Bu günlərdə Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzulardan biri də toy mərasimlərinin nə zaman bərpa olunacağı ilə bağlıdır. Toy etmək istəyən cütlüklər Operativ Qərargahdan yeni toy qərarı gözləsələr də, ölkədə ailə institutu ilə bağlı ciddi problemlər var. Xüsusən də boşanmalarla bağlı. Statistika üz güldürmür və ailə institutuna ciddi təhlükələr yaranıb. Öncə rəqəmlərə, sonra səbəblərə keçək…
Boşanma faizi ildən-ilə artır – yüksələn rəqəmlər
2020-ci ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 15334 nikaha daxilolma və 5788 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,7, boşanmaların sayı isə 1,4 olub. Ümumilikdə isə Azərbaycanda son 6 il ərzində boşanma hallarının sayı artıb. Ötən il Azərbaycanda 17 148 boşanma halı baş verib ki, bu da son 6 il üzrə ən yüksək göstəricidir. Ölkədə 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə 14 857 boşanma halı baş verib.
Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2014 və 2015-ci ildə 1,3, 2016-cı ildə 1,4, 2017 və 2018-ci illərdə 1,5, 2019-cu ildə 1,7 olub. Ötən il ərzində Azərbaycanda nikaha daxil olanların sayı 2017 və 2018-ci ilə nisbətən çox olsa da, bu rəqəm 2014-cü ildəki göstəricini üstələyə bilməyib. 2017-ci ildə Azərbaycanda 62 923, 2016-cı ildə isə 66 771 nəfər, 2015-ci ildə 68 773, 2014-cü ildə 84 912 nəfər nikah bağlayıb. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2014-cü ildə 9, 2015-ci ildə 7,2, 2016-cı ildə 6,9, 2017-ci ildə 6,5, 2018-ci illərdə 6,4, 2019-cu ildə 6,4 olub.
Boşanmanın birinci səbəbi xasiyyət uyğunsuzluğu, ikinci səbəb xəyanət…
Qeyd edək ki, Ədliyyə Nazirliyinin məlumatına görə, boşanmaların səbəbləri xasiyyətlərin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələrdir.
Daha çox boşanmalar isə xasiyyətlərinin uyğunsuzluğu səbəbindən baş verib.
2019-cu ildə 12 560 nikah xasiyyətlərinin tutmamasına, 793 nikah xəyanətə, 724 nikah uşaqlarının olmamasına, 709 nikah ailədaxili zorakılığa, 654 nikah maddi duruma, 605 nikah isə qısqanclığa, qalanları isə sərxoşluq və digər səbəblərə görə pozulub.
Amma indi yeni bir situasiya yaranıb. Pandemiya dönəmində boşanmalar da artıb, ailədaxili münaqişələr də. Xüsusən izolyasiya şəraitində yaşayan cütlüklər baş-başa qaldıqca daha çox danışır, bir-biri ilə daha çox ünsiyyətə girir və nəticədə… konfliktli situasiya baş verir.
Əslində, nikahın pozulmağını istəyən tərəflərin xasiyyətlərinin tutmaması ümumiləşmiş səbəbdir. Bu səbəbi araşdıranda, tərəfləri dinləyəndə müxtəlif və fərqli məqamlara rast gəlinir. Uyğunlaşma olmayanda, yəni dünyagörüşü, həyata baxış, əqidə, həyat haqqında düşüncələr nikaha girən şəxslər arasında bir-birini tamamlamırsa, bu, böyük problemlərə yol açır.
Zərərli vərdişlərə aludəçilik də boşanmanın səbəbləri sırasında yüksək faiz təşkil edir. Tərəflərdən biri hansısa bir vərdişinin olduğu haqqında tərəf müqabilinə xəbər vermir, gizlədir. Bu cür hadisələr isə sonradan ailədaxili münaqişənin səbəblərinə və boşanmalara gətirib çıxarır. Bundan başqa, reproduktiv sağlamlıq da ciddi nüanslardan biridir. Ailə qurmağı planlaşdıran tərəflər bir-birilərinə öz sağlamlıqları haqqında məlumat verməlidirlər, bu mütləqdir.
Bununla bağlı danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aynur Veysəlova qeyd edib ki, ailədaxili zorakılıq, qadın və kişinin həddindən artıq qısqanc olması, bir-birilərini həddən artıq nəzarətdə saxlamaları da boşanmalar zamanı əsas səbəb kimi göstərilir.
Koronavirus Azərbaycanda da, dünyada da… boşanmaları artırıb
Bu məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin COVID-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ailələrdə yaranmış vəziyyətin təhlilində də diqqət mərkəzinə gətirilib. Təhlildə qeyd olunub ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığı və boşanmaların artdığı müşahidə edilir. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,2-dən 1,7-ə qədər artıb. “Bu gün bütün səylər göstərilməlidir ki, ailə institutu qorunub saxlansın və daha da möhkəmləndirilsin” – bu fikirlər komitənin təhlilində yer alıb.
Çində koronavirus pandemiyası fonunda bir çox şəhərlərdə tətbiq edilən karantinlə əlaqədar ailələrin evdə qapalı vəziyyətdə qalması boşanmaların sayını artırıb. Bildirilir ki, Çinin mərkəzində Sian və Sıçuan əyalətindəki Dazou şəhərində mart ayında boşanma iddiası ilə rekord həddə müraciət olub. Mütəxəssislər bunu normal həyatda rast gəlinən kiçik problemlərin böyüdülməsi və ünsiyyət çatışmazlığı ilə əlaqələndiriblər.
Şanxayda yaşayan və “Bloomberg”ə danışan vəkil Stiv Li bildirib ki, vəkillik etdiyi boşanma hadisələrində 25 faiz artım olub. Onun sözlərinə görə, cütlüklər bir arada daha çox vaxt keçirdikləri üçün bir-birindən nifrət etməyə başlayıblar:
“İnsanların özlərinə aid məkanları olmalıdır. Bu, yalnız cütlüklərə deyil, hər kəsə aiddir”.
Bundan başqa, ailədaxili şiddət hadisələri də artıb. Belə ki, fevral hesabatlarına görə, epidemiyanın başladığı Uhan yaxınlığındakı Hubey bölgəsində şiddət hadisələri ötən ilə nisbətdə üç dəfə artıb.
Pekində “Bərabərlik” adlı qurumun yaradıcılarından olan Fenq Yuan şiddət səbəbindən yardım istəyənlərin sayında artım olduğunu bildirərək, evdə qalmağın daha əvvəl mövcud olan gizli şiddət meyillərinin ortaya çıxmasına səbəb olduğunu vurğulayıb.
İnsanların küçəyə çıxmamasına nəzarət edən polis qüvvələrinin də həmin dövrdə şiddətə məruz qalan qadınların yardım tələblərinə cavab verə bilmədiyi qeyd edilib.
Statistikaya görə, Çində boşanma üçün müraciət edənlərin dörddə üç hissəsi qadınlardır. Bildirilib ki, boşanmaq istəyənlər arasında gənclər üstünlük təşkil edir.
Pandemiya ailə münaqişələrinə necə təsir edib?
Azərbaycanda pandemiya dövründə ailə münaqişələrinin sayında qismən artım müşahidə edilir. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. Onun sözlərinə görə, bu ilin ilk dörd ayı ərzində komitəyə 73 müraciət daxil olub ki, onların da əksəriyyəti məişət zorakılığı ilə bağlı olub.
Pandemiya dövründə bütün dünyada məişət zorakılığı faktlarının sayının artdığını söyləyən T.İbrahimova BMT-nin baş katibi Antonio Quterreşin bununla bağlı ölkələrə müraciət etdiyini də xatırladıb:
“Baş katib bununla bağlı verdiyi bəyanatında bildirib ki, ölkələr məişət zorakılığından zərərçəkənlərin təhlükəsizliyi və onlara operativ şəkildə xidmətlərin göstərilməsi üçün işləri gücləndirsinlər. Bununla əlaqədar komitə tərəfindən də dövlət orqanlarına müraciət edilib ki, zorakılıqdan zərərçəkənlərlə bağlı işləri gücləndirsinlər, lazımi operativ tədbirlər həyata keçirsinlər”.
Boşanmalarda əsas səbəb – ünsiyyət qura bilməməkdir
“Boşanmalar, evlilik, cütlük münasibətlərində problemlərin ən vacib səbəblərindən biri ünsiyyət qura bilməməkdir”. Bunu da psixiatr Azər Bağırov yazıb. Onun yazdığına görə, müzakirə üsulsuzluğu -qarşı tərəfin sözünü kəsmək, qarşı tərəfə cavab haqqı verməmək ciddi ünsiyyət problemi yaradar. Ümumilikdə bu vəziyyət sürəkli davam etdiyində, cütlüklərin sevgi, ehtiras və şəfqət münasibətlərinə dərin zərər yetirir.
Effektiv ünsiyyət mesajı, qarşı tərəfə sadəcə, göndərdiyimiz zaman deyil, əks tərəfin bunu qəbul etdiyi və anladığı zaman baş verir.
Mübahisəli məsələlərdən söhbət edərkən, tərəflərin bir-birini ittiham etməsi ən sıx görülən haldır. O, ünsiyyət zamanı ortaya çıxan problemlərdən də danışıb ki, bunları da boşanmalara aparan səbəblər adlandırıb. Həmin səbəbləri sadalayaq.
Günahlandırıcı tərz istifadə etmək və ya qarşı tərəfi sonuna qədər dinləmədən özünü müdafiəyə keçmək – ünsiyyət pozğunluğuna səbəb olan əsas amillərdir.
Saxtakarlıq – Hər hansı situasiyaya uyğun, cavab olaraq qarşı tərəfə “xeyr” dediyiniz zaman əslində “bəli” demək istədiyinizi hiss etmisinizmi? Tənqid olunmaqdan və ya rədd edilməkdən çəkindiyiniz üçün “bilmirəm” deyərək doğru fikrinizi gizlətdiyiniz olubmu?
Uyğunlaşmama – Cütlüklər sözləri istifadə etmədən mimikalar vasitəsilə bir-biri ilə ünsiyyət qururlar və buna görə də bir-birlərinə qarışıq mesajlar göndərirlər. Və bu durum, onları mübahisə etməyə və bir-birlərinə qarşı səs tonlarını qaldırmağa səbəb olur. Gözləri bərəltmək, dodaqları büzmək və çiyinləri silkələmək, qarşı tərəfə xoşagəlməz mesajlar verər.
Kobudluq – Kobud hərəkətlər, ifadələr, davranış tərzi üstünlük təşkil edər.
Mütəmadi şikayətlənmə halı, tərəflərin bir-birinə incidici söz atmaları, aşırı məsləhət və ağıl vermə, dinləmə əskikliyi, dəstək olduğunu hiss etdirməmə, anlayış göstərməmə kimi problemlər yüksək faizlə ünsiyyət probleminə yol açar. Unutmaq olmaz ki, çox zaman insanlar, həlli olmayan problemlərdə belə, qarşıdakı insanın anlamağa çalışdığını görmək, problem həll olmasa da, anlaşıldığını görmək ehtiyacı hiss edərlər.
Digər səbəblər isə heç şübhəsiz ki, tərəflərin sosio-mədəni səviyyə fərqliliyi, cinsi problemlər, tərəflərdən birinin xəyanəti və ailədaxili şiddətdir.
Sonda… Bəli, demoqrafik inkişaf üçün evlənmələr şərtdir. Amma eyni zamanda ölkədə, ailə institutunda yaranan bu təhlükənin səbəbləri vaxtında aşkar edilməli və yoluna qoyulmalıdır. Əks halda, Azərbaycan ailəsi “bir addım irəli, iki addım geri” prinsipi ilə geriyə doğru addımlayacaq.
Sevinc TELMANQIZI