yemek

Pandemiya fonunda yaz mövsümündə necə qidalanmalı?

Baxış sayı: 786

Yaz mövsümü gələr-gəlməz həm də bəzi xroniki xəstəliklərin ağırlaşmasına səbəb olur. Mütəxəssislər qeyd edir ki, bu mövsümdə əsasən immuniteti zəif olan insanlarda infeksion, həzm sistemi xəstəlikləri baş qaldırır, allergik və dermatoloji problemlər yaşanır. Bu da təbii sayılır, çünki qışda orqanizm, immun sistemi zəifləyir, vitamin balansı azalır.

Hazırda pandemiyanın kritik dövrlərindən birini yaşayırıq. Artıq ölkədə gündəlik yeni yoluxma sayı 2 mini ötür. Bəs pandemiyanın fonunda nələrə diqqət etməli, o cümlədən qida rejimində hansı məhsulları üstünlük verməli, hansılarını azaltmaq və ya ixtisara salmaq lazımdır?

Təbii üsullarla müalicə üzrə mütəxəssis Seyfəddin Əsəd mövzu ilə bağlı öz tövsiyələrini bildirdi. Həkim ilk öncə son vaxtlar koronavirusa yoluxma və ölüm faktlarının artma səbəbindən danışdı: “Ölkədə koronavirusa yeni yoluxmaların sayı hələ bundan sonra da artacaq. Artmaqla bərabər insanların həm fiziki sağlamlıqlarına, həm də maddi vəziyyətlərinə ciddi təsir edəcək. Hesab edirəm ki, bu proses may ayınadək sürə bilər.

Çox təəssüf ki, müşahidələrimizdən də görürük ki, insanlar yenə bir-biriləri ilə görüşəndə öpüşür, koronavirusa guya “meydan oxuyurlar”. Koronavirus da getdikcə daha da artmağa, daha çox can almağa başlayıb. Ona görə də karantin qaydalarına ciddi riayət etmək, sosial məsafəni gözləmək, tibbi maskadan istifadə etmək, gigiyenik davranışlara əməl etmək lazımdır”.

SOS: Bakıda yayılan qrip ölüm gətirir

Seyfəddin Əsəd immuniteti necə gücləndirməyin yollarından da danışdı: “Bu prosesdə bir daha təcrübəmiz artdı ki, immuniteti yüksək olan insanlar ya virusa yoluxmur, ya da çox yüngül şəkildə, hiss etmədən keçirirlər. İmmuniteti yüksək saxlamaq üçün isə artıq göy-göyərti, tərəvəz çıxıb. Bu mövsümdə göyərtidən, həmçinin bal, arı südü, çiçək tozu, xüsusən də təbii antibiotik olan propolisdən çox istifadə etmək lazımdır, çünki bunlar virusları məhv edir. Dünya alimləri bir daha araşdırma aparıb, sübut edirlər ki, arı məhsulları, zəhəri qəbul edən adamlar ya koronavirusa yoluxmur, ya da xəstəliyi yüngül keçirirlər. Bundan başqa, mütləq şəkildə təmiz hava qəbul etmək və qanın durulması prosesini həyata keçirmək lazımdır. Çünki məlum olduğu kimi koronovirusla bağlı ölüm faktlarının 90 faizi demək olar ki, qanın laxtalanmasından baş verir.

Qanın laxtalanmasına qarşı dünyada hələlik yeganə möcüzə zəlidir. Zəli ilə müalicə qanı duruldur, möcüzəvi effekt verir və qətiyyən mümkün deyil ki, orqanizmdə tromb əmələ gəlsin, insanı öldürsün. Son uzun müddətli araşdırmalar onu göstərir ki, hətta sağaldıqdan sonra insanda qəfildən tromb yaranması da koronovirusla bağlı olur. Qeyd etdiyim kimi, mütləq şərtlərdən biri də təmiz havada olmaq, fiziki hərəkətlər etməkdir. Stressdən və qapalı mühitdən uzaq olmaq, maksimal dərəcədə Günəş şüaları almaq lazımdır. Günəş şüaları da immunitetin artmasına köməklik edir. Bu mövsümdə çalışmaq lazımdır ki, daha çox yüngül qidalara üstünlük verilsin. Bal, arı məhsulları, qatıq, şor, sumaq, sarımsaq, soğan, sitrus meyvələri, almanı qəbul etməklə də immuniteti qaldırmaq olur. Eyni zamanda zəncəfil dəmləməsi xeyli effektlidir”.

Problem kişidə çox olur, qadın daha artıq narahatlıq keçirir... -

Leyla Zülfüqarlı 

Diyetoloq-həkim Leyla Zülfüqarlı isə aşağıdakı tövsiyələrini bildirdi: “Ümumiyyətlə, yaz gələn kimi mövsümi xəstəliklər də çoxalır. Burada mövsüm dəyişməsi ilə əlaqədar olaraq, həm daxili immun sistemimizin müəyyən qədər mövsümə hazırlıqsız olması, vitaminə olan tələbatın artması və bunun fonunda bir sıra infeksion xəstəliklərin tüğyan etməsi bizim qida rasionumuza bir sıra dəyişikliklər etməyimizə təkan verir. Xüsusilə pandemiya dövrünün qaçılmaz qanunları ki, biz həmişə qorunmalıyıq və bunun üçün immun sistemimizi gücləndirməliyik, bu baxımdan özəl yanaşma tələb olunur. Bəs nə etməliyik?

Əvvəla, işlənmiş, mənşəyi məlum olmayan qidalardan mütləq kənar durmaq lazımdır. Çünki bu tip qidaların tərkibində orqanizmi, immun sistemini zəiflədən maddələr var. Məsələn, bura daxildir kolbasa-sosiska, yarımfabrikat məhsulları, qazlı işkilər, fast-foodlar və sairə. Məsləhətdir ki, gündəlik rasionumuzun üçdə birini meyvə və tərəvəzlər, göyərtilər və süd məhsulları ilə zənginləşdirək. Təbii, burada karbohidrat qrupundan kənar qaçmalıyıq. Həmçinin aşırı şirniyyatlardan uzaq durmalıyıq. Daha çox bitki çaylarına üstünlük verməliyik. Bunlara aiddir çökə, çobanyastığı, itburnu, ada çayı və sairə. Ət məhsullarına da yer ayırmalıyıq. Həftədə minimum 2 dəfə balıq, 2 dəfə qırmızı ət və toyuq məhsullarına üstünlük verməliyik. Hər gün isə 1 stəkan həcmində qatıq qəbul etmək lazımdır. Onu da əlavə etmək istərdim ki, xüsusən də pandemiya fonunda biz daha qələvi məhsullara üstünlük verməliyik. Qələvi məhsullar bizim immun sistemimizin artmasına təsir edir. Bu qrupda yer alan qidalar isə bunlardır: sarımsaq, qırmızı kələm, turp, limon, qreypfrud və s”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir