COVID-19

Açıq havada koronavirusa yoluxma riski var – Professor danışır

Baxış sayı: 741

Çirkli hava koronavirusa yoluxmaya imkan verir. Bunu Türkiyə Torokal Cəmiyyətinin rəhbəri, professor Həsən Bayram deyib. Onun sözlərinə görə, havada olan çirkli hissəciklər koronavirus daşıyıcısı ola bilər, ona görə də açıq havada da maska taxılmalıdır. Mütəxəssisin sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, qapalı mühitlərdə öskürəndə, yüksək səslə danışanda və güləndə çıxan damlacıqlar ətrafa yayılaraq müəyyən bir müddət havada qalır. Bu istiqamətdə tədqiqatların açıq sahələr üzrə də aparıldığına diqqət çəkən professor qeyd edib ki, havadan toplanan hissəciklərdə müxtəlif göbələklər, bakteriyalar, viruslar və antigenlər tapılıb.

Qeyd olunub ki, 2010-cu ildə Tayvanda aparılan araşdırmada, səhrada toz fırtınaları zamanı hissəciklərdə A qripi virusu olduğu təyin olunub. İtaliyada aparılan bir araşdırmada isə tədqiqatçılar havanı çirkləndirən hissəciklərdə koronavirus aşkarlayıblar.

Bu hissəciklərin xəstəliyə səbəb olduğunun hələ təsdiqlənmədiyini vurğulayan professor deyib ki, alimlər bu yöndə araşdırmaları davam etdirilər. Çünki havadakı hissəciklərdə virusun olması xəstəliyin bu şəkildə yayıla biləcəyi şübhəsini artırır. Virus havadakı hissəciklərdə günəşə məruz qalanda və bir müddət sonra təsirini itirir, ancaq səthlərə yapışa, küləyin təsiri ilə yayıla da bilər. Kimsə 10 dəqiqə ərzində canlılığını itirməmiş həmin hissəciklərlə nəfəs alanda xəstəliyə yoluxa bilər. Xüsusilə insanların çöldə sıx olduğu zaman, əhali çox olan şəhərlərdə, avtobus dayanacaqlarında, küçədə, parklarda bu cür yoluxmaların olması mümkündür.

Mütəxəssis havada yüksək çirklənmə saatlarında çölə çıxmamağı tövsiyə edib. Havada çirkliliyin səhər və axşam saatlarında sıx olduğunu bildirən professor evlərin havasını günorta saatlarında dəyişməyi də tövsiyə edib.

Onun sözlərinə görə, astma, ürək xəstəliyi kimi həssas xroniki xəstəlikləri olanlar, yaşlılar və uşaqlar güclü hava çirkliliyi dövründə açıq havada çox vaxt keçirməməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir