aile

Milli dəyərlərimizin fundamenti – ailə dəyərlərimiz

Baxış sayı: 892

Milli dəyərlər bir cəmiyyətin, bir millətin həyat psixologiyasını özündə ehtiva edən ənənələr toplusudur. Təsadüfi deyil ki, bu və ya digər millətin təşəkkül tarixini, psixologiyasını, onun yaşam qayəsini öyrənmək üçün tədqiqatçılar ilk növbədə həmin millətin milli dəyər və adətlərini araşdırırlar. Bu baxımdan milli dəyərlər xalqın düşüncə keçmişini, indisini və gələcəyini formalaşdıran bir genofonddur desək, yanılmarıq.

Milli dəyərlərimizin fundamentini ailə dəyərləri təşkil edir. Aydındır ki, hər bir azərbaycanlının xüsusi önəm verdiyi həyat həqiqətlərindən biri də ailədir. Azərbaycanlı psixologiyasında ailə faktoru digər xalqlarla müqayisədə daha dərin və uzunömürlüdür. Yəni ailə üzvləri böyüdükcə, digər millətlərdən fərqli olaraq, fərdlər ailədən uzaqlaşmır, əksinə, daim əlaqələrini genişləndirir. Həmçinin ailədə hər bir fərdin öz yeri və üzərinə düşən öhdəlikləri vardır. Azərbaycanlı psixologiyasında ailə müqəddəsdir; o, gücü, birliyi, iradəni təmsil edir ki, milli dəyərlərimizin təhlili zamanı məhz bu keyfiyyətlərlə rastlaşırıq. Başqa sözlə, Azərbaycan ailəsinin dəyər verdiyi keyfiyyətlər zaman keçdikcə əhatələnmiş, qanuniləşmiş və bugünkü milli dəyərlərimizi meydana gətirmişdir. Milli dəyərlərimizi ailə fərdlərinin ayrı-ayrılıqda Azərbaycan ailəsindəki yerini və vəzifələrini qısa şərh etməklə belə səciyyələndirə bilərik. Ata, ilk növbədə, ailədaxili qanunları tənzimləyən və ailəni həyatın müxtəlif çətinliklərindən qorumaqla idarə edə bilən şəxsdir. O, öz ədaləti və iradəsi ilə ailədə böyüməkdə olan övladları, xüsusilə oğul üçün nümunəvi olan və onun gələcək həyatında meyar rolunu oynaya bilən Azərbaycan kişisi, ana isə namuslu qadın, ləyaqətli həyat yoldaşı, qayğıkeş, mərhəmətli ana, xanım-xatın, ailəcanlı, ismətli, yeri gələndə mərd və döyüşkən olmağı bacaran Azərbaycan xanımıdır. Ailənin digər üzvləri olan övladlar isə ata-ananın sözündən çıxmamaq, onların haqqını ömrün vəfası bitənə qədər uca tutmaq, ailə dəyərlərinə qarşı gəlməmək, nəticə etibarilə valideynlərinin fəxrinə çevrilməklə əsl azərbaycanlı ailəsini təşkil edirlər ki, bu nüanslar Azərbaycan xalqının milli dəyərlərində geniş şəkildə və ümumxalq formatında yaşamaqdadır. Böyüyə hörmət, böyüklük göstərmək və onu qorumaq kimi ailədə təlqin və tələb olunan yüksək keyfiyyətlərin Azərbaycan xalqında özünəməxsus şəkildə ifadə olunması da milli dəyərlərimizin əsas prinsiplərindəndir.

aile

Bəs milli dəyərlər deyəndə nə başa düşülməlidir?

Milli ideologiya, milli tarix, dil, milli mədəniyyət, mili ədəbiyyat, mili özünüdərk, milli əxlaq və ailə, bir sözlə, milli olan bütün mənəvi sərvətlər milli dəyərlərdir. Hər bir xalqın milli dəyərləri onun milli mənəviyyat göstəricisidir. Bu mənəviyyatın qaynaqlandığı mənbə isə milli tarix və onun gerçəklikləri, milli mədəniyyət, milli adət və ənənələrdir.

Mədəni-mənəvi kökümüzə qayıdış yolunda, milli mənəviyyatımızın təkcə forma baxımından deyil, həm də məzmun baxımından bərqərar olması uğrunda aparılan mübarizədə mətbuatın, televiziyanın rolu olduqca böyükdür. Qəzet və telekanallar yalnız məqalə və veriliş yayımı ilə kifayətlənməməli, paralel olaraq bu məqalə və verilişlərdə milli dəyərlərin təbliği və qorunmasına xidmət etməlidir.

Bütün siyasi, ictimai, mədəni, ədəbi proseslər, o cümlədən yayım prosesləri daim inkişafda və yenilənməkdədir. İstənilən inkişafın bazasında isə mütləq ümumbəşəri və qlobal elementlər dalğası hökm sürməyə can atır. Bu dalğanın törətdiyi fəsadlar isə istənilən prosesi milli kökündən, milli adət-ənənəsindən, milli mənəviyyatından  uzaq sala bilər. Məhz buna görə də kütləvi auditoriyası olan qəzet və televiziya, mütləq mənada, ümummilli ahəng üstündə köklənməli, yaradıcı güc, işlək qüvvə, jurnalist bazası daha çox milli dəyərlər kontekstində yüklənməlidir.

Yüksək dövlətçilik fəaliyyəti dövründə yalnız xalqımızın qayğıları ilə yaşamış, bütün ömrünü vətəninə və xalqına həsr etmiş ümummilli liderimiz Heydər Əliyev milli dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük dövlət xadimi olmaqla yanaşı, həm də öz mahiyyətinə, siqlətinə və dəyərinə görə milli sərvət olan kulturoloji irsin müəllifidir. Milli dəyərlərlə zəngin bu tükənməz irsin öyrənilməsi, təbliği, onun tətbiqi bu gün də aktualdır və sabah da aktual olaraq qalacaq. Ulu öndərin azərbaycançılıq fəlsəfəsinin, humanitar siyasətinin konseptual əsaslarını əks etdirən zəngin mədəniyyətşünaslıq irsinin və maarifçilik fəaliyyətinin tədqiqi, eyni zamanda mənimsənilməsi müasir qloballaşma dövründə xüsusilə əhəmiyyətlidir. Bu dövrdə məhz çoxəsrlik mədəniyyətimiz və milli dəyərlərimiz ulu öndərin qürur duyduğu azərbaycançılığımızı, milli kimliyimizi qoruyub yaşatmağa imkan verəcək zəmindir. Mədəniyyətimizin bütün dövrlərini və sahələrini əhatə edən Heydər Əliyev irsi, onun yaratdığı azərbaycançılıq ideologiyası məhz bu amala xidmət edən müstəsna dəyərdir.

Xalqımızın dahi oğlu Heydər Əliyevin milli dəyərlərimizin qorunması və intişarına, mədəniyyətimizin inkişafına yönəlmiş fəaliyyəti hələ sovet dönəmində respublikamıza rəhbərlik etdiyi dövrdən başlayır. Azərbaycanda 60-cı illərin sonu-70-ci illərin əvvəllərindən başlayaraq vüsət almış quruculuq işləri, ölkənin hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin milli təəssübkeşliyindən doğan əzəmətli fəaliyyətinin nəticəsidir. Dahi şəxsiyyət böyük qətiyyət və cəsarətlə, müdrikliklə, uzaqgörənliklə respublikamızın iqtisadi və sosial tərəqqisi ilə yanaşı, təhsil və mədəniyyətimizin prioritet sahə kimi inkişafına, milli mənliyimizin, ana dilimizin qorunmasına nail olmaqla milli dəyərlərimizin mənimsənilməsinə, yaşadılmasına müvəffəq oldu. Məhz ümummilli lider Heydər Əliyevin milli təəssübkeşliyi sayəsində və onun rəhbərliyi altında sovet dövründə respublikamızda əsl mədəni intibah başladı, incəsənətimizin müxtəlif sahələri inkişaf etdi, yeni, demokratik meyillər formalaşdı, sənətkarlarımızın əsərləri ümumittifaq və dünya səviyyəsinə çıxarıldı, ana dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə, təhsilimizə hərtərəfli qayğı göstərildi.

Faktlar və ümumiləşdirmələr xalqımızın böyük oğlu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi həmin illərdə milli dilimizin dövlət dili kimi rəsmən təsbit edilməsinin, mötəbər məclislərdə səslənməsinin, folklorumuzun və klassik yazılı abidələrimizin, xüsusən “Kitabi-Dədə Qorqud”un öyrənilməsinin mühüm ümummilli əhəmiyyətini bir daha aşkarlayır.

Tarix göstərdi ki, bütün bunlar milli mənlik şüurunu oyadaraq,  müstəqilliyimizi yetişdirən əsas amillərdən oldu, digər tərəfdən, müstəqilliyimizin ilk illərindən dövlət quruculuğu milli ideologiyanın yaradılmasını aktuallaşdırdı. Və bu tarixi-milli vəzifəni də məhz ulu öndər Heydər Əliyev yerinə yetirdi, dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmaq missiyasını öz üzərinə götürərək böyük uğurla həyata keçirməyə başladı. Görkəmli mədəniyyətşünas, filoloq alimlərimizdən olan Timuçin Əfəndiyev Heydər Əliyevin milli-mənəvi dəyərlərə münasibətini onun yaradıcısı olduğu azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsi kimi şərh edir. Onun yazdığı kitabda haqlı olaraq göstərilir ki, vətəndaşlıq idealını, dövlətçilik əqidəsini, millilik və digər mədəniyyətlərə açıqlığı, tarixi ənənə və tərəqqinin vəhdətini ehtiva edən azərbaycançılığın təməl anlayışlarından biri də xalqımızın eyni tarixi köklər, dil, mədəniyyət və mənəviyyat ortaqlığı ilə bağlandığı türk və islam dünyası ilə birliyinin prioritetliyidir. Türk xalqlarının birliyini, “bir millət – iki dövlət” formulu ilə ifadə olunan konseptual ideyasını ilk növbədə gerçək fəaliyyət, əməkdaşlıq, tərəfdaşlıq proqramı kimi təqdim edən Heydər Əliyevin bu birliyin ideoloqu və təşkilatçısı kimi həyata keçirdiyi tədbirlər, ümumtürk mənəvi sərvətləri olan ana dili, mədəniyyət abidələrimiz, ədəbiyyat və sənətimizlə bağlı imzaladığı fərmanlar, sərəncamlar bu baxımdan müstəsna rol oynamış tarixi hadisələr kimi şərh olunur. Haqqında danışılan kitabda göstərilir ki, islamı Azərbaycan xalqının, bütün müsəlmanların ən ali əxlaq mənbəyi hesab edən Heydər Əliyev bütün fəaliyyəti boyu milli-mənəvi və dini-əxlaqi meyarlara əsaslanır və bu meyarlar onun dövlət siyasətinin milliliyində və humanistliyində aşkarlanırdı. Azərbaycan mədəniyyətinin və mənəviyyatının təcəssümü olan klassik abidələrə və sənətkarlara həssas münasibət də ulu öndərin fəaliyyətinə xas keyfiyyət idi. Kitabda Füzulinin 500, “Kitabi – Dədə Qorqud”un 1300 illiyinin beynəlxalq miqyasda qeyd edilməsi, görkəmli sənətkarlarımızın yubileylərinin dövlət səviyyəsində keçirilməsi ümummilli əhəmiyyəti olan tədbirlər sırasında xatırlanır. Heydər Əliyevin mədəniyyət nəzəriyyəsinə xüsusi diqqət yetirən müəllif bunun prinsipial əsasları kimi dövlətçilik mövqeyini, azərbaycançılıq ideologiyasını qeyd edir. Burada ümummilli liderin çoxəsrlik milli mədəniyyətimizin konseptual məqamlarını dəqiq cizgilədiyi, öz dövlətçilik fəaliyyətində və mədəniyyət quruculuğunda istifadə etdiyi göstərilir. Bu anlamlar sırasında milli mənlik şüuru, ana dili, dini və milli-mənəvi dəyərlərə sadiqlik, əxlaq və ədalət, türk-islam birliyi, klassik irs və müasirlik arasında varislik, xəlqilik və bəşərilik kimi mühüm məsələlər sadalanır və təhlil olunur. Ulu öndər tərəfindən bir sıra yeni ənənələrin bərqərar edilməsi, qədim adətlərin və atributların bərpa olunması da milli kimlik şüuruna xidmət edən hadisələr kimi qiymətləndirilir.

Heydər Əliyevin hələ Naxçıvanda işləyərkən öz sərəncamı ilə milli bayrağa rəsmi status verməsi, Dünya Azərbaycanlılarının Həmrəylik gününün elan edilməsi, Novruz, Qurban bayramlarının yeni ruhda və dövlət səviyyəsində qeyd olunması və digər bu kimi qərarlar milli-mənəvi dəyərlərimizin qorunmasına və mədəniyyətimizin inkişafına yönəlmiş addımlar idi.

Timuçin Əfəndiyev ulu öndərin mədəniyyət sahəsində fəaliyyətinin geniş əhatə dairəsini, rəngarəngliyini də gerçək faktlar, sənədlərlə təsbitləyir. Kitabın müxtəlif fəsillərində Heydər Əliyevin incəsənətin müxtəlif sahələrinə dair dərin düşüncələri, konseptual müddəaları, şərhləri və həm də bütün bu sənət növlərinə və sənətkarlara diqqət və qayğısı geniş təsvir olunur.

 

Səyyar MƏMMƏDOV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir