gulare Rustemova

Türkiyədə yaşayan azərbaycanlı psixoloq: “Azərbaycanda valideyn məsuliyyətsizliyi çoxdur”

Baxış sayı: 754

Deyir ki, bədən heç nəyi unutmur. Uşaq vaxtı insanın aldığı travmalar, keçdiyi hansısa məşəqqətli sınaqlar və s. bu kimi problemlər arxiv kimi yığılır və hamısı insanın beynində şüuraltı olaraq saxlanılır. Hansısa situasiyalarda artıq bu problemlər özünü büruzə verməyə, mənfi təsirini göstərməyə başlaya bilir. Valideyn olan şəxslərin isə aldıqları travmalar, artıq uşaqlarında öz mənfi təsirini göstərir. Buna görə də, valideynlər diqqətli olmalı və bu məsələni vaxtında həll etməlidirlər.

Ümumilikdə, valideynlərin uşaqlarla bağlı diqqətli davranmalı olduğu məsələlər çoxdur. Onların bir qismi ilə bağlı Türkiyədə yaşayan azərbaycanlı perinatal və uşaq psixoloqu, uşaq inkişafı üzrə kitab müəllifi Gülarə Rüstəmova ilə söhbətləşdik.

 

– İlk olaraq valideyn olmağa hazırlıqdan danışaq. Sizcə, cütlüklər ata-ana olan zaman valideynliyə nə dərəcədə hazır olurlar?

– Öncə onu bildirim ki, mən uzun illərdir Azərbaycandan uzaq qalsam da, ölkədə olan anaları, uşaqları konsultasiya edirəm, xəbərləri izləyirəm, baş verən proseslər haqqında məlumatlıyam. Deyim ki, Azərbaycanda valideyn məsuliyyətsizliyi çoxdur. Valideynlərin, öz uşaqlıqlarından gələn müəyyən travmaların uşaqlarının həyatlarında təsirini görürük. Burda sual ortaya çıxır: Ana-atalıq hissi nə zaman yaranır? Bu hisslər genetik olaraq keçir, yoxsa sonra formalaşır? Son tədqiqatlar göstərir ki, heç kəs ata-analıq hissləri ilə doğulmur və bunlar genetik olaraq da keçmir. Bu xüsusiyyətlər hər insan tərəfindən fərdi olaraq yetişdirilməlidir. Məsələn, maşın sürmək üçün insanlar xüsusi sürücülük kurslarına gedirlər. Yaxud evə hansısa cihaz alırıqsa, təlimatını öyrənməyi vacib bilirik. Cansız, qətiyyən hissləri, duyğuları olmayan əşyalardan düzgün istifadə üçün biz hansısa kursa gedir, təlimatlar öyrənirik. İnsan hansısa təlimat keçmədən sükan arxasına oturmağa qorxar, elə deyil? Amma insan körpəyə baxmaq, onunla necə davranmaqla bağlı kurslara getməyi heç də hər zaman vacib bilmir. Yalnız fiziki cəhətdən baxmağı nəzərdə tutmuram. Yəni onun yedizdirmək, altını dəyişdirmək, masaj etmək və s. yox, psixoloji cəhətdən uşağa necə yanaşmaq lazım olduğunu da bilmək lazımdır. Uşağa psixoloji yanaşmanın necə olmasını öyrədəcək bəlli kurslar var. Düzdür, çox azdır, amma var.

 

– Bu cür kurslar bizdə daha çox analara fokuslanıb, bəs ata?

– Hər ölkədə bununla bağlı yanaşma fərqlidir. Məsələn, Avropa ölkələrində xüsusi məktəblər var və onlar mütləq şəkildə valideyn olmadan öncə bu işə məsuliyyətlə yanaşıb xüsusi məktəbləri, hansısa kursları keçirlər. Rusiyada analar hamiləlik vaxtı kurslara gedirlər. Mən Birləşmiş Ərəb Əmirliklərində də yaşamışam. Orda ataların, uşaqların nəinki tərbiyəsinə, eyni zamanda qulluğuna belə cəlb olunması təcrübələri istifadə olunur. Atalar, məsələn, hamilə həyat yoldaşları ilə bərabər kurslara gəlirlər, qadına dəstək olmaq, valideyn kimi özlərini yetişdirmək üçün məlumatlı olmağa çalışırlar.

 

– Valideynlik üçün öncədən nəyisə öyrənməklə bağlı söhbət müzakirə mövzusu olanda, “əvvəllər kurs, məktəb yox idi, biz ata-ana olmurduq?” kimi fikirlər səsləndirənlər az olmur.

– Həmin dövrlərdə qızlar bu təcrübəni analarından, oğlanlar da atalarından alardılar. Yaxud ailələr çoxuşaqlı olurdu, bu zaman böyük uşaqlar kiçiklərə baxardılar və onunla bir növ, ilkin valideynlik təcrübəsi qazanmış olurdular. İndiki ailələrdə uşaqların sayı o qədər də çox deyil. Valideynlərin özlərinin davranışları düzgün olmadığı halda, təbii ki, uşaqların da onlardan öyrəndikləri davranışlar yanlış olacaq. Əgər vaxtilə ana uşağın tərbiyəsində döyməyi, söyməyi bir cəza olaraq istifadə edibsə, uşaq da bunu o cür öyrənib. O uşaqlar istəməsələr belə, eyni davranışı sərgiləyirlər. Valideynləri tərəfindən döyülüb-söyülməklə tərbiyə edilən gənclər fikirləşirlər ki, məni uşaq vaxtı döyüblər, amma mən döyməyəcəyəm, məni alçaldıblar, amma mən alçaltmayacağam. Təəssüf ki, ailə qurandan, uşaqlar doğulandan sonra eyni ssenari təkrarlanır və valideynlər eyni şəkildə davranmağa başlayırlar və deyirlər: “Məni döydülər, söydülər, adam olmadım? Tərbiyəsiz deyiləm, yetişdim, ali təhsilli adam oldum və s”.

– Valideynin ali təhsilli olması mövzusuna toxunaq. Bu, valideynə hansı üstünlüyü qazandırır?

– Ali təhsil yaxşı valideyn olmaq üçün yetərli deyil. Əgər insan öz üzərində işləyirsə, uşaq tərbiyəsi ilə bağlı kitablar oxuyursa, özü üçün araşdırma aparırsa, hansısa kursları keçirsə, onun uşaqlarına yanaşması da tamamilə fərqli olur. Əgər valideynlər məsuliyyətli davranarlarsa, “ailə qurduq, bizi necə böyütdülər, biz də birtəhər böyüdərik” kimi yanaşmazlarsa, hər mənada daha sağlam övladlar yetişdirə bilərlər. Qadının hamilə qaldığı andan, uşağın 3 yaşına kimi psixikasının formalaşması cəhətdən xüsusilə həssas dövrdür. Təəssüf ki, məhz həmin dövrdə valideynlər uşaqlara daha çox travmalar yaşadırlar. Təbii ki, bu travmaları ömrü boyu uşaqlar özləri ilə gəzdirirlər. Ola bilər ki, bu, müəyyən dövrdə hiss olunmaz, amma hardasa beyində gizli şəkildə qalır və böyüdükcə o travmalar bir-bir özünü büruzə verməyə başlayır və insanların həyatına təsir edir. Onların özünəinamına, sosiallaşmasına, cəmiyyətə uyğunlaşmasına, insanlarla münasibətlərinə öz əksini göstərir.

 

– Oxuyub-öyrənməyən valideynlərdə ana-atalıq təcrübəsi məhz birinci uşaqda yaranır. Valideyn məlumatsızdırsa, bu, özünü ilk uşaqda necə göstərir?

– Valideynlər, əgər hansısa kurslar keçməyiblərsə, məlumatsızdırlarsa, birinci uşaq doğrudan da böyük təcrübə olur və böyük uşaqlar ona görə daha çox stress yaşayır, nəinki ikinci uşaqlar və digərləri. Məsələn, bizim “Telegram” kanalında analar həmişə öz təcrübələrini paylaşırlar. Bu mövzuda da müzakirələr olub. Təcrübə göstərir ki, valideynlər, xüsusilə birinci uşaqlar üzərində təcrübə qazandıqlarına görə, evin böyük övladının travmaları həmişə daha qalıcı, daha təsirli olur. Böyük uşaqların üzərində məsuliyyət olduğuna görə, onlar, adətən, ikinci uşaq doğulandan sonra diqqətdən kənar qalırlar və bizdə artıq o uşaqlara böyük kimi baxılır. Onun üzərinə “böyük bacı”, “böyük qardaş” məsuliyyəti qoyulur. O, uşaq olsa da, ona uşaq kimi baxılmır, diqqətdən, sevgidən yayınır. Bu da uşaq böyüyəndə öz təsirini göstərir.

 

– Bir az şablon səslənəcək, amma valideynlik üçün yaş amili də tez-tez müzakirə mövzusu olur.

– Burda yaşın heç bir əhəmiyyəti yoxdur. Yəni 30-40 yaşına gələn adamlar var ki, düşüncələrinə görə qətiyyən yetkin deyillər. “Yetkin” deyəndə, düşüncəli bir insanı nəzərdə tuturuq. Yetkin olmayanlar isə fiziki olaraq böyüyüblər, amma hansısa yaş dövründə travma olub, həmin yaşda qalıblar. Bu cür valideyn çoxdur və onun nəticəsidir ki, biz cəmiyyətdə eyni şəkildə yetkin olmayan uşaqları da görürük. Mütləq şəkildə insan həm savad, həm psixoloji cəhətdən öz üzərində işləməlidir. Tutaq ki, mən hansısa psixoloji problemim olduğunu hiss edirəmsə, vaxtında psixoloqa müraciət etməliyəm. Normal insan hansısa problemlə üzləşdiyi zaman psixoloqa müraciət edər və psixoloq ona özünü başa düşməyə, travmalarını anlamağa kömək edə bilər. Nəticə etibarilə onun travmaları ailəsində özünü göstərmir.

 

– Bəzən deyirlər ki, 30 yaşa qədər valideyn olmaq yaxşıdır, yoxsa sonra adamın səbri çatmır, bəzən isə belə fikirlər səsləndirilir ki, 30-dan sonra valideynlər uşaqlarla daha təmkinli davranırlar…

– Səbir anlamının da yaşa aidiyyəti yoxdur. İnsanlar fərqli mühitdə yaşamağa alışıblar. Məsələn, elə adamlar var ki, çoxuşaqlı ailədə böyüyüb və onun üçün səs-küyün olması normaldır. Elə insanlar var ki, yeganə uşaq olub, valideynlər işləyib, evdə həmişə sakitlik olub. Əgər uzun müddət insan tək yaşayıbsa və sakit mühitə alışıbsa, onun üçün bir uşağın doğulması da problem olacaq. Əgər uşaq səs-küylü ailədə böyüyübsə, onun üçün səs-küyün olması normaldır, hətta səs-küylü ailələri sevir. Mən səs-yüklü ailədə böyümüşəm və bu gün 5 uşaq anasıyam. Bu, başqalarına kənardan çətin gələ bilər, amma məni səbirsiz, narahat etmir. Yəni yalnız səbir deyil, insanın böyüdüyü mühit də önəmlidir.

 

– Məişət zorakılığı ilə bağlı məsələlər gündəmə gələndə, ailələrdə uşaqların, xüsusilə oğlan uşaqlarının necə yetişdirilməsi məsələsi müzakirə olunur. Uşaqları necə böyütmək lazımdır ki, gələcəkdə məişət zorakılığına məruz qalmasın, zorakılıq etməsin?

– İki yaşında – təqlid dönəmində də uşaqlar ailədə zorakılığı görürlər. Əgər ata anaya əl qaldırırsa, oğlan uşağı düşünə bilər ki, mən heç vaxt həyat yoldaşıma əl qaldırmayacağam, çünki anasının əziyyətini görüb. Amma bunlar şüuraltı olduğuna görə, müəyyən bir müddətdən sonra özü ailə quranda və hansısa problemlər yarananda, birinci onların əl atdığı davranış uşaqlıqda gördükləri olur. Bunun olmamağı üçün insanın kifayət qədər yetkin olması lazımdır, yəni özünü hərəkətlərini, davranışlarını düşüncəli şəkildə idarə edəcək səviyyəyə çatdırmalıdır. Biz tərbiyəni valideynlərdən alırıq, amma sonra insanın öz üzərində işləməsi çox vacibdir. Özünütərbiyə vacib məqamdır. Valideynlərdən ayrılandan sonra özümüz özümüzü tərbiyə edirik. Özünü tərbiyə edən şəxs “atam anama əl qaldırıb, amma mən yoldaşıma şiddət göstərmərəm” deyir və həqiqətən də buna yol vermir. Valideynlər öz üzərilərində işləməli və maksimum dərəcədə uşaqların qarşısında problemlərini çözməməlidirlər. Məsələn, valideynlər yüksək tonda söhbət edə bilərlər, amma bu, uşaqların qarşısında olmamalıdır. Əks halda bu, öz mənfi təsirini göstərir. Məsuliyyətli valideyn belə hallarda başqa otağa keçməli, uşaq eşitməyəcəyi yerdə, elə bir şəkildə danışmalıdır ki, uşaq bunları duymasın. Zatən uşaqlar hiss edir, amma biri var ki, onun qarşısında anasını döyürlər, alçaldırlar, yaxud əksinə ata hansısa sözlərlə təhqir edirlər və s. Bu halda valideynin nüfuzu uşağın yanında itir. Döyülən, alçaldılan valideyni uşaq da dinləməyəcək. Ona görə, valideynlər ailədə hörməti saxlamağa çalışmalıdırlar.

 

– Bir çox hallarda kişilər “mən işdə oluram, uşaqların tərbiyəsi ilə anası məşğul olur” deyirlər. Bu zaman tərbiyədə əksik qalan nə olur?

– Bizdə kişilər, adətən düşünür ki, işləyirəm, pul qazanıram, uşağa ana baxmalı, ana tərbiyə etməlidir. Bu nümunələr də kifayət qədər çoxdur. Deməli, atalar bir çox hallarda uşağın tərbiyəsində qüsurlar əmələ gəldiyi zaman onu ananın tərbiyəsinə bağlayırlar, tərifə layiq olduğu halda isə özünə oxşadığını deyirlər. Əgər uşağı qadın tərbiyə edibsə, tutaq ki, məktəbdən uşaqla bağlı şikayət gəlirsə, “sənə oxşayır, sən tərbiyə etmisən” kimi fikirlər də səsləndirirlər. Bu, məsuliyyətsiz valideyn etiraflarıdır. Məsuliyyətli valideyn anlayır ki, həm ata, həm də ananın uşağın üzərində təsiri var. Tək psixoloji deyil, uşağa qulluq cəhətdən də atanın rolu böyük olmalıdır. Son tədqiqatlar göstərir ki, ataların uşaqları ilə körpəlikdə olan ünsiyyəti, onların gələcəkdəki münasibətlərinə təsir göstərir. Anaları bilirdik, amma indi ata amili xüsusi vurğulanır. Uşağı maraqlandırmır ki, ata nə qədər müddət işlədi, nə qədər qazandı və s. Uşağı maraqlandıran odur ki, ata onunla nə qədər vaxt keçirdi, onunla oynadımı, öpdümü, sarıldımı, güldümü? Cəmiyyətdə sorğu aparsanız, görərsiniz ki, oğlan uşaqlarının çoxu uşaq vaxtı ata sevgisini hiss etməyib. Oğlan uşaqlarına “kişidir, onu öpüb qucaqlama”, “kişi ağlamaz” kimi yanaşıblar. Qız-oğlan, fərq etmir, onların hər birinin sevilməyə, şəfqətə, qəbul olunmağa ehtiyacı var. Valideynlər tərəfindən tam şərtsiz sevilən və qəbul olunan uşaqlar özlərinə daha əmin və inamlı olurlar. İnsanların danışdığı, ünsiyyət üçün seçdikləri o qədər dil var ki. Amma dünyanın harasında olursunuzsa olun, uşaqlar bir dil başa düşür, o da sevgi dilidir. Sonda sovet psixoloqu D.Elkoninın sözlərini qeyd etmək istərdim: “Uşaqda meydana gələn ilk ehtiyac, başqa bir insana olan ehtiyacıdır. Uşaq yalnız bir yetkinin yanında inkişaf edərək insan ola bilər”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir