Ramile Cefiyeva

Malayziyada yaşayan həmyerlimiz: “Qadınların inamsız olmasının səbəbi kişilərdir”

Baxış sayı: 756

Heç bir çətinlik onu qorxutmur. Çətinlikdən, qaranlıqdan belə, işıq tapıb, onun ardınca gedir. Hətta çətinliyi də fürsətə çevirə bilir. Dünyanı ağuşuna alan pandemiyadan müsbət mənada yararlandığı kimi… Özünün də zarafatla dediyi kimi, pandemiya yatmış bəxtini oyatdı…

Müsahibimiz Malayziyada yaşayan həmyerlimiz Ramilə Cəfiyevadır.

1994-cü ildə Beyləqan rayon Şahsevən kəndində anadan olub. Orta məktəbi kənddə bitirdikdən sonra a Azərbaycan Dillər Universitetinə qəbul olub və İngilis dili üzrə bakalavr dərəcəsi alıb. 2015-ci ildə İqtisad Universitetində MBA üzrə magistr dərəcəsində təhsilini davam etdirib: “Bakalavr üzrə oxuduğum müddətdə, 3-cü kursdan etibarən ingilis dili müəllimi kimi fəaliyyətə başlamışam. Öncə müxtəlif kurslarda müəllim işlədim, sonra isə 2017-ci ildə müəyyən təcrübə yığdıqdan sonra “BritishLanguageCenter” adlı dil mərkəzini yaratdım. Hazırda isə ölkədən köçdüyümə görə, həmin mərkəzi satmaq qərarına gəldim”.

– Ramilə xanım, Malayziya macəranız necə başladı?

– Səyahəti sevirəm. 10 ölkə, 20-yə yaxın şəhərlərdə olmuşam. Bunların arasında həm Avropa, Asiya ölkələri, həm də Türkiyə və Gürcüstan kimi qonşu ölkələr də olub. Malayziya, Tailand, Vyetnam kimi uzaq Asiya ölkələrini görməyi həmişə arzulasam da, bura gəlməyimin səbəbi səyahət yox, sevgi olub. Belə ki, keçən il Bakıda həyat yoldaşımla tanış oldum. O, Pakistan vətəndaşıdır və 1 ilə yaxın işi ilə əlaqədar olaraq müvəqqəti Bakıda yaşayıb. Mən çox aktiv insanam və xaricilərin iştirakı ilə təşkil olunan bir çox tədbirlərdə, sosial müzakirələrdə iştirak etmişəm. Bu cür tədbirlərin birində həyat yoldaşımla tanış oldum və hekayəmiz başladı. Malayziyaya qayıtmasına 10 gün qalmış mənə yaxınlaşaraq 2 xəbər verəcəyini söylədi, o xəbərlərdən biri pis, digəri isə yaxşı idi. Pis xəbər o idi ki, o vaxtından əvvəl ölkəsinə qayıtmalı idi. Yaxşı xəbər isə o idi ki, mənə  evlilik təklif etdi. Bu ana kimi bizim qəti şəkildə evlənmək planlarımız yox idi və bu, mənim üçün xoş bir sürpriz oldu. Müsbət cavab vermədim, fikirləşmək üçün müəyyən vaxt lazım olduğunu bildirdim. Əslən pakistanlı olsalar da, ailəsi 10 ilə yaxındır ki , Malayziyada yaşayır. Qərara gəldik ki, bir-birimizi daha yaxından tanımaq və ailəsi ilə tanış olmaq üçün Malayziyaya səfər edim, çünki ailə qurandan sonra həmin ölkəyə köçəsi idik və oranın həyat tərzini da əvvəldən öyrənməli idim. Ondan sonra qərar versəydim, nişanlanmağı planlaşdırdıq.  Yəni planım buraya gəlib 10 gündən sonra evə qayıtmaq idi. Mart ayının 13-ü Malayziyaya yola düşdüm. Elə həmin gün ölkələrin bir çoxunda koronavirusa görə sərhədlər tam olaraq bağlandı, Azərbaycana qayıda bilmədim. Nəticədə, yoldaşımın valideynləri məni o qədər çox bəyəndi ki, bizim elə ilk səfərdə nikah kəsməyimizi çox istədilər. Düzdür, böyük toy təşkil etmək mümkün olmadı, lakin 50 nəfər qonaq və yaxın adamın iştirakı ilə toy məclisi etdik.

– Koronavirus toy planlayan, evlənmək istəyən gənclərin xəyallarını yarımçıq qoyduğu halda, sizə toy qismət edib…

– Demək olar ki, koronavirus 25 ildir ki, yatmış olan bəxtimi açdı (gülür). Dediyim kimi, əslində mənim məqsədim Malayziyada 10 gün qalıb həyat yoldaşımın ailəsi və ölkənin  paytaxtı Kuala-Lumpurun ab-havası ilə tanış olmaq idi. Bu müddət ərzində də son qərarımı verəcəkdim və qəti şəkildə evlənəcəyimizi heç fikirləşmirdim. Lakin qalası oldum və yoldaşımın ailəsi ilə münasibətimin çox müsbət qurulduğunu görüb, bunun “qismət” olmasını başa düşdüm. Onlar da bununla razılaşaraq, “qismətdən qaçma” söylədilər. Toyla bağlı bizim azərbaycanlı qızlarının həmişə böyük arzuları olur. Çoxumuz da böyük toy, ağ gəlinlik paltarı və vağzalı arzulayırıq. Mənim belə düşüncələrim heç vaxt olmayıb. Hətta toy məsələlərinə gələndə bir növ tənbəllik hissim yaranırdı. Çünki toy çətin və uzun bir prosesdir. Hazırlıq zamanı müğənnilər, yeməklər, dekor, rəqslər, musiqi və digər detalları fikirləşməlisən. Bu  prosesə böyük vaxt ayrılmalıdır. Bəlkə də həmişə başım işə qarışdığına görə, bu kimi şeylər mənə ikinci dərəcəli gəlir. Toy haqda fikirləşəndə isə həmişə istəmişəm ki, ailə üzvlərim və yaxın dostlarım üçün sadə bir məclis təşkil edim. Gəlinlik paltarım çoxunun gəlinlik libası kimi yox, sadə olsun. Deyirlər ki, niyyətin hara, mənzilin da ora. Bu koronavirus pandemiyasına görə, mənim toyum elə arzuladığım kimi, 50 nəfərlik bir məclis idi. Təəssüf ki, valideynlərim buraya gəlib toyumda iştirak edə bilmədi. Qız tərəfdən yalnız mən, oğlan tərəfdən isə onun ailə üzvləri, bacıları, qardaşları və ən yaxın qohumları iştirak elədi. Mənim üçün isə bu, çox xoş bir məclis növüdür çünki fikrimcə, ən əsas, xoşbəxt olmaqdır.

– Risk etməyi sevdiyinizi deyirsiniz. Həyatda etdiyiniz ən böyük risk nədir?

– Bəli, riskləri sevirəm. Həm şəxsi həyatımda, həm də karyeramda kifayət qədər risklər etmişəm. Məsələn, 22  yaşımda dil mərkəzi yaratmağım risk idi. Hamı sual verirdi ki, bu işin öhdəsindən gələ biləcəksənmi? Öhdəsindən gəldim. Mən buraya gələnə kimi bu dil mərkəzi 3 il ərzində uğurla fəaliyyət göstərib. Sonra Malayziyaya gəlmək, ani evlənmək qərarım, xarici vətəndaş, yəni elimizdən, obamızdan olmayan bir kişiyə ərə getmək böyük risk idi. Bizim qızlar, adətən xarici vətəndaşla ailə qurmaqdan çəkinirlər çünki millət və mədəniyyət fərqləri ciddi məsələdir. Risklər həm gözəl, həm təhlükəli ola bilər. Mən hər iki tərəfini yaşamışam. Risk edib uduzduğum da olub, riskə gedib irəli getdiyim də. İngilislərin belə bir sözü var ki, risk etməsən, heç vaxt nəticəsini bilməzsən və mən bu sözlə tam razıyam. Risk etmək və nəyəsə cəhd çox vacibdir. Evdə oturub uğur gözləsən və oturduğun yerdən qalxmasan, həyatda heç bir nailiyyətin olmaz. Risk edib uduza da bilərsən, lakin uduzsan da əvəzində mütləq nəyisə əldə edəcəksən. Çünki həyat biz düşündüyümüz kimi qəddar və ədalətsiz deyil. Biznes sahəsində uğur qazanmış insanların, “Microsoft”, “Alibaba” və s. kimi nəhəng şirkətlərin təsisçilərinin həyat yoluna nəzər salsaq, görərik ki, onlar həqiqətən risk edərək vaxt, enerji və pullarını öz ideyalarına yatırıblar və müsbət nəticəsini görüblər. Özünüzə inanırsınızsa, əksər hallarda qalib gələcəksiniz.

– Valideynlər övladlarına görə həmişə narahatdırlar. Xüsusilə, qız uşaqlarına, bəlkə də istəməyərək, sərbəstlik vermirlər. Bəs valideynlərinizlə necə uzlaşdınız?

– Bu danılmaz bir faktdır ki, yaşlı nəsil və bizim nəsil arasında böyük fərq mövcuddur. Bu fərqi həyatımızın bütün sferalarında – dünyagörüşü və texnologiyadan tutmuş, adi məişət məsələlərinə qədər hiss etmək olar. Təbii ki, yaşlı nəsil bizim kimi fikirləşə bilməz, bizim də düşüncəmiz onlarınkı kimi deyil. Həmçinin, bizdən sonra gələn nəsil də fərqli düşüncələrə malik olacaq, yəni uşaqlarımız bizim kimi fikirləşməyəcək. Nəsillər arasında olan məsafə və fərq həmişə olub və olacaq, bu, qaçılmazdır. Valideynlərim həmişə təhsilə və yeniliyə meyilli olublar. Biz ailədə üç qız övladıyıq və kənd yerində böyümüşük. Buna baxmayaraq ,valideynlərim, xüsusi olaraq da anam həmişə bizə oxumağımız üçün motivasiya verib. Şükür Allaha, üçümüz da ali təhsil almışıq. Heç vaxt onlardan “qız mənimdir, dediyimi etməlidir” sözünü eşitməmişəm . Təbii ki, hansısa qərarımla razılaşmaya da bilərlər, lakin onlarla danışıb həll yolunu tapmaq və razılığa gəlmək da çətin olmayıb. Düzdür, elə valideynlər var ki, onlarla heç danışmaq belə olmur, hətta şiddət belə tətbiq edirlər. Şükürlər olsun ki, mənim valideynlərim o qədər də çətin insanlar deyil. Valideynlərim görəndə ki, mən özümə inanıram, güclüyəm, onlar da mənə güvənib dəstək veriblər. Yəni onlar mənə yetkin bir insan kimi baxırlar və inanırlar ki, qərar qəbul etmişəmsə, buna inanmaq olar. Evlilik məsələsini birinci anamla danışdım. Təbii ki, bir az narahat oldu. Çünki yad ölkəyə getmək çətin qərardır. Atamın da narahatlığı uzaq ölkədə yaşamağımla bağlı idi. Çünki yaşlıdırlar və məni görmələri çətin olacaq. Bu cəhətdən bir qədər emosional qəbul etdilər. Valideynləriniz nəyəsə “yox” deyəndə razılaşmaya da bilərsiniz, yəni əgər nəyisə ürəkdən istəyirsinizsə, onun arxasınca gedin və valideynlərinizin razılığını almağa mütləq çalışın. Valideyn sizə kortəbii formada “yox” deyə bilər, onlarla dost kimi danışmağa çalışın. Qərarınızın sizin üçün nə dərəcədə xeyirli olmasını izah edin. Faktlarla danışıb inandırmağa çalışın. Bir-iki dəfə “yox” sözünü eşidib geriyə çəkilməyin. Geri çəkildikcə yaşlı nəsil nümayəndələri öz qərarına əmin olub daha da çox üstünüzə gələcəklər. Fikirləşirlər ki, övlad mənimdir, mən nə desəm, belə da olacaq. Lakin öz fikirlərinizi, qərarlarınızı onlara izah edəndə, görürlər ki, övladın düşüncəsi fərqlidir və onu yetkin bir şəxs kim qəbul etməyə başlayırlar. Nəticədə qərarlarınıza da hörmətlə yanaşırlar və sizi qorxutmaq əvəzinə dəstək olmağa başlayırlar. Təbii ki, mənim da valideynlərim bəzi qərarlarla razılaşmayıblar. Mən onlarla danışıb əməllərimlə sübut etməyə çalışdım ki, doğurdan da haqlıyam və bu cür də inam qazandım. Bu yol ilə siz, valideynlərinizin fikrini dəyişə bilərsiniz.

– Sizcə, Azərbaycan qadınının etdiyi ən böyük səhv nədir?

– Ümumiyyətlə, qadınların inamsız olmasının səbəbi kişilərdir. Ölkəmizdə patriarxallıq, bir kişi gücü var. Bunu biz ailəmizdə də görmüşük. Qadınlara, onlar özlərini tanıdığı andan zərif yox, zəif məxluq kimi yanaşılır. Sən bunu bacara bilməzsən, sən mütləq mənəvi, maddi cəhətdən asılı olmalısan kimi fikirlər yeridilir. Bunun səbəblərindən biri savadsızlıq, qadının təhsil ala bilməməyidir. Hazırda statistika dəyişir, xanımlarımız təhsil alır, amma təhsildən məhrum olan qadınlarımız da az deyil. Qadın potensialını, gücünü bilməlidir. Ola bilər ki, bir qadın təhsil almaya bilər, yaxud uğursuzluqla qarşılaşa bilər, bu, həyatın sonu deyil. Yenidən cəhd etmək lazımdır. Təbii ki, qadın təhsil alsa, daha yaxşıdır, amma təhsil olmasa belə, hansısa bacarıqlarını biznes ideyasına çevirə bilərlər. Bir qadın pul qazanırsa, onun asılılığı olmur. Bundan sonra qadın formalaşır. Xanımlara demək istəyirəm ki, özünüzə dəyər verin, sevin və əmin olun ki, sevilirsiniz. Dəyər görmədiyiniz, sevildiyinizə  əmin olmadığınız münasibətdən qaçın və ya elə bir adama aylarınızı, illərinizi xərcləməyin. Heç vaxt özünüzü əzdirməyin, ya da məntiqsiz, heç bir izahı olmayan qadağalara razı olmayın, qoymayın sizi bəzi insanlar limitləsin və ya inkişafdan saxlasın. Daim inkişafa və risklərə meylli olun. Komfort zonanızda illərlə oturmayın. Gözləməyin ki, uğur ya xoşbəxtlik sizi oturduğunuz yerdəcə tapacaq. Əksinə, evdən çıxın, lazım olsa yaşadığınız şəhərdən, ölkədən çıxın, amma xoşbəxtliyiniz hardadırsa, gedin onu tapın.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir