PEYVEND

Koronavirusa qarşı peyvəndlər, ümid varmı?

Baxış sayı: 749

“Son günlər koronavirusa qarşı peyvəndlərlə bağlı mətbuatda ardıcıl olaraq tirajlanan məlumatlar yekun elmi nəticələr deyil”.

Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyir.

COVID-19-a qarşı peyvəndlərlə bağlı yayılan məlumatlara münasibət bildirən azərbaycanlı alim tətbiq olunması nəzərdə tutulan peyvəndlərin məqsədlərindən danışıb, 1-ci və 2-ci nəsil peyvəndlərin fərqlərini də izah edib: “Mətbuatda ardıcıl olaraq yayılan məlumatlar o deməkdir ki, optimist olmağa dəyər, amma “məsələ həll olundu” deyib virusa qarşı tədbirlərdən əl çəkmək olmaz. Tibb elminin gəldiyi son qənaət də ondan ibarətdir ki, tətbiq ediləcək ilk peyvəndlərlə (birinci nəsil) bir müddət sonra tətbiq ediləcək ikinci nəsil peyvəndlər arasında böyük elmi yeniliyə əsaslanan ciddi fərqlər olacaq”.

Tibb elmləri doktoru bildirib ki, insanlara nəzərdə tutulan birinci nəsil peyvəndlərin məqsədləri barədə mütəmadi olaraq məlumat verməkdə fayda var: Alimin fikrincə, bu, onlara məsələnin mahiyyətini tamlığı ilə başa düşməyə kömək edəcək: “Belə ki, ilkin nəsil peyvəndlərin tətbiqində məqsəd ağır kliniki gedişlə izləniləcək yoluxmalarda xəstəliyin ağır keçməsinin qarşısını almaqdır. Yəni, peyvəndi alan adamlar xəstəliyi ağır keçirtməyəcəklər, amma virusa yoluxa bilərlər. Burada əsas məqsədlərdən biri ölüm hallarının qarşısının alınması, digəri isə ağır kliniki gedişli xəstələrə görə səhiyyə sistemlərində yarana biləcək yüklənmələrin izlənilməsidir. İkinci nəsil peyvəndlərin tətbiqindəki funksiya və məqsəd tamamilə fərqlidir. Burada düşünülən odur ki, peyvənd birbaşa selikli qişaya tətbiq edilsin və selikli qişa immuniteti yaransın ki, bu da öz növbəsində böyük bir virus yükünü burnuna çəkən şəxsi bu virusa yoluxmaqdan qorusun. Yəni, ikinci nəsil peyvəndi alan adamlar COVID-19 virusuna bir daha tutulmasınlar. Bu istiqamətdə artıq Çində uğurlu tətqiqatlar başa çatıb və peyvənd siçanlarda uğurlu və effektiv tətbiq olunub, hələ ağırlaşmaları bəlli deyil. Tətqiqatda göstərilir ki, bu peyvəndlərin tətbiqindən sonra qanda müvafiq anticismlərlə yanaşı selikli qişa immunitetinə xas olan İgA anticismləri də aşkarlanıb”.

Azərbaycanlı alim qeyd edib ki, bu peyvəndlərin tətbiqi hətta aerozol şəklində (burun spreyləri) nəzərdə tutula biləcək və dünyada tam təhlükəsiz tətbiqini minimum 1 ildən sonra gözləmək real sayıla bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir