HACI Sahin

“Vaksin vurduranda oruclu idim, haram olması barədə iddialar…” – MÜSAHİBƏ

Baxış sayı: 708

Vaksinasiya bu gün xəstəlikdən qorunmağın yeganə çıxış yoludur. Bu vasitədən istifadə etmək nəinki din tərəfindən qadağan edilmir, hətta din insanları buna təşviq edir. Heç bir dini hökmdə peyvəndin haram olması haqqında müddəa tapa bilməzsiniz. Din və vaksinasiyanın heç bir ziddiyyəti yoxdur.

Bu fikirləri “Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli “Teleqraf.com”-un suallarını cavablandırarkən deyib. “Gencaile.az” saytı həmin müsahibəni təqdim edir.

 

– Hacı, peyvənd olunanlar arasında siz də varsınız. Özünüzü necə hiss edirsiniz?

– Peyvənd olunmuşam, ötən gün vaksinin ikinci dozası vuruldu. Özümü normal hiss edirəm. Səhhətimdə heç bir dəyişiklik olmayıb.

 

– Din vaksin haqqında nə deyir? Halal və ya haram olması barədə səslənən iddialar doğrudurmu?

– Vaksinin halal-haram olması ilə bağlı dində heç bir məlumat yoxdur. İnsanın özünü təhlükədən qoruması həm ağlın, həm də dinin tələbidir. Quranda da buyurulur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. İnsan təhlükədən qorunmalıdır. Vaksinasiya bu gün xəstəlikdən qorunmağın yeganə çıxış yoludur. Bu vasitədən istifadə etmək nəinki din tərəfindən qadağan edilmir, hətta din insanları buna təşviq edir. Heç bir dini hökmdə peyvəndin haram olması haqqında müddəa tapa bilməzsiniz. Din və vaksinasiyanın heç bir ziddiyyəti yoxdur.

 

– Pandemiya səbəbilə artıq bir ilə yaxındır ki, məscidlər bağlıdır. Necə düşünürsünüz, məscidlərin fəaliyyəti bərpa olunmalıdırmı?

– Məscidlərin fəaliyyəti ilə bağlı mütəmadi olaraq təkliflərimizi veririk. Qafqaz Müsəlmanları İdarəsi ilə də bu məsələ mütəmadi olaraq müzakirə olunur. Bununla bağlı müvafiq qurumlara müraciət də edilib. Məsələ gündəmdədir. Əgər yoluxma sayı daha çox artmasa, məscidlərlə bağlı qərar qəbul edilə bilər. Təbii ki, qərarların qəbulu mövcud epidemioloji vəziyyətdən asılıdır. Biz məscidlərin açılmasını hamıdan çox arzu edirik. Amma insanların həyatını da riskə atmaq düzgün deyil. Mövzu gündəmdədir, müzakirə olunur, ilk fürsətdə bununla bağlı qərar qəbul edilə bilər.

Qapanmalardan sonra say azalsa da, yumlaşma tədbirləri, təmasların çoxalması səbəbilə yoluxanların sayı artır və proses ləngiyir.

 

– Necə düşünürsünüz, pandemiya dövründə oruc tutmaq insanların immunitetinə təsir edə bilərmi?

– Ramazan ayının orucunun tutulmasının xəstəliyə yoluxmaqla əlaqəsi yoxdur. Biz bunu həkimlərlə də məsləhətləşmişik. Ötən il Ramazan ayında yoluxma sayında kəskin artım müşahidə olunmadı. Yoluxub, hazırda müalicə alan insanlar oruc tuta bilməz. Çünki dərman qəbul edirlər. Yaxud da həkimlər deyir ki, oruc tutmaq bir insanın səhhəti üçün təhlükəlidir, o insan istisnadır. İnsanlar qaydalara riayət edərlərsə, oruc tutmaq heç bir şəkildə yoluxmaya səbəb olmaz.

 

– Dərman istifadəsindən söz açdınız. Vaksin orucu pozurmu? Oruclu şəxs vaksin vurdura bilərmi?

– Ramazan ayı müddətində vaksinasiya davam edəcək. İnsanlar bu vaxt ərzində də peyvənd oluna bilərlər. Oruclu şəxs yalnız qidanı əvəz edən iynələr vurdura bilməz. Amma ağrıkəsici, müalicə məqsədilə iynə vurdurmaq, yaxud vaksin orucun pozulmasına gətirib çıxarmır. Mən də ilk doza peyvəndi vurdurduğum zaman oruclu idim. Bunun orucla ziddiyyəti yoxdur.

 

– Din xadimi kimi pandemiya dövründə insanlara tövsiyəniz nədir?

– Pandemiya başlayan gündən ölkə rəhbərliyi çevik tədbirlər həyata keçirib. Azərbaycan vaksinasiya prosesinin uğurla aparılmasındakı göstəriciyə görə MDB məkanında lider ölkələr sırasındadır. İnsanlar qaydalara riayət etməyə çalışsınlar, ümidlərini itirməsinlər. Bu, keçici haldır. Proqnozlar da var ki, pandemiya yaxın zamanda sona çata bilər. Bədbinliyə qapılmamalıyıq. Bəzən belə hadisələrlə sınanırıq. Bunlar özümüzə gəlməyə, hadisəyə baxışımızı dəyişməyə fürsət yaradır. Başa düşürəm, bir ildir bu şəraitdə yaşayırıq. İnsanlar ailə qura bilmir, iş yerlərində sıxıntılar yaşanır, gəlirlər azalıb. Amma ümidimizi itirməməli, Allaha arxalanmalıyıq. Allahın verdiyi elmin gücü ilə insanlar bu böhrandan çıxacaqlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir