Koronavirusun məlum dörd mutasiyasına dair məlumatların təhlilinə əsasən amerikalı alimlər COVID-19-un yaxın on ildə necə inkişaf edəcəyini hesablayıb.
“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu müddətdə SARS-CoV-2-nin endemik olacağı (müəyyən bölgələr üçün xarakterik olacağı) bildirilib. Uşaqlıqda yüngül xəstəlikdən qazanılmış immunitet isə ömür boyu qalacaq, suçiçəyində olduğu kimi. Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib.
Tədqiqatçılar qeyd edib ki, SARS-CoV-2 endemik olduqda ilk infeksiya üç-beş yaş arasında baş verəcək, xəstəlik isə yüngül əlamətlərlə davam edəcək. Gələcəkdə yaşlı insanlar da xəstəliyi yüngül keçirəcək, çünki uşaqlıqda meydana gələn antikorlar onları immunitet qoruması ilə təmin edəcək.
Alimlər peyvəndi müəyyən yaş qrupları üçün daha uzun müddət saxlayaraq onun mərhələli şəkildə ləğv edilməli olduğuna inanırlar. Vaksinasiyanın uşaqlara və ya yaşlılara edilməli olub-olmadığını isə xəstəliyin inkişaf dinamikasının təhlilinə əsasən söyləmək mümkün olacaq.