menzil

Tələbələrin kirayə mənzil problemi

Baxış sayı: 701

Fevralın 15-dən etibarən ali təhsil müəssisələrində tədrisin qismən bərpa olunması bölgələrdə yaşayan tələbələri yenidən kirayə ev axtarmağa məcbur edib.

Bu gün tələbə bileti almaq üçün Bakı Dövlət Universitetinin qarşısına toplaşan bir qisim tələbə arasında da kirayə ev axtarışında olanlar vardı. Aydın Həsənov adlı tələbə Sputnik Azərbaycan-a açıqlamasında billdirib ki, dərslər onlayn keçirildiyindən rayonda yaşayan tələbələrin çoxu bu tədris ili Bakıda kirayə ev tutmasalar da, ali məktəblərdə tədrisin bərpa edilməsi onları yenidən kirayə mənzil axtarmağa məcbur edib: “Kirayə evlərin qiyməti universitetlərə yaxın ərazilərdə çox bahadır. Ona görə də mən iki tələbə yoldaşımla Dərnəgüldə kirayə qalırdım. Orada kirayə mənzillərin qiyməti şəhərin mərkəzinə nisbətən ucuzdur. Amma dərslər onlayn olduğundan biz həmin evdən çıxdıq. İndi yenidən kirayə mənzil axtarırıq. Hələki aylığı 250 manata ev tapa bilməmişik”.

Ramidə Məmmədova adlı tələbə bildirir ki, o, kirayə ev yox, özünə otaq yoldaşı axtarır: “Biz Mətbuat prospektində aylığı 450 manata ev kirayələmişik. İndi özümüzə otaq yoldaşı axtarırıq. Mənzil üç otaqlı olduğundan, 5 qızla qalmaq fikrimiz var. Çünki kirayə evlərin qiyməti çox bahadır. Tələbələrin çoxunun bu qiymətə ev kirayələməyə imkanı yoxdur. Ucuz evlər Bakıətrafındadır. Uzaqdan isə universitetə gəlib çatmaq olmur”.

R.Məmmədova deyir ki, tələbələrin çoxu ayı 75 manatdan baha evdə qalmaq istəmir: “Tələbələrin çoxu ucuz ev axtarır. Universitetlərə yaxın, şəhərin mərkəzində isə ucuz ev tapmaq mümkün deyil”.

Tələbələr bildirdilər ki, qışda ev dəyişmək istəyən az olduğundan, kirayə ev tapmaq da onlar üçün çətinləşib: “Demirik ki, kirayə ev yoxdur. Var, amma bizə münasib olanı tapmaq çətindir”, – deyə tələbələr əlavə ediblər.

Ev alqı-satqısı, kirayəsi ilə məşğul olan Vahid Heydərov isə bildirir ki, ali məktəblərdə dərslərin qismən bərpası hələ ki, kirayə mənzil bazarında elə də canlanma yaratmayıb. Onun sözlərinə görə, ötən həftə 7 tələbə kirayə ev üçün onlara müraciət edib. V.Heydərov bildirib ki, ali məktəblərdə dərslərin qismən bərpası metronun Elmlər Akademiyası ətrafında evini tələbələrə kirayə təklif edənlərin də işini çətinləşdirib: “Dərslər qismən bərpa olunub. Ona görə də tələbələr otaq yoldaşı tapmaqda çətinlik çəkirlər. Kirayə evlərin qiyməti isə baha olduğundan tələbələrə tək qalmaq sərf etmir. Universitetlərdə dərslər tam bərpa olunsa, tələbələr otaq yoldaşı tapmağa çətinlik çəkməzlər”.

Həmsöhbətimiz deyir ki, hazırda kirayə təklif olunan 1 otaqlı evlər 300-350, 2 otaqlı 400-450, 3 otaqlı mənzillər isə 500-550 manat arasında dəyişir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, bir aydır ki, kirayə mənzil bazarında canlanma var: “Pandemiya dövründə kirayə mənzil bazarında durğunluq yaranmışdı. Bu, ali məktəblərdə tədrisin qismən bərpası ilə yox, iş yerlərinin açılması ilə bağlıdır. Amma tələbələrlə bağlı kirayə mənzil bazarında bu tələbat bir qədər də artacaq”.

E.Fərzəliyev bildirir ki, kirayə mənzil bazarında qiymətlər tələbələr üçün sərfəli deyil. Ekspert buna görə də tələbələrin çoxunun mərkəzdən kənarda, Bakıətrafında ev kirayələdiyini bildirib. Onun sözlərinə görə, tələbələrin bu problemlərinin həll olunması üçün mütləq universitetlərin yataqxanası olmalıdır: “Tikinti üçün ən çox xərc aparan torpaq sahəsidir. Tələbə yataqxanalarının çoxunda məcburi köçkünlər yaşasa da, yeni evlər tikildiyindən, onların əksər hissəsi köçürülüb. Bu gün həmin yataqxanalar yararsız halda olsa da, həmin yataqxanaların bərpası, yerində yenisinin tikilməsi mümkündür. Bu həm tələbə üçün rahat olur, həmçinin də ictimai nəqliyyatı yüklənmədən də azad edir. İndi tələbələr ucuz olması üçün şəhərin kənarında kirayə ev tutur. Bu isə tələbənin vaxtının çoxunun yollarda itməsinə səbəb olur. Torpaqların işğaldan azad olunması ilə tələbə yataqxanalarının yenidən bərpa olunması, inşa edilməsi məsələsi aktuallaşıb. Əgər həmin yataqxanaların yerində yeniləri inşa olunsa, tələbələr kirayə mənzil əzabından və xərcindən xilas olarlar”.

Qeyd edək ki, bu günlərdə Bakı Dövlət Universitetinin Tələbə evinin açılışı oldu.  BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bildirir ki, Tələbə evində tələbələr ənənəvi tədris bərpa olunduqdan sonra yaşaya bilərlər. Bundan əvvəl isə tələbə evində qalmağa ehtiyacı olan tələbələr müəyyənləşəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir