zorakiliq

Azərbaycanda məişət zorakılığını yaradan problemlər

Baxış sayı: 1. 005

Gender bərabərliyi istər dünyada, istərsə də Azərbaycanda vacib ictimai təhlükəsizlik məsələlərindən biri kimi daima müzakirə olunur. Azərbaycan hökumətinin 2006-ci ildə “Gender bərabərliyinin ölkə üzrə təminatı haqqında” Qanunu qəbul etməsinə baxmayaraq, “gender bərabərliyi” anlayışının cəmiyyətdə təşviqi bugünə kimi lazımı səviyyədə aparılmayıb. Bu da öz növbəsində ölkədəki ictimai təhlükəsizlik məsələlərində bir çox boşluqlara yol açır.

Azərbaycanda Gender berabərliyi balansı siyasi sferadan tutmuş iqtisadi, sosial və digər sahələrə qədər təmin edilməyib ki, bu da öz növbəsində ölkə vətəndaşının kişi və qadın bərabərliyi anlayışı haqqında olduqca az məlumatlandırılmasına gətirib çıxarır. Belə ki, gender bərabərliyi balansının təmin olunmadığı cəmiyyətlərdə gender əsaslı zorakılıq halları da geniş füsət alır.

Gender əsaslı zorakılığın əsas növü kimi məişət zorakılığı Azərbaycanda geniş yayılmışdır. Təəssüf doğuran əsas məqamlardan biri isə ölkədə qadınlar məişət zorakılığına məruz qalan əsas qrupdur. Azərbaycanda məişət zorakılğı ilə bağlı “İnsan Hüquqları Müdafiəçiləri” qeyri-hökümət təşkilatının hazırladığı hesabata əsasən 2018-ci ildə 43% qadın məişət zorakılğına məruz qalıb və 29% zorakılıq hallarında təqsirkar zərərçəkmişin həyat yoldaşı olmuşdur.

Digər narahatedici məqam isə Azərbaycanda məişət zorakılığı məsələsi daha çox ailənin konfidensial məsələsi kimi qəbul olunur, normal hal kimi qarşılanır və əksər hallarda səlahiyyətli orqanlar tərəfindən rəsmi qeydiyyata belə alınmır. Belə ki, 2010-cu ildə məişət zorakılığının qarşısını alması məqsədi ilə qanun qəbul etmişdir. Buna baxmayaraq qanunun səlahiyyətli orqanlar tərəfindən lazımı səviyyədə icra edilməməsi, qanunun icrasına nəzarətin zəif olması ölkə ərazisində məişət zorakılığı hallarının azalma hiss olunmadı və nəticədə qadınların hüquqların pozulmasının, azadlıqlarının məhdudlaşdırılmasının, ailədaxili psixi, fiziki, mənəvi, iqtisadi zorakılıqların qarşısı alınmadı. Qanunda olan ən gözəçarpan boşluqlardan biri də məişət zəmnində baş verən istənilən zorakılıq hallarının cinayət hesab olunmamasıdır (kriminalizasiyası) . Belə ki, Azərbaycan qanunvericiliyinə görə istənilən zorakılıq halında ölüm halı olmazsa təqsirkar hüquqi məsuliyyətə cəlb olunmur. Və nəticədə zorakılıq halları dəfələrlə eyni təqsirkar tərəfindən törədilir.

ZORAKILIQ

Bundan əlavə hələ də Azərbaycanda məişət zorakılığının qarşısının alınmasına dair Milli Strategiya və Milli Fəaliyyət Planı təsdiq edilməmişdir.

Yuxarıda qeyd edildiyi kimi Azərbaycanda məişət zorakılığı məsələsi ailədaxili məsələ kimi qəbul olunur və kənar müdaxilə konfidensiallığı pozmuş kimi qəbul edilir. Ona görə də ailədaxili istər psixi, istər fiziki, istərsə də mənəvi zorakılıqla üzləşən qadın polisə zərərçəkmiş kimi müraciət edərkən polis orqanları tərəfindən labüd dövlət dəstəyi ala bilmir, çünki polis orqanlarında çalışan şəxslər məişət zorakılığına məruz qalmış qurbana zərərçəkmiş şəxsin işi kimi deyil, qadının ailədaxili yalnış davranışı kimi baxır. Və polis də məişət zorakılığına ailədaxili məsələ kimi baxdığına görə zorakılıq zamanı təxirəsalınmaz müdaxilədən yayınır. Belə hallarda həmin qadınlar heç bir psixoloji dəstək almadan məcburən zorakılıq gördüyü ailələrə polis tərəfindən dərhal qayıdır, bəzən isə təəssüf ki, intihara cəhd edirlər.

Qeyd etmək lazımdır ki, ölkədə bir çox şəxs, qadınlar məişət zorakılığı ilə bağlı qanundan da xəbərsizdir. Və bu məlumatsızlıq qadınları istər ailədaxili zorakılıq zamanı öz hüquqlarını söyləməsindən, istərsə də polis orqanlarında lazımı müdaxilənin göstərilməməsi zamanı fikir bildirməsindən məhrum edir.

Məişət zorakılığı ilə bağlı Azərbaycanda hazırda mövcud olan digər bir problem də uzunmüddətli və qısamüddətli orderlərin verilməsindəki burokratik vəziyyətdir. Zərərçəkmiş şəxs məruz qaldığı zorakılıq halından asılı olmayaraq ilkin növbədə mütləq qısamüddətli mühafizə orderi verilir, daha sonra məhkəmə keçirilir və uzunmüddətli mühafizə orderinə müraciət olunur. Mühafizə orderlərinin verilməsindən yerli icra hakimiyyəti orqanlarının qeyri-peşəkarlığı zərərçəkmiş şəxslərin təqsirkardan vaxtında müdafiə olunmasında çətinliklər yaradır.

Azərbaycanda məişət zorakılığı məsələsində ən ciddi , həllini hələ də tapmayan problemlərdən biri də səlahiyyətli dövlət qurumları, nazirliklər ( Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Naziliyi, Ailə, Qadın və Uşaq məsələləri üzrə Komitə) arasında koordinasiyanın olmamasıdır. Bu koordinasiyanın olmaması səbəbindən ölkə üzrə məişət zorakılığı ilə bağlı dövlət qurumlarının təqdim etdiyi rəsmi statistik məlumatlar, rəqəmlər arasında həddən artıq böyük fərq var. Eyni zamanda bu hal zərərçəkmiş şəxslərin databazalarının yaradılması və mütəmadi yenilənməsində də ciddi problemlər yaradır. Məişət zorakılığı ilə bağlı ən önəmli çatışmazlıqlardan biri dı zərərçəkmiş şəxslər üçün zorakılıq hallarında 247 gün qaynar xəttinin olmaması və ölkə ərazısındə yetərli sayda sığıncaqların olmamasıdır.

Sadalanan mövcud problemlərin aradan qaldırılması üçün kompleks formada həll yollarına müraciət etmək lazımdır. İlk növbədə ölkədə bütün sahələrdə gender bərabərliyinin təşviq və tədbiqinə başlanılmalıdır. İlkin addım kimi ölkənin səlahiyyətli dövlət orqanlarında gender balansı təmin olunmuş mühit formalaşmalıdır ki, bu öz növbəsində ölkədə qadınlara qarşı diskriminativ davranış sərgiləyən bütün stereotipləri aradan qaldırmağa bir xeyli kömək edəcək. Hal-hazırda Azərbaycanda səlahiyyətli dövlət orqanlarında qərarverici vəzifələrdə qadınların faizi olduqca aşağıdır. Məsələn ölkə üzrə 1 nəfər qadın nazir var. (Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitə sədri) qadınları əsasən dövlət orqanlarında nazir müavini, yerli icra hakimiyyəti başçısının müavini vəzifəsində görmək mümkündür ki, bu da qadınların sadəcə olaraq icraedici vəzifələri gördüyünün göstəricisidir.

Belə ki, gender əsaslı balansın cəmiyyətdə saxlanmasında Təhsil sisteminin müstəsna rolu çox var. Təhsil sistemində Təhsil Nazirliyi tərəfindən islahatlar qəbul olunmalı, gender əsaslı mövzular kurrikuluma salınmalıdır. Gender bərabərliyi təşviqinin ölkə boyu aparılması gender əsaslı zorakılığın ən yayqın növü olan məişət zorakılığının azalmasında xüsusi rolu olacaq. Belə ki, kurrikuluma gender əsaslı mövzular salmaqla istər orta, istər ali təhsil müəssisələrində həm işçilər arasında, həm də şagirdlər, tələbələr arasında gender mövzusu gündəmdə olacaq, açıq müzakirələrə gətirib çıxacaq ki, bu da öz növbəsində məişət zorakılığının Azərbaycanda ən geniş yayılmış problem olduğunu hər bir ölkə vətəndaşına çatdıracaq. Bu yolla vətəndaş hətta orta təhsildən qadın və kişi bərabərliyi anlayışını dərk edəcək, bu balansın pozulmasında yaranan zorakılıqlar barədə məlumatlı olacaq.

Hazırda ölkə ərazisində geniş füsət alan məişət zorakılıq hallarının azaldılması üçün isə Azərbaycan hökuməti ilk növbədə qanundakı mövcud boşluq və çatışmazlıqları bir daha nəzərdən keçirməli, bu sahədə işləmiş yerli və beynəlxalq mütəxəssislərin rəylərinin icrasına ən tez zamanda başlamalıdır. İlk növədə ölkə üzrə məişət zorakılğının qarşısının alinması ilə bağlı Milli Fəaliyyət Planı təsdiq edilməlidir. Bundan əlavə məişət zorakılığı ilə bağlı qəbul edilmiş qanun hansı məişət zorakılğı əməllərinin cinayət, hansı məişət zorakılığı əməllərinin isə inzibati prosedurla baxılacağını fərqləndirməlidir və təqsirkar istənilən zorakılıq əməli hüquqi məsuliyyət yaratmalıdır.

Eyni zamanda zorakılıq hallarında zərərçəkmişlə müvafiq şəkildə hərəkət etmək və gender cəhətdən yetərincə həssas davrana bilən, təlim görmüş hüquq mühafizə orqanlarının və məhkəmə əməkdaşları olmalıdır. Onlar məişət zorakılıq halları zamanı zərərçəkmişlə təqsirkar arasında mübahisənin yeganə çıxış yolunu vasitəçilikdə görməməlidirlər. Cinayət Ədliyyə sektorunda, hüquq mühafizə orqanlarında, səhiyyə müəssisələrində zorakılığa məruz qalmış qurbanlarla işləyən şəxslər xüsusi sistemli təlimlər keçməlidir və ədliyyə sektorunun əməkdaşları arasında gender balansı qorunmalıdır.

Eyni zamanda Cinayət Prosessual Məcəllədə məişət zorakılığından əziyyət çəkmiş qadınların müəyyən ehtiyac və hüquqlarını əhatə edəcək xususi bir maddə olmalıdır. Qanunla zərərçəkmiş şəxslərə qısamüddətli və uzunmüddətli mühafizə orderlərini verən Yerli İcra Hakimiyyəti Orqanlarının səlahiyyətindən alıb yerli məhkəmə orqanlarına vermək lazımdır. Bunun da əsas səbəbi kimi, yerli məhkəmə əməkdaşlarının mühafizə orderlərini verməkdə yerli icra hakimiyyəti orqanlarından daha təcrübəli olmasından irəli gəlir.

zorakiliq

Bundan əlavə xəstəxanalarda gender cəhətdən məlumatlı, qanunu şəkildə zərərçəkmiş şəxslərlə birbaşa ünsiyyət qura bilən əməkdaşın olması vacibdir ki, , baş vermiş zorakılıq halını sənədləşdirib vaxtında polisə ötürsün.

Ölkədə məişət zorakılığına məruz qalmış qurbanların ən çox üzləşdiyi çətinlik isə 247 daxili qaynar xəttin olmamasıdır. Yalnız bəzi QHT-lər qaynar xətt yaradıblar ki, bu qaynar xətlər də donor maliyyəsi əsasında fəaliyyət göstərir. Dövlət zərərçəkmiş şəxslərin günün istənilən vaxtı birbaşa qaynar xəttə çıxışını təmin etməli və onlara sığınacaq və dəstəklə təmin edəcək ixtisaslaşdırılmış sığınacaq yaradılmalıdır.

Azərbaycan hökuməti məişət zorakılığı məsələsini ölkədə ictimai təhlükəsizlik məsələsi kimi qəbul edib ən tez zamanda beynəlxalq tövsiyyələri nəzərdən keçirib, bunun üzərində işləməlidir. İlk öncə 2015-ci ilin Qadınlara qarşı olan bütün ayrı-seçkilik formalarının ləğvi üzrə konvensiyasının tövsiyyələyinin təxirə salınmadan icrasına başlamalıdır. Cinayət prosesual məcəlləsində məişət zorakılığı hallarının cinayət hesab edilməsi ilə bağlı dəyişiklik etməlidir və zorakılıq hallarına kriminalizasiyalaşdırmalıdır. Bunun üçün İstanbul konvensiyasının ratifikasiyası üçün labüd addımlar dərhal atılmalıdır. Məişət zorakılığı haqqında qanunun icrasına çox yaxından nəzarət etməlidir.

Yekun olaraq, Azərbaycan hökumətinin məişət zorakılığı ilə bağlı bütün labüd məsələlərə aidiyyati səlahiyyətli dövlət orqanları arasında effektiv əməkdaşlığı qurması üçün koordinasiya qurumu yaratması tövsiyyə olunur. Bu qurumda gender cəhətdən sistemli təlimlərdən keçmiş, bu sahədə ixtisaslaşmış işçilər olmalıdır ki, burada da gender balansı qorunan bir mühit olmalıdır. Bu koordinasiya qurumu istər hüquq mühafizə orqanlarından, istərsə də istənilən tibb müəssisəsinə müraciət edən qurbanlar haqqında məlumatları qəbul edə və ötürə bilmək və zərəçəkmiş və təqsirkarlar barəsində dəqiq statistik məlumatlara əsaslanan databazanın formalaşmasında rolu olsun. Qurum müstəqil, heç bir səlahiyyətli qurumun təsiri altında olmamalıdır.

 

Günay Qasımova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir