Sevgilim.
Hərdən sənə zəng çatmır.
Narahat oluram, özümdən aslı olmur..
Yox… Nigaran deyiləm sənin sədaqətindən.
Bircə yaman qorxuram mərmilərin səsindən.
Sevgilim.
Burnumdadı tərə qarışmış qoxun..
Bilirsən, bu aralar ərşə çəkilib yuxum.
İçimizə sərpilib şübhə qarışmış toxum
Adam da qorxarmı heç Bir telefon səsindən?!
Gecəni sübhə kimi tikan üstə yatıram.
Adsız gələn zəngləri adın ilə açıram.
Mən şəhid xəbərindən elə uzaq qaçıram.
Ürəyim sakitləşir bircə sənin səsindən.
Sevgilim.
Demirəm ki, burax gəl, orda başsız əsgəri
Biz bizi qoruyarıq, siz qoruyun səngəri
Bütünlüklə götürün – 20% əngəli
Sən də İlhamlanırsan qələbənin səsindən?!
Nə olar. Tez qutarsın. çox darıxır qadınlar.
Uşaqlar çox darıxır. Doğulmamış uşaqlar.
Mənim nə yazdığımı toysuz gəlinlər anlar,
Bizlər nifrət edirik müharibə sözündən (səsindən)
Qayıt gəl, bəlli olsun yanağımdakı çuxur
Bütün evim-eşiyim vətən həsrəti qoxur
Bilirsən, indi anan məndən daha çox qorxur.
Danışanda sezirəm bunu onun səsindən.
Ağlamasın nə anan, nə mən, nə də sevgilin.
Gəl götür ürəyimdən bu ayrılıq nisgilin
Sevgilim.. ay sevgilim.
Tam olanda torpaqlar dönməzsən ki sözündən?!
Əlim ürəyimdədi, ürəyim də ağzımda
Bilmirəm daha nə var alnımdakı yazımda
Səni gözləyirəm mən çöl qapının ağzında
Mənə işarə elə bir öskürək səsindən.
Psixoloq Əfasanə Rüstəmova
06.11.20