intihar

İntiharların sayını artıran səbəblər nədir?

Baxış sayı: 823

Son dövrlər Azərbaycanda intihar hadisələri artan sürətlə davam edir. Vətən müharibəsindən sonra bir neçə qazimizin özünə qəsd etməsinin ardından ölkə gündəmini gənc qızların intiharı zəbt etdi. Bəs intiharların sayını artıran səbəblər nədir?

Bəzi ekspertlər qeyd edir ki, səbəblərdən biri pandemiya və onun yaratdığı fəsadlardır. Xüsusən də son zamanlar koronavirusun sürətlə yayılan yeni ştammının ölkəmizə də gəlib çıxması ehtimalı ilə bağlı verilən açıqlamalar insanlarda ümidsizliyi, gərginliyi artırıb.

Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov aşağıdakıları dedi: “Mən inanmıram ki, sadaladığınız bütün bu hallar intiharların sayının artmasın gətirib çıxartsın. Statistika onu da göstərir ki, dünyada gün ərzində hər 48 saniyədən bir intihar hadisəsi baş verir. Bəli, son günlərdə Azərbaycanda da intihar hadisələri artıb. Bunun da mütləq hər birinin səbəbi var. Yəni intiharların hamısını koronavirus, karantin rejiminin uzadılmasına bağlamaq doğru deyil. Burada sosial, psixoloji, bioloji, genetik faktorlar ola bilər. Bunların hamısı da təhlil olunur”.

Elnur Rüstəmov: “İntihar edənlərin heç də hamısı kasıblar deyil”

elnur rustemov

Həkimin sözlərinə görə, əgər intihar hadisələri mətbuatda manşet olub geniş işıqlandırılacaqsa, sosial şəbəkələrdə müzakirə obyektinə çevriləcəksə, o zaman 4-5 gün intihar hadisəsi artacaq, sonra azalıb, yenə artacaq,  11 gündən sonra isə bu proses sönməyə doğru gedəcək: “Bu barədə Robert Çaldinin psixologiya əsərində qeyd olunub. Yəni əgər bu gün mətbuatda, sosial şəbəkələrdə özünü dənizə atanlar haqqında məlumatlar yer alarsa, o zaman özünü dənizə atanların sayı çoxalacaq. Biz bunu nəzərə almalıyıq. Biz insanıq. İnsanın narahatçılığı, problemi, gərginliyi ola bilər. Hətta insan intihar haqda da düşünə bilər. Amma intihar düşüncəsini ölümlə sonlandırmaq tamam başqa məsələdir. Burada kiçik bir stimul kifayətdir. Kiçik bir stimul ona təsir edir, ”başqası edibsə, mən də edə bilərəm” deyib, prosesi öz-özlüyündə adiləşdirir.

Düşünürəm ki, intihar xəbərlərini manşet etməməli, sosial şəbəkələrdə çəkib, paylaşmamalıyıq. Bu, insanın psixologiyasına ciddi təsir edir, zədələyir. Ailə üzvləri, valideynlər də bu məsələdə diqqətli olmalıdır. Əgər kimsə intihar hadisəsindən danışırsa dərhal bu barədə tədbir görməli, həmin insanın dərdinə qulaq asmalı, problemin nə olduğunu araşdırmalıdır. Bəzən yeniyetmə deyir ki, “həyatdan bezmişəm”, ailə üzvləri isə ona əhəmiyyət vermir. Mütləq şəkildə buna diqqət edilməlidir. Görünür ki, ailədaxili konflikt var və yeniyetmə bunun sonu olmadığını düşünür, sonda  çıxış yolu kimi intiharı seçir.

İntihar edənlərin heç də hamısı kasıblar deyil. Kifayət qədər zəngin olan insanlar da intihara əl atır. Məsələn, Henri Fordun oğlu da intihar edib. Eləcə də  Azərbaycanda da bir çox zəngin ailələrində intihar hadisələri yaşanır. Lakin bunu gizlədir, “səhhətində problem olub, ona görə qəfildən ölüb” kimi açıqlamalar verirlər. Halbuki,  yaxınları bilir ki, ölən şəxs əslində intihar edib”.

Əhməd Qəşəmoğlu təhsil sistemindəki sosial və psixoloji fəlakətləri sadaladı - LAYİHƏ - VİDEO - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Əhməd Qəşəmoğlu: “İnsanın hava qədər ünsiyyətə də ehtiyacı var”

Sosioloq Əhməd Qəşəmoğlu isə bunları qeyd etdi: “Uzun illərdir ki, intihar hadisələrini araşdırıram. İnsan nə zaman özünə qəsd edir? O zaman ki, müəyyən gərginlik içərisində olur. Gərginlik pandemiyadan əvvəl də olub. Məlum olduğu kimi, özünə qəsdlə bağlı xeyli tədqiqatlar var. Bir çox insanlar gərginlik içərisində olur, onun bir  qismi olanlara dözməyərək, özünə qəsd edir. Əlbəttə ki, intihara gətirib çıxaran faktorlardan biri də pandemiya və iqtisadi gərginlikdir. Lakin əsas səbəblərdən biri insanların sabaha ümidin bitməsidir. Hər bir insan bilməlidir ki, bir həftədən sonra onu nə gözləyir və yaxud bir ildən sonra nə olacaq. İnsan artıq duyanda ki, gələcək yoxdur, yerdə qalanların hamısı qarışır bir-birinə. Ən dəhşətli şey sabah haqqında ümidin bitməsidir. Bir çox ölkələrdə bunu nəzərə alaraq müxtəlif istiqamətlərdə işlər aparılır ki, insanlarda sabah haqqında bir ümid yaratsınlar.

Sovet hökuməti bununla bağlı kifayət qədər iş görürdü. Bunu təkcə sözlə deyil, həm də əməli şəkildə həyata keçirirdi. Yəni insanların güzəranı, təhsili ilə bağlı nələrsə edilirdi ki, bu da  insanlara ümid verirdi. Lakin təəssüf ki, indi bu  istiqamətdə işlər görülmür. İnsanlar arasında gərginlik yaradan səbəblərdən biri də pandemiyadır. İnsanların hər birinin suya, havaya ehtiyacı olduğu kimi ünsiyyətə də ehtiyacı var. Yəni insan necə ki, hava alır, eləcə də ünsiyyətə tələbatı var. Bu mənada ünsiyyət çox vacibdir. Sosial mühitdən təcrid olunduqdan sonra insanlar öz doğmalar, valideynləri, yaxınları ilə az ünsiyyətdə oldu”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir