Efsane R

“Anasından böyük qız” – “NATAMAM”

Baxış sayı: 1. 462

İçəri yaşı çox, ruhu yaşına ayaq uydurmayan bir xanım daxil oldu. Bir an elə bildim ki, 1 saniyənin içində bütün həyatın danışmağı bacaracaq indiki həyəcanı ilə… Gülümsəyib əyləşməsi üçün yer göstərdim. Otaqdan çıxdım ki, “özünə yer tapa bilsin”. Nəfəsin dərdiyini uzaqdan müşahidə edib qayıtdım otağa. Mənə nə isə danışmaq üçün bir “Başla!” işarəmi gözləyirdi sanki..

Gözəlcə salamlaşıb “Buyurun” deyə işarə etdim və həmin gün sadəcə o qadın danışdı…

“Əvvəlcədən deyim ki, mən ali təhsilsizəm. Ola bilər ki, özümü yaxşı ifadə edə bilməyim. Buna görə öncədən üzr istəyirəm.

Yəqin bu yaşda birinin bura niyə gəldiyi sizə də maraqlıdır. Mənim adım Azadədir, 38 yaşım var. Əslən bakılıyıq. Atam mən 7 yaşım olanda başqa birinə qoşulub gedib xaricə, öz həyatını xilas edib. Anam bizi böyütmək üçün dəridən-qabıqdan çıxıb. Təhsilsiz qadının o dönəmdə hardasa işləməsi özlüyündə bütün mental qamçıları yeməyə hazır olması demək idi.  Çünki iş çıxışında onu gözləyən bir kişinin olmadığının hamı tez fərqinə varırdı. Həyat tərzi olaraq necə biridir bilmirəm. Onu bilirəm ki, məcbur oldu.. Bizi uşaq evinə atıb intihar etmək yerinə birinin qanadının altına sığındı. Lakin sığındığı liman şərəfsiz çıxdı. Üzr istəyirəm ifadəmə görə. Anamın “qiymətinin” nə olduğunu deyə bilmərəm bəlkə, amma içimdəki hissiyyat məni ona qarşı düşmən olmağa qoymadı… Çox istəyirəm yəni anamı. Sonra adın da deyə bilmirəm e, o xəstəliyin, o zibildən dünyasını dəyişdi. Anam öləndə heç 40 yaşı olmamışdı. 1 il qalıb, dr. Bir il sonra o yaşa gələcəm. Və mən anamdan daha böyük olacağımı düşünəndə ölmək istəyirəm… Adam da anasından böyük olar?!

Olmaz, elə deyil?! Mən yaşamaq istəmirəm, dr. Heç yaşamaq istəmirəm. Dərdlərimlə sizin də vaxtınızı alıram, bilirəm. Amma mən danışsam, elə kimin qızı olduğumu bilən kimi qaşı yuxarı qalxan adamlardan başqasına rastlamamışam. Siz isə mənim sözümü kəsmədən dinləyə bilirsiniz.

Qızım da eyni taleyi yaşamasın deyə heç evlənmədim mən. Buna görə də canım xəstə düşüb. Tək təsəllim odur ki, heç bir uşağıma kirli bir tarixçə qoyub həyatların məhv eləmədim. Anamı qınamıram, o təhsilsiz qadın idi və özünü yaxşı ifadə edə bilmirdi.”

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir