pul

Ailə başçısını itirənlərə müavinət necə təyin edilir?

Baxış sayı: 1. 497

Ailə başçısını itirməyə görə müavinət sosial müavinətlərin bir növü olan aylıq müavinətlərə aiddir.

Ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi şərtləri aşağıdakılardır:

• əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;

• yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə.

Ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi müddətləri aşağıdakı qaydada tənzimlənir:

• vəfat etmiş şəxsin uşaqlarına – 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);

• vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına – əlillik müddətinə;

• vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə – uşağın 8 yaşınadək;

Müavinət şəxsin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən təyin edilir və ödənilir.

Ailə başçısını itirməyə görə müavinət müavinətlər tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir. Yəni müvafiq bank hesabı açılaraq banklar vasitəsilə ödəniş həyata keçirilir. Hal-hazırda ailə başçısını itirməyə görə müavinətin məbləği 80 manatdır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Müraciətin qeydə alınması barədə müraciət edən şəxsə bildiriş və qəbz verilir. Müraciət poçtla edildikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı müraciətin daxil olduğu gündən ən gec 3 gün müddətində bu barədə ərizəçiyə məlumat göndərir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanında ən gec 10 gün müddətində müraciətlə bağlı kollegial qaydada qərar qəbul olunur. Komissiya tərəfindən təyinatla bağlı imtina qərarı qəbul edildikdə, 5 gün müddətində səbəblər göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir.

Müavinət alan şəxsin müalicə müəssisələrində stasionar müalicədə, habelə cüzam xəstəxanasında olduğu dövrdə müavinəti ona tam məbləğdə ödənilir. Sosial xidmət müəssisələrində yaşayan şəxslərə təyin olunmuş müavinət onlara tam məbləğdə ödənilir. Sosial xidmət müəssisələrində yaşayan məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslərə təyin edilmiş müavinət onların qəyyumlarına və ya himayəçilərinə ödənilir.

Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Müavinət alan şəxsə verilməli olan və onun ölümü ilə əlaqədar alınmamış müavinətin məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatında olduqda yaşadıqları müəssisənin müdiriyyəti tərəfindən onların adına şəxsi hesab açılır, hesab haqqında məlumatlar müəssisənin yerləşdiyi ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına bildirilir, aylıq müavinət bu mərkəzlər tərəfindən həmin hesaba köçürülür.

Ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi xidməti elektronlaşdırılmayıb. Buna görə də ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanların inzibati binalarına və ya”ASAN xidmət” mərkəzlərinin inzibati binalarına aşağıdakı sənədlərlə yaxınlaşaraq müraciət edilməlidir:

Hüquqi Yardım » GancaPost

1) Vəfat etmiş (həlak olmuş) ailə başçısının ümumi iş (sosial sığorta) stajını notarial qaydada təsdiq olunmuş surəti;

2) Ailə başçısının yaşı barədə sənəd;

3) Hərbi qulluqçunun itkin düşdüyü barədə sənəd (Qanunun17.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda);

4) Onun itkin düşməsini təsdiq edən sənəd;

5) Yaşı 18-dən 23-ə qədər olan ailə üzvlərinin təhsil müəssisələrinin əyani şöbəsində oxuduqlarını təsdiq edən arayış (Qanunun 14.1.1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda);

6) Ailə başçısının ölümü barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın şəhadətnaməsi;

7) Ailə başçısı hərbi qulluqdan buraxıldıqdan 3 ay keçəndən sonra vəfat etmişdirsə və onun ölümü hərbi qulluq dövründə alınmış yaralanma, kontuziya və ya xəstəlik nəticəsində baş vermişdirsə, bu barədə tibbi-sosial ekspert komissiyasının rəyi (Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda);

8) Müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ailələrinə pensiya təyin edilməsi üçün verilən ərizəyə hərbi hissədən və ya rayon (şəhər) hərbi komissarlığından, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq idarə və müəssisəsindən hərbi qulluqçunun ölüm faktını, eləcə də ölüm tarixi və səbəbini təsdiq edən sənəd (Qanunun17.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda);

9) Pensiya təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportunun) notarial qaydada təsdiq olunmuş surəti;

10) Ərizəçinin Qanunun 19-cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər (həmin əlavəni almaq hüququ olduqda);

11) Vəfat edənin 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına və ya nəvələrinə qulluq edən ata (ana), ər (arvad), baba, nənə, qardaş və bacının işləmədiyi barədə arayış (Qanunun 14.1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda);

12) Ailə üzvlərinin vəfat etmiş ailə başçısı ilə qohumluq münasibətlərini təsdiq edən sənəd.

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması:

• E-poçt vasitəsilə məlumatlandırma;

• Poçt xidməti vasitəsilə məlumatlandırma;

• Telefon vasitəsilə məlumatlandırma;

• Yerində (şifahi və ya yazılı) məlumatlandırma. Ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün müraciət etdikdə heç bir ödəniş, xidmət haqqı, dövlət rüsumu nəzərdə tutulmayıb




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir