baş verib. Bu xəbər vizajistlər üçün ciddi siqnal olmalıdır. Müştəri üçün istifadə edilən ənlik və kirşanların birdəfəlik olması mümkün deyil. Ona görə də makiyaj vasitələri üçün istifadə edilən fırçalar imkan daxilində birdəfəlik olmalıdır. Bir müştəri üçün istifadə edilən fırça digər müştərinin vizajında istifadə edilməməlidir. Həmçinin, vizajist müştəri üçün istifadə etdiyi fırçanı yenidən ənlik və kirşana vurmamalıdır. Bu məqamlara mütləq əməl olunmalıdır ki, müştərilər arasında virusa yoluxma təhlükəsi artmasın”.

E.Kərimova pandemiya dövründə qəti şəkildə dodaq boyasından bütün müştərilərin istifadə etməsinin yolverilməz olduğunu söyləyir. O bildirir ki, vizaj zamanı müştərilər öz dodaq boyasından istifadə etməlidirlər.

Kosmetoloq görülən bütün gigiyenik tədbirlərə rəğmən vizaj zamanı virusa yoluxma riskinin yenə də qaldığını bildirir.

Baş infeksionist: "Azərbaycana gələn bütün insanlar koronavirusla ...

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev də imkan daxilində pasiyentləri vizaj xidmətindən istifadə etməməyə çağırıb: “Ənlik-kirşandan birdəfəlik istifadə mümkün deyil. Vizaj ustası bir müştəri üçün istifadə etdiyi kosmetikadan digər pasiyent üçün də istifadə edir. Ona görə virusa yoluxma riski artır. Çalışsınlar bu kosmetik xidmətdən istifadə etməsinlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir