Efsane R

“Opjijitel qızı!” – “NATAMAM”

Baxış sayı: 2. 169

“Madam məğlubiyyətlərdən danışdıq, sizə bir etiraf edim.. Mən elə ilk başdan məğlubiyyətlə başladım həyata. Xatırlayırsınızsa, mən Füzulidənəm. O vaxt qaçqın gələndə 3 yaşım ancaq olardı. 4 uşaqlı evin 2-ci uşağı. Başqa bir qohum evinə sığındıq ilk başda. Sonra ev-evə yerləşməz deyə birgəyaşayış mənzillərindən bir otağa köçdük. Əslində siz düşünə bilərsiniz ki, azyaşlı bir uşağa nə qədər təsir edə bilər ki bu?! Amma körpəliyinin ilk çağlarında EV-OCAQ qoxusu olmayan,  uşaqlığına dair ən kiçik nişanəyə belə həsrət qalan, dağınıq xatirəli birinin hekayəsi kimi baxın siz buna. O yaşda edə bilmədiyim, qonşudan-qonumdan ayıbdı deyib səssizləşən, camaatdan ayıbdı deyə uşağına layla oxumayan bir ananın qızı nə qədər xoşbəxt ola bilər ki?!  Onda mən bunu dərk etmirdim, amma sizinlə danışanda anlayıram ki, bu gün mənim xoşbəxtlik üçün bu qədər ac olmağımın səbəbi xoşbəxt ev anlayışımın olmamasıdır. Sığalsız böyüyən uşaqlar hamıya tez yovuşur. İlk sığala təslim olub aldanır. Mənim də ilk sığalımı başıma o çəkmişdi. O-yoldaşım yox. Mən yoldaşımdan öncə birinə aşiq olmuşdum. Yəni mənim üçün eşq duyğusu onunla formalaşdı. Çox uzun danışıb yormayacam sizi. Münasibətimizi rəsmiləşdirmək üçün günləri sayarkən bir gün BİZ AYRILMALIYIQ!- dedi və heç bir izah vermədən vaqonda məni tək qoyub getdi. Məsələni anlamamışdım, amma şokdaydım. Metroda adam çox idi deyə ağlaya da bilmədim. Həmin gün mən Həzi Aslanov-Əcəmi qatarını 5 dəfə gedib-qayıtmışam. Sonra Əcəmidəki yataqxanaya yolladım evə sarı. 6 nəfər 2 otaqda yaşayırdıq. Hansı duyğumu real yaşaya bilərdim ki?!

Nəisə. Sonra qulağıma çatdı ki, “opjijitel qızı ala bilmərik!” deyib anası. Və ondan sonra kiminsə məni sevə biləcəyinə ehtimal vermədim. Onsuz da sonunda gəlib dayanacağım nöqtə bu idi. Ondan sonra da indiki yoldaşım məni “bu qüsurumla” qəbul etdi deyə TEZ onunla evləndim. Belədir əslində hekayənin əvvəli. Qaçqınlıq statusu ləğv olunanda ilk düşündüyüm o oğlanın anası oldu. Görən o nə hiss etdi?! Nəisə, gecdi artıq bu duyğular üçün.  Sadəcə danışdım ki, qırıqlıqlarımın ilk nöqtələrin bilin.  Məcburiyyətdən belə olsa, bu qədər ev dəyişməklə sanki mənim də şüuraltıma bir düşüncə hopub. XOŞBƏXTLİK BƏLKƏ DƏ BAŞQA ÜNVANDADIR.”

Utandım düzü. Heç bu tərəfindən baxmamışdıq hadisələrə. Bizim üçün onlar GÜZƏŞTLƏRİNİN KEYFİNİ ÇIXARAN bir kütlə idi. Sən demə, necə dərin imiş yaraları. Və o yaralarda bizim də “əməyimiz” var imiş. Nəisə ki, danışmağa başladı. Açdı bu qaçaqaçlı ruhunun səbəbini bizə.. İndi işimiz lap çətinləşdi, biz 27 il öncəni təlafi etməyə başlamalıyıq. Dünəni yox..

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir