Nikahın pozulmasının qeydə alınması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin şəhər və rayon qeydiyyat şöbələri və “ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilir.
Bunun üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
• Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə razılıq ərizəsi;
• Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
• Yetkinlik yaşına çatmayan ümumi uşaqların olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı sənədlər təqdim edildikdə aparılır:
– ərin və ya arvadın xəbərsiz itkin düşməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
– ərin və ya arvadın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.
• Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi;
• Nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
• Nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
• Ər (arvadın) birgə ərizəsi və ya ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda nikah haqqında şəhadətnamə;
• Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Nikahın pozulması üçün həm elektron qaydada (https://www.e-gov.az/az/services/read/3238/1) müraciət oluna, həm də xidmət yerinə gəlməklə həyata keçirilə bilər.
Nəticədə:
• Nikahın pozulması haqqında şəhadətnamələr verilir.
• Müraciət elektron formada edildikdə nikahın pozulmasının dövlət qeydiyyatına alınması halından asılı olaraq ər-arvad və ya onlardan birinin iştirakı ilə nikahın pozulması haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı aparılır və bu barədə şəhadətnamənin təqdim edilməsi üçün ər-arvad və ya onlardan biri qeydiyyat orqanına dəvət olunur.
Dövlət rüsumunun məbləği:
• Yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında – 15 manat;
• Məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) – 15 manat;
• Digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə – 2 manat dövlət rüsumu ödənilməlidir.