“Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi. Bu barədə ASC-dən açıqlama verilsə də, qurum vədinə əməl edə bilmədi. Səbəb isə illərdir “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu göstərilir. Borc yüksək olduğundan, qazanxanaların qaz təchizatı dayandırılıb. Təəssüf ki, illərdir iki qurum arasında olan borc qalmaqalının əziyyətini vətəndaşlar çəkir. Xatırladaq ki, “Azəristilik”in ötənilki borcunu dövlət öz üzərinə götürdükdən sonra əhaliyə istilik verildi. Amma görünən odur ki, problem hələ də davam etməkdədir.
Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirir ki, keçən ilki ödəmələr ötən mövsümlə bağlı idi:
“Hər mövsüm üçün qaz təchizatı var. Əgər istiliyin verilməməsini qaz ala bilmələrilə əlaqələndirirlərsə, qazanxana, hansı mərkəzləşdirilmiş istilik sistemi olan yeri idarə edən məsul şəxs deyirsə ki, biz qaz ala bilmirik, bunun səbəbini də açıqlaya bilərlər. Ölkədə kifayət qədər qaz ehtiyatları var. Bu gün sifarişçinin alacağı qazın ödəmələrilə bağlı öhdəlikləri də üzərinə götürmək şərtilə istənilən sifarişini yerinə yetirməyə hazırıq. Yəni sifarişçi alacağı qazın sərfiyyatına uyğun ödəmələri icra etməlidir. Bu baxımdan qazanxanalar qazı hansı səbəbdən almadıqlarını yaxşı bilirlər. Buna özləri aydınlıq gətirsələr daha yaxşı olar”.
Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, binalara istiliyin verilməmə səbəbi bu sahədə islahatların aparılmamasıdır:
“Məsələn bu gün elektrik enerjisini ödəmədən kimsə işıqdan və yaxud qazdan, sudan istifadə edə bilmir. Çünki təchizat dayandırılır. Təchizatın dayandırılması üçün mexanizmlər yaradılır. Amma istiliklə bağlı bu mexanizm yoxdur. Elə çoxmənzilli binalar var ki, orda yaşayan şəxs istilik sistemini ləğv edib, yerinə kombi quraşdırıb.
Bir binada 4-cü mərtəbə istilik sistemindən istifadə edir, amma 3-cü mərtəbə sakini istifadə etmir. Lakin istilik təchizatı ilə məşğul olan idarənin bundan xəbəri yoxdur. Beləliklə, onlar ümumi şəkildə gəlib hər kəsdən pul toplamaq metodunda qalıblar. Binaların bir çoxunda mərkəzləşdirilmiş istilik sistemi bir evdə var, digərində isə yoxdur. Son illərdə bu istiqamətdə işlər gedir. Amma bütövlükdə problem olaraq qalır”.
S.Məmmədov qeyd edir ki, istilik təchizatı ilə məşğul olan idarə yığımı normal həyata keçirə bilmir:
“Xəbərləri yoxdur ki, kim istilik alır, kim yox. Yəni, ortada normal baza yoxdur. Məsələn, kimsə 10 il öncə evini satıb, indi isə mülkiyyətçi başqa şəxsdir. Lakin yeni mülkiyyətçinin adına borc siyahısı göndərirlər. Hətta bura qədər məlumatsızdırlar. Elektron sistemə girsək, istifadə etdiyimiz işıq, qaz və.s ilə bağlı abonent kodunu görəcəyik. Həmin kod əsasında sistemə daxil olub, ödəniş etmək mümkündür. İstilik sistemində isə bu yoxdur. Problem buradan qaynaqlanır. Müvafiq idarə yığımı həyata keçirə bilmir və söz-söhbət yaranır”.
Liqa sədrinin qənaətincə, məsələnin həlli üçün istilikdən istifadə edib-etməyən sakinlərin dəqiq siyahısı bilinməlidir. Beləliklə yalnız istilik sistemindən istifadə edən vətəndaşlar pul ödəməlidirlər:
“Xarici ölkələrdə kommunal ödənişlərlə bağlı ən çox ödənilən xərclər məhz istilik xərcləridir. Biz isə adət etmişik ki, bu xərcləri dövlət versin. Problem budur. Müəyyən islahatlar həyata keçirilməsə, xoşagəlməz hallar yenə yaşanacaq”.