Koronavirus pandemiyasının sonu yaxınlaşır. Ötən ilin fevralından etibarən Çin sərhədlərini aşıb dünyanı çənginə alan bəlanın yaratdığı iqtisadi böhranın nəticələri isə hələ qalmaqdadır. Bütün dünya boyu ölkələr, dövlətlər böhran nəticəsində işsiz – gəlirsiz qalmış biznes və ev təsərrüfatlarına yardım üçün imkanlarını səfərbər edir. Məşğulluq məsələlərinə xüsusi diqqət yetirilir, səbəb isə çox sadədir: işləyən insan gəlir əldə edən, onu xərcləyən, bununla da iqtisadiyyatda tələb formalaşdıran insan deməkdir. Tələb isə iqtisadiyyatın canlanması üçün başlıca amildir.
Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da sərt karantin tədbirləri şəraitində biznesə və vətəndaşlara dəstək tədbirləri həyata keçirildi. Biznesə dəstəyin əsas məqsədi mövcud iş yerlərinin saxlanmasına yönəlməklə əmək haqqının dövlət hesabına ödənməsini nəzərdə tuturdu. Birbaşa vətəndaşlara yönəlik əsas addım işsiz qalan, yaxud karantin tədbirlərinə görə işə gedə bilməyən qeyri-rəsmi məşğul şəxslərə ayda 190 manat müavinətin verilməsi oldu. Rəsmi məlumata görə, 600 min nəfəri əhatə edən bu tədbirin icrası dövlətə 450 milyon manata başa gəlib.
İqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, pandemiya Azərbaycanda işsizilərin sosial müdafiəsi ilə bağlı ciddi hüquqi və institusional problemlərin olduğunu nümayiş etdirdi: “Hazırkı qanunvericilik, xüsusən işsizlik sığortası ilə bağlı hüquqi mexanizmlər, xüsusən sığprta ödənişi hüququq qazanmaq üçün tələb olunan sığorta stajı müddəti, işsizlik müavinətinin məbləğinin hesablanmaıs üçün əmək haqqının əvəzlənmə əmsalı (son 12 aylıq orta əmək haqqının 50%-i) qabaqcıl ölkələrin (o cümlədən İƏİT-nin) təcrübəsi ilə müqayisədə adekvat standartlar hesab oluna bilər. Bu baxımdan, Azərbaycanda işsizlərin sosial müdafiəsilə bağlı ən ciddi problem sığortasız məşğulluğun miqyasının potensial (daima risklə üzləşə biləcək) işsizlərin sayından çox olmasıdır. Azərbaycanda sığortasız məşğulluq 2 səbəbdən çox genişlənib. Birincisi, qeyri-formal məşğulluğun miqyasının böyük olmasıdır. Dünyada qeyri-formal məşğulluq işsizlik üçün ən ciddi problemdir, çünki bu təbəqə müqaviləsiz və sığortasız çalışdığı üçün istənilən riskli və böhranlı şəraitdə sosial müdafiəsiz qalırlar. Azərbaycanda ən yaxşı halda iqtisadi fəal hesab olunan əhalinin hər 3 nəfərindən 1 nəfərinin işsizlikdən sığortası mövcuddur. Ümumilikdə isə rəsmi məşğul əhalinin sayı ümumi iqtisadi fəal əhalidə xüsusi çəkisi 40 faizdən çox deyil. İkinci səbəb də elə birincidən qaynaqlanır. Belə ki, qeyri-muzdlu işçilər işsizlikdən sığorta mexanizminin əhatə dairəsinə daxil deyil. ”İşsizlikdən sığorta haqqında” Qanunun 1.1-ci maddəsində qeyd edilir ki, bu qanunun məqsədi sığortaolunanların itirilmiş əmək haqqının kompensasiya edilməsidir. Qanunun 2.0.3-cü maddəsinə görə isə, sığortaolunan dedikdə əmək müqaviləsi bağlamış şəxslər başa düşülür. Yəni göründüyü kimi, Azərbaycan qanunvericiliyi yalnız muzdlu məşğulluq statusuna malik işçilərin işsizlikdən sığortasını nəzərdə tutur. Halbuki dünya təcrübəsində müxtəlif fərdi xidmətlər təqdim edən sərbəst peşə sahibləri və məşğul əhali var ki, onlar muzdlu işçilər deyil, lakin işsizlikdən sığorta sisteminin əhatə dairəsinə düşür. Bura öz avtomobili ilə sərnişin və yükdaşıma xidmətləri göstərənlər, fərdi qaydada incəsənətlə bağlı xidmətlər göstərənlər (tədbir və məclislərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq və s.), əhaliyə fərdi məişət xidməti göstərən şəxslər (çəkməçi, pinəçi, fərdi foto, audio-video xidmətləri, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən ofisiantlar, nəqqaşlıq emalatxanalarında xidmət göstərənlər, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər, fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər) daxildir. Azərbaycanın Vergi Məcəlləsi (220.5 və 220.10-cu maddələr) isə bu şəxslərə sahibkar hüquqi statusu müəyyən edir”.
Ekspert deyir ki, bəzi ölkələrdə müxtəlif səbəblərdən sığorta mexanizmlərindən kənarda qalan əmək qabiliyyətli əhalinin sosial təhlükəsizliyinin təmin ediməsi üçün sığortaya əsaslanmayan işsizlik müavinətləri də verilir: “Məsələn, Avstraliya, Lüksemburq və Yeni Zelandiya kimi ölkələrdə işsizlik yardım sistemi tətbiq edilir. Amma Avstriya, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İspaniya, Niderland və İsveçdə isə icbari və könüllü işsizlik sigortası sistemi ilə yanaşı işsizlik yardım sistemi də tətbiq olunur. Bu ölkələrdə işsizlik yardımı sistemi yerli hökumətlərin səlahiyyət dairəsinə daxil edilib”.
Bundan əlavə, R.Ağayevin dediyinə görə, qanunvericilikdə bəzi hüquqi mexanizmlərin və anlayışların qeyri-məyyən və yayğın olması işaxtaran şəxslərin müəyyən hissəsinin işsizlik sığortası ilə əhatə olunmaq imkanına subyektiv maneələr yaradır. O, Azərbaycanda risk həssaslı işsizlikdən müdafiə sisteminin formalaşdırılması üçün bir sıra addımların atılmasını zəruri hesab edir: “Hökumətin konkret sektorlar və konkret dövrlər üzrə qeyri-rəsmi məşğullğun miqyasının məhdudlaşdırılması üçün hədəflər müəyyənləşdirməsi çox önəmlidir. Eyni zamanda işsizlik və məşğulluq statistikasının təkmilləşdirilməsinə ehtiyac var. Beynəlxalq Əmək Təşkilatının metadologiyası əsasında işsizliyin müayinəsinin aylıq aparılmasına, əldə edilən nəticələrlə bağlı daha detallı və operativ məlumatlar açıqlanmasına ehtiyac var. Ən vacib məqamlardan biri budur ki, Azərbaycanda işsizlikdən sığorta mexanizminin əhatə dairəsinin genişləndirilməsi zəruridir. Belə ki, işsizlikdən sığorta ilə bağlı mövcud qanunvericilikdə nəzərdə tutulandan fərqli olaraq yalnız əmək müqaviləsi ilə işləyənlərin deyil, bir sıra qeyri-muzdlu statusa malik işçilərin də sığorta mexanizminə cəlb edilməsi təmin edilməlidir. Bura vergi qanunvericiliyinin sahibkar kimi təsbit etdiyi bir sıra sərbəst peşə sahibləri (məsələn, öz avtomobili ilə sərnişin və yükdaşıma xidmətləri göstərənlər, fərdi xidmətlər göstərənlər və s.) daxildir”.
Ekspert hesab edir ki, torpağın ölçüsü nəzərə alınmadan bütün torpaq mülkiyyətçilərinin məşğul əhali hesab edilməsi və həmin əhali qrupunun işsizlik sığortası mexanizmindən kənarda saxlanması təcrübəsinə son verilməsi zəruridir: “Hər hansı istisna və meyar olmadan torpaq sahiblərinin eyni səviyyədə məşğul əhali kateqoriyasına aid edilməsi sosial ədalət prinsipinin pozulması ilə yanaşı, bu sosial qrupu daima sosial risklərdən müdafiəsiz saxlayır. Nəhayət, qanunvericilikdə insanların işsiz kimi qeydə alınmasına və isşizlik sığortası ilə əhatə olunmasına subyektiv və bürokratik maneələr yaradan hüquqi mexanizmlər təkmilləşdirilməlidir”.
Maraqlıdır ki, 2020-ci ilə dair məşğulluq statistikasında ziddiyyətlər var. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci il ərzində Azərbaycanda 129 min yeni iş yeri açılıb ki, bunların 54,9 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bu iş yerlərinin 6,2 faizi yeni yaradılmış, 74,8 faizi mövcud, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 18,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Pandemiya ilində komitə Azərbaycanda 20,1 min iş yerinin bağlandığını qeydə alıb. Bu iş yerlərinin 28,1 faizi qeyri-dövlət sektorunun, qalanı dövlət sektorunun payına düşüb. İş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Bağlanan iş yerlərinin sayını nəzərə aldıqda, 2020-ci ildə açılan yeni iş yerlərinin sayına uyğun olaraq muzdla işləyənlərin sayında 108 min artım olmalıydı. Lakin Statistika Komitəsi bildirir ki, 2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən əvvəlki illə müqayisədə 45,2 min nəfər və ya 2,7 faiz artaraq 1 milyon 691,8 min nəfər olub. Onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda isə qeyd olunur ki, 2020-ci ildə əmək müqavilələrinin sayında 149 min və ya 10 faiz artım qeydə alınıb: “Əmək müqavilələrinin sayında və əmək haqlarında mütəmadi artım əmək haqqı fondunda da ciddi artımı şərtləndirib. 2020-ci ildə aylıq əməkhaqqı fondu 12 faiz (o cümlədən özəl sektor üzrə 18 faiz, dövlət sektoru üzrə 6 faiz) artıb”.
R.Ağayev diqqəti 2020-ci il üzrə əmək haqqı vergilərindən büdcəyə daxilolmaların həcmindəki artıma cəlb edir: “2020-ci ildə əmək haqqından tutulan vergilərdə təxminən 200 milyon manat artım qeydə alınıb. Bu artımın mənbəyi xeyli maraq doğurur. Belə ki, qeyri-neft özəl sektoru faktiki olaraq əmək haqqı vergisindən azaddır (8000 manata qədər vergi ödənmir). Maaş vergisini yalnız neft sektoru və dövlət müəssisələri ödəyir. Dövlət sektorunda da əsas yük büdcə təşkilatlarının üzərindədir. Çünki bilinən məlumatdır ki, dövlət sektorunda məşğulluğun ən azı 80 faizini büdcə işçiləri təmin edir. Maraqlıdır ki, 2019-cu ildə büdcə üzrə əmək haqqı xərcləri 4.1 milyard manat olduğu halda, 2020-ci ildə bu maddə üzrə təxminən 1.1 milyard manat azalma var. Bu qədər vergi güzəştinin olduğu, büdcədə maaş xərclərinin 1.1 milyard manat ixtisar olunduğu halda, əmək haqqından gəlir vergisinin 200 milyon manat artımı son dərəcə diqqətçəkici bir faktdır”…
ƏƏSMN-dən sorğumuza verilən cavabda qeyd olunur ki, 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 22 faiz və ya 631,51 milyon manat artaraq 3 milyard 553,09 milyon manat təşkil edib. Bu zaman büdcə təşkilatlarından daxil olan məcburi dövlət sosial sığorta haqlarının həcmində 32 faiz və ya 332 milyon manat, qeyri-büdcə təşkilatlarından daxil olan məcburi dövlət sosial sığorta haqlarının həcmində isə 16 faiz və ya 300 milyon manat artım qeydə alınıb. Göründüyü kimi, dövlət sektorunda ümumi əmək haqqı fondu azalsa da, əmək haqqından ödənilən sosial sığorta haqqında artım qeydə alınıb.
Dünya SAKİT