Həmsöhbətimiz Azərbaycan Televziyasının aparıcısı Mümtaz Xəlilzadədir. Əsasən informasiya buraxılışlarında mavi ekranda gördüyümüz Mümtazla kitabdan, futboldan, məşğuliyyətlərindən, şəxsi həyatından söhbət etmişik.
Mümtaz, necəsiniz?
– Təşəkkür edirəm. Mən dünənki kimi. Siz nesəsiniz?
Dünən necə idiniz ki?
– Həmişəki kimi. Ev iş, sonra iş, ev.
İşdən başlayaq onda. Mümtaz artıq neçə ildir efirdəsiniz?
– 2014-cü ildən. Ümumiyyətlə 2008-ci ildən mətbuatdayam. Tələbəlik illərində qəzetlərdə çalışmışam. 2012-ci ildə hərbi xidmətdən qayıdandan sonra televiziya fəaliyyətim başladı. Təxminən 2 il kadrarxasında işlədim. 2014-cü ildə ilk dəfə canlı efirə çıxmışam. Xəbərlərin səhər buraxılışına. Gün olaraq da xatırlayıram – Sentyabrın 29-da. İlk müəllimim Sabir Ələsgərov olub. Allah ona rəhmət eləsin! Çox şey öyrənmişəm ondan.
İlk efir günü ilə, bugün efirə çıxdığınız gün arasında nə kimi fərq var?
– Fərqlər də çoxdur. Bənzərlik də var. İlk efir qeyri-müəyyənlik, həyəcan, çaşqınlıq, məsulliyyət, qorxu və s demək idi. Amma 7-8 ildən sonra indiki efir ilk efirdən səmimiyyət və sərbəstliliyinə görə çox fərqlənir. Amma dəyişməyən nüanslar da var. İndi çıxdığım efirlə ilk efir öz məsuliyyət hissi ilə çox bənzəyir. Bütün efirlərimə eyni məsuliyyət və eyni diqqətlə yanaşıram. Əsas odur ki, bu gün də öz üzərimdə işləyirəm. Görünən və görünməyən qüsurları düzətməyə çalışıram.
Bir aparıcı hansı keyfiyyətlərə istisnasız sahib olmalıdır?
– Yəqin ki, söhbət xəbər aparıcılarından gedir. Bizdə belə bir deyim var. “İnsanları geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar”. Mən bu ifadəni artıq neçə ildir dəyişmişəm. İnsanları səsinə görə qarşılayıb, danışıq qabiliyyətinə görə yola salıram. Bəzən heç yola salmıram (gülür – V.) Təbii ki, zarafatdır. Demək istədiyim odur ki, ilk növbədə səsdir. Xarici görünüş də efirə uyğun olmalıdır. Bununla yanaşı, ən vacib məqamlardan biri də, aparıcı səsləndirdiyi fikirlərdən, cümlələrdən xəbərdar olmalıdır. Yəni, səmimiyyət. Danışdığını, oxuduğunu dərk etməlidir. Hə artıq, bundan sonra, bədən dili, jestika və mimikalar rol oynayır. Bir də işini sevmək.
Bu sevgi sizdə nə qədərdir?
– Deyəsən iş də məni sevir. Bir dəfə də belə bir sualla qarşılaşdım. Yenə də eyni şeyi deyirəm. İşi sevmək vacibdir. Amma iş də səni sevməlidir. Yəni sevgi qarşılıqlı olmalıdır. Eyni həyatdakı kimi. Əks halda, uğur qazanmaq nisbətən çətinləşir. İş sənin əyninə biçilməlidir. Bir də ki, sevdiyin işlə məşğul olmaq, işləmək sayılmır.
Televiziyadan kənarda nələrə mütləq vaxt tapırsız?
– Kitaba, “Milan”ın oyunlarını izləməyə, şahmat oynamağa və ən əsas uşaqlarımla vaxt keçirməyə.
Kitabdan başlayaq. Kimləri mütailə edirsiz?
– Fikrimicə rus klassikası dünya ədəbiyyatının şah əsərlərinin böyük bir hissəsini özündə cəmləşdirib. Bu da əlbəttə ki, Dostoyevskinin, Tolstoyun, Turgenevin, Çexovun çiyinləri üzərində dayanıb. Adlarını çəkdiyim yazıçıları 90 faiz oxumuşam. Bəlkə də daha artıq. Amma ümumiyyətlə tənqidçilərə sual ünvanlayanda ki, dünyanın ən böyük üç yazıçısı kimdir? Əsasən cavab belədi – Hüqo, Balzak, Tolstoy. Bununla razılaşmamaq da olar. Bilirsiniz ki, kitabqurdları arasında çox məşhur və illərdir davam edən bir mübahisə var. Dostoyevski – Tolstoy mübahisəsi.
Siz hansını seçirsiniz?
– Mən Dostoyevski deyirəm. Amma təcrübəli və yaşlı oxucular deyir ki, insan yaşlandıqca seçimini Tolstoydan yana etməyə başlayır. Yaşlanıb, görəcəyik.
Ən sevimli yazıçınız kimdir?
– Alber Kamyu.
Sizdən oxuculara kitab tövsiyəsi istəsək?!
– Bu siyahı çox uzun olar. Amma mütaliəyə yeni başlayan və bu sahədə gənc olan oxucularınıza istiqamət verə bilərəm. Herman Hesse “Yalquzaq”, Jek London “Martin İden”, Turgenev “Atalar və oğullar”, Dostoyevski, Tolstoy, Kamyunun bütün əsərlərini, Corc Oruelin “1984”ü, Remarkın “Zəfər tağı”, “Qərb cəbhəsində yenilik yoxdur” romanları, Knut Hamsunun “Misteriyalar”, “Aclıq”, “Torpağın bərəkəti”, Voyniçin “Ovod”unu, Balzakın “Qoria ata”sını və novellalarını, Çexovun hekayələrini, xüsusilə “Altı nömrəli palata”sını, Kafkanın “Çevrilmə”sini, Q.Q.Markesin “Polkovnikə məktub yoxdur”, “Patriarxın payızı” və “Yüz ilin tənhalığı”əsərləri. Amma doğrusu, tərcümələri qəlizdir. O.Hakslinin “Yeni cəsur dünya” romanı. Fərqlidir. Kunderanın əsərləri də yaxşıdır. “Varlığın dözülməz yüngüllüyü” və “Astagəllik” qeyd edə bilərəm. Rus ədəbiyyatı dedim, Bulqakovu unutmaq olmaz. Xüsusən onun “Master və Marqarita”sını. Hüqonun “Səfillər”ini. Orxan Pamukun da əla əsərləri var. Orjinaldan oxumaq məsləhətdir. Fikrimcə, tərcümələr əsərin bədii gücünü azaldıb – “Qar”, “Mənim adım qırmızı”. Dino Bussatinin “Tatar çölü” romanı. Çox təsirlidir. Çexovun hekayələrini dedim, Mopassanın hekayələrini unutmaq olmaz. Nəfisdir. Ümumiyyətlə, qadın psixologiyasının və alt şüurunun mahir bilicisidir, Mopassan. Bu mənada Balzakdan da çox şey öyrənmək olar.
Məsələn, həcmi nə qədər böyük olsa da, mən “Dahi”nin, onun təsvirlərinin, “Əli və Nino”dakı romantikanın, ülviliyin uzun müddət təsirində olmuşam. Sizdə də belə uzunmüddətli təsir malik əsər olub, yəqin ki?!
– Əlbəttə olub. Mütaliəyə ilk başladığım vaxtlarda, Jek Londonun “Martin İden” əsəri çox təsir eləmişdi. Uzun müddət onun təsirində qaldım. Hələ çox gənc idim. Bəlkə də ondandır. Sonra elə bir zaman gəldi ki, psixoloji vəziyyətimlə əlaqədar mən o əsərə bir də qayıtdım və ikinci dəfə oxudum. Çox böyük köməyi oldu. Herman Hessenin “Yalquzaq” əsəri də uzun müddət öz təsirində saxlamışdı məni. Bir qədər əvvəl tövsiyyə etdiyim kitablar və müəlliflər əslində məndə hansısa formada təsir yaradıb ki, bu qədər vaxtdan sonra adlarını çəkə bilirəm.
Futbol barədə danışaq bir az. Sosial şəbəkədəki fotolardan Milan klubuna azarkeşlik etdiyinizi görmüşəm.
– Milan və ümumiyyətlə İtaliya futbolu azarkeşiyəm. İyirmi ildən çoxdur. Türkiyədə də Qalatasaray klubunun azarkeşiyəm. Cimbom bizim uşaqlıq sevgimizdir.
Builki çempionlar liqasında hansı klubu daha şanslı görürsünüz?
– Proqnoz vermək çətindir. Amma ola bilər ki, Bavariya-PSJ cütünün qalibi finala getsin.
Musiqi ilə aranız necədir?
– Ədəbiyyat qədər yaxın. 70-ci illərin mahnıları mənimçün əvəzedilməzdir. Bu istər Amerika ya Avropa musiqisi olsun, istər qardaş ölkə Türkiyə, istərsə də elə bizim musiqilərimiz, mahnılarımız. Mükəmməldir. Sanki 70-ci illər dünya musiqisində intibah dövrüdür.
Efirə qayıdaq. Kimlərdən nəsə öyrənməyə çalışırsınız?
– Doğru bildiyim, sahəsinin peşəkarı olan hər kəsdən öyrənirəm. Sırf aparıcılığı nəzərdə tutursunuzsa, söhbətimizin əvvəlində dediyim kimi, ilk müllimim Sabir Ələsəgərov olub. Sonra, Rafiq Hüseynovdan öyrənmişəm. Hər iki sənətkara Allah rəhmət eləsin. İndi də, öyrənirəm. Rafiq Həşimovdan öyrənirəm. Dilarə Səlimdən, Nərgiz Cəlilovadan. Bəzən tanınmayan, məşhur olmayan simalardan da öyrənmək olur. Bu zövqlü işdir. Öyrənməyi saxlasaq, inkişaf da dayanar.
Övladlarınızı televiziya sahəsində olmasını istərdinizmi?
– Düzünü desəm, mən onları hələ hansısa bir işdə, hansısa bir peşədə təsəvvür etmirəm. Amma hansı sahəyə maraqları olsa, qabiliyətləri olsa, onları dəstəkləməkə məşğul olacam.
Onlara vaxt ayıra bilirsinizmi?
– Uşaqlara vaxt ayırmaq həm də özümə vaxt ayırmaqdır. Pandemiya səbəbindən digər məşğuliyyətlərimiz təxirə düşüb. Ona görə işdən sonrakı bütün zamanı uşaqlarla evdə, ya da parkda keçirirəm. Amma təəsüf ki, bu vaxt uşaqlara bəs etmir. İstədiyimiz qədər vaxt yoxdur.
Elə bizim də müsahibə üçün vaxtımız və yerimiz başa çatdı. Təşəkkür edirəm.
Söhbətləşdi: Vüsal